Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Media Savadlılığı” Həftəsi çərçivəsində İntellektual Könüllülər Liqası keçirilib.
İntellektual Könüllülər Liqasında ümumilikdə 100 könüllü gənc iştirak edərək 11 komanda şəklində iki tur üzrə bilik və bacarıqlarını sınayıblar. Birinci tur dünyagörüşü və ümumi intellektual bilikləri əhatə edib. İkinci tur isə media və informasiya sahəsinə dair mövzular üzrə keçirilib.
Sözügedən intellektual yarış gənclərin analitik düşünmə, tənqidi yanaşma və komandada işləmək bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, media mühitində məlumatlara düzgün yanaşma vərdişlərinin formalaşdırılması məqsədi daşıyıb.
Qeyd edək ki, 15–22 dekabr tarixlərini əhatə edən “Media Savadlılığı” Həftəsinin əsas məqsədi cəmiyyətdə media savadlılığının artırılması, dezinformasiya ilə mübarizə sahəsində maarifləndirmənin gücləndirilməsi, həssas istifadəçi qrupu hesab edilən yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müxtəlif tərəflər arasında əməkdaşlığın genişləndirilməsidir.



















