AZ

“Əgər o, həmin şəxsləri təhsil eksperti kimi saymırsa, niyə ən başda əyləşdirir?!”

“İndi ekspertlər dövrüdür. Kiminsə ekspert kimi fəaliyyət göstərməsinə heç bir qadağa yoxdur. Kim hansısa sahədə çalışıbsa, həmin sahə üzrə özünü ekspert adlandıra bilər. Lakin bir çox vacib sahələrdə ekspert qıtlığı var”.

Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Etibar Əliyev deyib.

O, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin "Özünü "təhsil eksperti" adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir" fikrinə münasibət bildirib:

“Təhsil sahəsində ekspertlərin sayı doğrudan da artmaqda davam edir. Bir çox hallarda bu ekspertlər müəyyən tapşırıqlar əsasında fikir yürüdürlər. Onların bir qismi elm və təhsil naziri nə danışırsa danışsın, onun fikrini doğrultmağa çalışırlar.

DİM sədrinin fikrində müəyyən həqiqət var. Bir qrup ekspert ixtisas kodlaşdırması ilə məşğuldur. Onlar insanların bu sahədəki təcrübəsizliyindən sui-istifadə edirlər. Ekspertin işi bununla məhdudlaşmamalıdır. Özünü "ekspert" adlandıran şəxslər müəyyən təhlillər aparmalı, məqalələr yazmalıdır. Ən əsası isə obyektiv mövqe sərgiləməlidir.

Vaxtilə Əlövsət Osmanlı, Məlahət Müşfiqli, Əjdər Ağayev kimi çox dəyərli təhsil ekspertləri fəaliyyət göstərirdi. Bu şəxslər təhsilin mahiyyətini bilirdi. Ona görə də, onların müəyyən ekspert rəyləri çox ciddi qarşılanırdı. Mən çox istəyərdim ki, digər sahələrdə də ekspert institutu inkişaf etsin”.

Təhsil məsələləri üzrə digər ekspert, Elşən Qafarov isə qeyd edib ki, özünü təhsil eksperti adlandıranların müəyyən təcrübəsi olmalıdır:

“Məleykə Abbaszadə uzun müddət Dövlət İmtahan Mərkəzinə, ondan əvvəl isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. Onun təhsil ekspertləri ilə bağlı səsləndirdiyi fikirləri mən də oxudum. Əvvəllər Məleykə Abbaszadənin dediyi təhsil ekspertlərini özü çağırır, tədbirlərində yuxarı başda otuzdururdu. Əgər o, həmin şəxsləri təhsil eksperti kimi saymırsa, o zaman niyə çağırıb ən başda əyləşdirir?!

Əvvəla, təhsil eksperti kimi tanınan şəxslərin də bir dolanışığı olmalıdır. Çünki onların böyük bir hissəsi dövlət işində işləmir. Bu ekspertlər ac qalmalı deyil ki. dövlət işində işləyənlərin isə tənqidi fikir səsləndirmək imkanı çox məhduddur.

Razılaşıram, Məleykə Abbaszadənin sözündə həqiqi məqamlar var. Təhsil eksperti kimi tanınan, yaxud fəaliyyət göstərən insan ən azı 10 il bu sahədə işləməlidir. Ekspertlərin bizneslə məşğul olmaq məsələsinə gəlincə, bu adamlar hansısa yolla dolanmalıdırlar. Yaxşı olardı ki, xaricdə olduğu kimi, Elm və Təhsil Nazirliyi, yaxud Dövlət İmtahan Mərkəzi ekspertlərlə müxtəlif layihələr üzrə əməkdaşlıq edə”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
4
yenisabah.az

1Mənbələr