AZ

NBC: ABŞ-də Ukrayna danışıqları üzrə vasitəçi rolu uğrunda rəqabət kəskinləşir...

Marko Rubio ilə Stiv Uitkoff arasında fikir ayrılığı Tramp administrasiyasında daxili gərginliyi üzə çıxarır...

ABŞ dövlət katibi Marko Rubio ilə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna ilə bağlı danışıqlarda əsas fiqur olmaq uğrunda rəqabət aparır.

Poliqon xəbər verir ki,bu barədə NBC telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Marko Rubionun noyabrın 23-də İsveçrədə Ukrayna rəsmiləri ilə keçiriləcək görüşdə iştirak etməsi planlaşdırılsa da, Stiv Uitkoff Dövlət Departamentini əvvəlcədən xəbərdar etmədən daha tez Cenevrəyə yollanıb. Buna baxmayaraq, Rubio da sonradan Cenevrəyə çatıb və görüşdə iştirak edib. NBC bu hadisəni Tramp administrasiyasındakı iki yüksək vəzifəli şəxs arasında uzun müddətdir mövcud olan parçalanmanın növbəti nümunəsi kimi qiymətləndirib.

Mənbələrin bildirdiyinə görə, Rubio və Uitkoffun Ukrayna məsələsinə yanaşmaları kəskin şəkildə fərqlənir. Stiv Uitkoffun Kiyevə təzyiq göstərərək ərazi və siyasi güzəştlərə razı salmağa çalışdığı iddia olunur. Marko Rubio isə əksinə, Rusiya üzərində təzyiqin artırılmasını və Putini Ukraynanın təhlükəsizliyinə dair real zəmanətlər verməyə məcbur etməyi müdafiə edir.

NBC qeyd edir ki, bu ziddiyyətlər administrasiya daxilində ciddi narazılıqlara yol açıb. Tənqidçilər Stiv Uitkoffu Rusiyanın maraqlarına xidmət edən bir fiqur kimi dəyərləndirir və onu “Rusiya üçün hədiyyə” adlandırırlar. Onların fikrincə, Uitkoffun təklif etdiyi kompromislər Moskvanın mövqelərini gücləndirə bilər.

Bununla yanaşı, ABŞ Dövlət Departamenti yayılan məlumatları təkzib edərək Rubio ilə Uitkoff arasında hər hansı açıq münaqişənin olmadığını bildirir. Rəsmi Vaşinqtonun mövqeyinə görə, söhbət yalnız taktiki yanaşmalardakı fərqlərdən gedir və Ukrayna ilə bağlı ümumi strateji məqsədlər dəyişməz qalır.

Poliqon.info

Seçilən
63
poliqon.info

1Mənbələr