Venesuela hökuməti dünyanın 194 ölkəsinin hökumət və xalqlarına müraciət edərək, ABŞ-nin Karib hövzəsində və beynəlxalq sularda həyata keçirdiyi hərbi fəaliyyətləri dayandırmağa çağırıb.
Editor.az xəbər verir ki, Venesuela Xarici İşlər Naziri İvan Gilin açıqlamasına görə, rəsmi Karakas Birləşmiş Millətlər Təşkilatının 194 üzv dövlətinə diplomatik mesaj göndərərək, ABŞ-nin Karib dənizində və beynəlxalq sularda həyata keçirdiyi hərbi aqressiya və “dəniz quldurluğu” xarakterli əməlləri kəskin şəkildə pisləyib və bu fəaliyyətlərə son qoyulmasını tələb edib.
İvan Gil Venesuelanın VTV televiziya kanalına verdiyi açıqlamada bildirib ki, ölkəsi ABŞ hökumətinin son dərəcə təhlükəli davranış eskalasiyası ilə üz-üzədir.
“Biz ABŞ hökumətinin son dərəcə təhlükəli aqressiya mərhələsi ilə qarşı-qarşıyayıq. Bu addımların təsiri Venesuelanın sərhədlərindən çox-çox kənara çıxır və bütövlükdə regionu, eləcə də beynəlxalq nizamı sabitsizləşdirməklə təhdid edir”, – deyə nazir vurğulayıb.
XİN rəhbəri keçirdiyi mətbuat konfransında Venesuela Prezidenti Nikolas Maduronun imzaladığı məktubun mətnini də oxuyub. Sözügedən sənəddə qeyd olunur: “ABŞ-nin hərəkətləri beynəlxalq hüququn, BMT Nizamnaməsinin, beynəlxalq ticarət qaydalarının və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin açıq şəkildə pozulmasıdır”.
İvan Gil xatırladıb ki, 14 avqust 2025-ci ildə ABŞ “narkotiklərlə mübarizə əməliyyatı” bəhanəsi ilə Venesuela sahilləri yaxınlığında, o cümlədən nüvə sualtı qayıqlarının cəlb edildiyi, son onilliklərin ən iri dəniz və hava qüvvələri yerləşdirməsini həyata keçirib.
Nazirin sözlərinə görə, bu addım BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində qadağan olunan birbaşa güc tətbiqi hədəsi kimi qiymətləndirilir.
Açıqlamada bildirilib ki, 2 sentyabr – 18 dekabr 2025-ci il tarixləri arasında ABŞ qüvvələri Karib hövzəsində və Şərqi Sakit okeanda mülki gəmilərə qarşı 28 silahlı hücum həyata keçirib. Bu hücumlar nəticəsində 104 nəfərin məhkəməsiz edam edildiyi, bunun isə yaşamaq hüququnun və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması olduğu vurğulanıb.
Diplomatik müraciətdə həmçinin qeyd olunur:
“Söhbət beynəlxalq hüququn, hətta ABŞ-nin öz konstitusion çərçivəsinin belə hüdudlarından kənarda həyata keçirilən ölümcül güc tətbiqinin sistematik praktikasından gedir. Bu vəziyyət ABŞ Konqresində və ölkə ictimaiyyətində də ciddi tənqidlərə səbəb olur”.
Sənəddə beynəlxalq ictimaiyyətə çağırış edilərək ABŞ-nin aqressiya, quldurluq və məhkəməsiz edam əməllərinin qəti şəkildə pislənməsi, hərbi yerləşdirmələrin, blokadaların və silahlı hücumların dərhal dayandırılması tələb olunub. Eyni zamanda, bu hadisələrin təkrarının qarşısının alınması və məsuliyyətin müəyyənləşdirilməsi üçün çoxtərəfli beynəlxalq mexanizmlərin işə salınması çağırışı edilib.
“Bu gün Venesuelanı müdafiə etmək sülhü, beynəlxalq hüququ və qlobal sabitliyi müdafiə etmək deməkdir”, – deyə müraciətdə vurğulanıb.
//Gülnarə Abasova, Editor.az