AZ

Hidrogen Yer kürəsini iqlim böhranından xilas etmir, əksinə vəziyyəti ağırlaşdırır

Alimlər hidrogenin qlobal istiləşmədə dolayı, lakin mühüm rol oynadığını bildirirlər...

Uzun müddətdir iqlim böhranının mümkün həlli kimi təqdim olunan hidrogen əslində qlobal istiləşməyə mənfi təsir göstərir. 

Poliqon xəbər verir ki,bu barədə “Nature” jurnalında dərc olunan yeni elmi araşdırmada qeyd olunur. ScienceAlert-in yazdığına görə, hidrogen özü çirkləndirici qaz sayılmasa da, atmosferdə digər istixana qazlarının təsirini gücləndirməklə Yer kürəsində temperatur artımına töhfə verir.

Hidrogenin tərəfdarları hesab edirlər ki, gələcəkdə onun nəqliyyatda və ağır sənayedə geniş istifadəsi mümkün olacaq və bu, yalnız su buxarı buraxdığı üçün fosil yanacaqlara təmiz alternativ yarada bilər. Lakin alimlər müəyyən ediblər ki, hidrogen atmosferdə güclü istixana qazı olan metanın daha uzun müddət qalmasına şərait yaradır və bu yolla qlobal temperaturun artmasına səbəb olur.

Araşdırmanın nəticələrinə görə, 1990–2020-ci illər arasında hidrogen emissiyaları əhəmiyyətli dərəcədə artıb. Bu artım hidrogenin qlobal orta temperaturun ümumi 1,5 dərəcə Selsi yüksəlməsində təxminən 0,02 dərəcə Selsi paya malik olmasına gətirib çıxarıb. Alimlər vurğulayırlar ki, bu göstərici kiçik görünsə də, iqlim sistemi üçün əhəmiyyətli hesab olunur.

Mütəxəssislər bildirirlər ki, təhlükəsiz və dayanıqlı “hidrogen iqtisadiyyatı” qurmaq üçün qlobal hidrogen dövriyyəsinin və onun qlobal istiləşmə ilə əlaqələrinin daha dərindən öyrənilməsinə ehtiyac var. Araşdırma göstərib ki, hidrogen emissiyalarının artması əsasən insan fəaliyyəti ilə bağlıdır və bu proses fosil yanacaqların yandırılması və heyvandarlıq nəticəsində yaranan metan emissiyalarının artması ilə sıx əlaqəlidir. Çünki metan atmosferdə parçalanarkən hidrogen əmələ gətirir.

Alimlərin sözlərinə görə, hidrogen atmosferdə metanı parçalayan təbii “təmizləyici” mexanizmləri zəiflədir. Nəticədə metan daha uzun müddət atmosferdə qalır və istiləşməni davam etdirir. Bundan əlavə, hidrogenin bu təbii mexanizmlərlə qarşılıqlı təsiri buludların formalaşmasına, həmçinin ozon və stratosfer su buxarı kimi digər istixana qazlarının yaranmasına da təsir edir.

Atmosferdə hidrogenin digər mühüm mənbəyi onun sənaye üsulu ilə istehsalı zamanı yaranan emissiyalardır. Hidrogen suyun elektrolizi yolu ilə əldə oluna bilər, lakin hazırda əsas istehsal üsulu təbii qaz və ya kömürdən istifadə etməklə həyata keçirilir ki, bu da böyük həcmdə karbon qazı emissiyasına səbəb olur. Bərpa olunan enerji mənbələri hesabına “təmiz hidrogen” istehsalı əsas məqsəd kimi göstərilsə də, bu texnologiya hələlik olduqca bahalıdır.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr