AZ

Polislərin maaşı bu qədər artacaq...


Şəmsəddin Əliyev: “Artım polisin sosial müdafiəsini təmin etməklə, ölkənin daxilində sabitlik təmin olunacaq”

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib. Bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarda qeyd edilir.

Bu Qayda polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən büdcədənkənar vəsaitdən istifadə qaydasını müəyyən edir.

Məlum dəyişiklik polis əməkdaşlarının sosial həyatına, qanuni pul gəlirinə necə təsir edəcək?

“Cəmiyyətin təhlükəsizliyinin, dövlətin müdafiə qüdrətininqorunması polisin çiynindədir, bu istiqamətdə polisin xidməti danılmazdır”

"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gecikmiş qərar olsa da, təqdirəlayiqdir: “Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 1991-ci ildən bəri polis ölkədə təhlükəsizliyin təmin olunması, hüquq və azadlıqların müdafiəsi, yerli və xarici vətəndaşların həyat və təhlükəsizliyi istiqamətində normadan artıq işlər görür. Danılmaz faktdır ki, Azərbaycan polisi 8 saat deyil, 12, hətta 24 saat belə iş başında olur. Məlumat üçün deyim ki, Birinci Qarabağ müharibəsində polislərimiz misilsiz qəhrəmanlıqlar göstərdi. O vaxt silah-sursat, hərbi təchizat çox aşağı səviyyədə idi, amma döyüşmək əzmi, rus yüksəkliyi vardı. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan polisi sırasında 67 Milli Qəhrəman (Birinci Qarabağ Müharibəsi), orden və medallarla təltif olunanlarımız var. Bu məlumatları cəmiyyətin bir qismi bilmir”.

Həmsöhbətimizin dediyinə görə, bu gün Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatında 15 il çalışan, mayor rütbəsində olan şəxs 950 manat əmək haqqı alır: “Ancaq yerlərdə çalışan mayor rütbəli şəxslər 100 manat artıq məvacib alır. Nəzərə almaq lazımdır ki, polis ailəsində bir və ya iki nəfər ödənişli təhsil alırsa, o ailələrin vəziyyəti bir az da çətinləşir. Bu səbəbdən də polisin əmək haqqının artırılması çox zəruridir. Hesab edirəm ki, artım polisin sosial müdafiəsini təmin etməklə, ölkənin daxilində sabitlik təmin olunacaq. Polislərin əmək haqqının artması təqdir olunmalıdır. Bununla yanaşı, polis əməkdaşları dövlət tərəfindən mənzillə təmin olunmalıdır. Həmin əmək haqqı ilə ipoteka ilə mənzil almaq heç də asan deyil”.

Ş.Əliyev onu da əlavə də etdi ki, prokurorluq, ədliyyə, məhkəmə və digər sistemlərdə çalışanların əmək haqqı polisdən yüksəkdir: “Bəzən belə fikirlər, ifadələr səslənir ki, polisin şəxsi heyəti çoxdur, ona görə büdcədən həmin istiqamətə vəsait ayırmaq çətindir: “Ancaq nəzərə almaq lazımdır ki, bütün dünya ölkələrində polis şəxsi heyətinin sayı çoxdur. Nəzərə almaq lazımdır ki, cinayətkar aləm ölkənin kriminogen durumunu hər an dəyişə bilir. Cəmiyyətin təhlükəsizliyinin, dövlətin müdafiə qüdrətininqorunması polisin çiynindədir. Bu istiqamətdə polisin xidməti danılmazdır. Azərbaycan polisi çox iş görür”.

Günel CƏLİLOVA

Seçilən
53
baki-xeber.com

1Mənbələr