AZ

Batkadan “bığ”lı MESAJ – Nə demək istədi? 

Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti zamanı diqqətçəkən bir jestlə gündəmə gəlib.

Rəsmi tədbir çərçivəsində Lukaşenkonun bığını düzəltməsi kameralara tuş gəlib və bu an sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Qeyri-rəsmi sammit formatı liderlər arasında daha sərbəst ünsiyyət və protokoldan kənar anlar ilə seçilir.

Bu davranışı siyasi və diplomatik kontekstdə necə qiymətləndirmək olar? Bu hərəkətlə hansı mesajı verə bilər?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, post-sovet məkanında, yəni bu gün müstəqil olan dövlətlər arasında hələ də hakimiyyətdə qalan sonuncu mogikan Belarus Prezidenti Aleksandr Lukaşenkodur:

“Müstəqillik əldə edilən ilk illərdən etibarən post-sovet ölkələri arasında hakimiyyətini ən uzun müddət qoruyub saxlayan siyasi lider məhz odur. Onunla eyni dövrdə hakimiyyətə gələn bütün dövlət başçıları artıq siyasi səhnəni tərk ediblər. Bu baxımdan Lukaşenko post-sovet məkanının sonuncu mogikanı hesab olunur. Təbii ki, bu faktın özü müəyyən siyasi mesajlar daşıya bilər. Məlum olduğu kimi, son günlərdə Lukaşenko atdığı bir sıra addımlarla diqqəti yenidən üzərinə cəlb etməyə nail olub. O, ölkəsində 120 siyasi məhbusu azadlığa buraxıb və bununla da Avropa İttifaqı tərəfindən müəyyən qədər müsbət qarşılanıb, dəstək qazanıb”.

Cavanşir Abbaslı

Abbaslının sözlərinə görə, məhz bu proseslərin fonunda post-sovet məkanına daxil olan ölkələrin dövlət başçılarının zirvə toplantısında, Putinin çıxışı zamanı Lukaşenkonun nümayiş etdirdiyi bu cür jest — yəni siyasi mesaj xarakterli davranış — diplomatik kontekstdə xüsusi diqqətlə dəyərləndirilə bilər:

“Bununla belə, Lukaşenko ilə Rusiya arasındakı münasibətlərin nə dərəcədə yaxın olduğu heç kəs üçün sirr deyil. Lukaşenko Ukrayna müharibəsi Putin tərəfindən başlandıqdan sonra ona açıq şəkildə dəstək verən, sona qədər Rusiyanın yanında duran və bu işğalçı müharibəyə dolayısı ilə haqq qazandıran azsaylı ölkə rəhbərlərindən biri kimi tanınır. Lakin buna baxmayaraq, hesab edirəm ki, onun 120 siyasi məhbusu azad etməsi və Qərbə yönəlik addımlar atmasının ardınca bu cür müzakirələrə səbəb olacaq davranış sərgiləməsi heç də təsadüfi deyil. Görünən odur ki, Lukaşenko artıq yalnız Rusiya tərəfdən çıxış etməyin siyasi baxımdan yanlış olduğunu tədricən dərk etməyə başlayır. Bu səbəbdən də Qərbə açıq mesaj verir ki, onu yalnız Putinin ən yaxın müttəfiqi, Rusiyanın əsas dayaqlarından biri kimi qəbul etməsinlər”.

Siyasi şərhçi qeyd edib ki, ehtimal etmək olar ki, Lukaşenko balanslı siyasət yürütməyin vaxtının çatdığını anlayır:

“Məhz buna görə də ard-arda siyasi məhbusların azadlığa buraxılması, Avropanın müəyyən qədər rəğbətini qazanmaq cəhdləri və paralel şəkildə Qərbə yönəlik jestlər müşahidə olunur. Gələcək proseslər bu siyasətin nəticələrini daha aydın göstərəcək. Lakin istənilən halda bu cür davranışların təsadüfi olmadığını söyləmək mümkündür. Xüsusilə də siyasətin ustalarından biri kimi tanınan və “Batka” ləqəbi ilə məşhur olan Lukaşenko kimi bir fiqurun ciddi siyasi səhvə yol verməsi ehtimalı son dərəcə azdır”.

Seçilən
48
nocomment.az

1Mənbələr