AZ

Bəzi deputatların özləri qanunu dəqiq bilmir və onlara elə gəlir ki, qanunda hansısa ciddi dəyişiklik var

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Son günlər Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı əməkhaqqının ödənilməsi qaydalarında yeniliklər nəzərdə tutulur. Təklif olunan yeniliklərə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir. Eyni zamanda işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq olduğu halda aylıq əməkhaqqı avans və qalan hissə olmaqla iki hissəyə bölünərək, on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə də verilə bilər. Bu dəyişiklik bəzi hallarda Azərbaycanda əməkhaqqının artıq ayda iki dəfə veriləcəyi kimi təqdim edilsə də, əslində söhbət məcburiyyətdən deyil, tərəflərin razılığı əsasında mümkün olan bir mexanizmdən gedir.Təklif edilən dəyişikliklərdən sonra əməkhaqqının ayda iki dəfə verilməsi geniş yayılacaqmı, yoxsa bu, yalnız rəsmi razılaşma əsasında məhdud hallarda tətbiq ediləcək?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına vəkil Əkrəm Həsənov bildirib ki, Milli Məclisin rəsmi saytında bu məsələ ilə bağlı hər hansı qanun layihəsinə rast gəlmədim.

Əkrəm Həsənov

“Bu, həmişə belə olub. Əmək Məcəlləsində aydın şəkildə qeyd olunur ki, əməkhaqqı işçiyə ayda bir dəfə ödənilməlidir. Eyni zamanda tərəflərin qarşılıqlı razılığı əsasında maaşın ayda iki dəfə - avans və əsas hissə şəklində ödənilməsi də mümkündür. Burada heç bir yenilik yoxdur.

Azərbaycanda əsas problem nədən ibarətdir? Mən indi Milli Məclisin rəsmi saytına daxil oldum, amma bu məsələ ilə bağlı hər hansı qanun layihəsi görsənmir. Ola bilər ki, həmin maddələr fərqli redaktə ilə təqdim edilir, amma mahiyyət dəyişmir - sadəcə texniki bir dəyişiklikdir. Buna baxmayaraq, jurnalistlərə bu, yenilik kimi təqdim olunur. Jurnalistlər isə hüquqşünas olmadıqları üçün təbii ki, məsələnin incəliyini bilmirlər.

Ən maraqlısı da odur ki, bəzi deputatların özləri də qanunu dəqiq bilmir. Onlara da elə gəlir ki, burada hansısa ciddi dəyişiklik var. Halbuki qanun layihəsi Milli Məclisə daxil olan kimi rəsmi saytda dərc edilməlidir ki, biz mütəxəssislər də girib baxa bilək, nəyin dəyişdiyini anlayaq. Çox zaman mənə zəng edib deyirlər ki, bu və ya digər qanunda yenilik olacaq. Araşdıranda görürəm ki, əslində heç bir dəyişiklik yoxdur” , – deyə Əkrəm Həsənov vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
icma.az

1Mənbələr