AZ

ƏDV limitinin artırılması qiymətlərə necə təsir edəcək? - Ekspert açıqladı

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə əlavə dəyər vergisi (ƏDV) üçün qeydiyyat limitinin 200 min manatdan 400 min manata yüksəldilməsi nəzərdə tutulur. Dəyişikliklərə əsasən, POS-terminal vasitəsilə nağdsız qaydada həyata keçirilən ödənişlərdən formalaşan dövriyyə 0,5 əmsal tətbiq edilməklə hesablanacaq. Nəzərə alsaq ki, ƏDV məhsul və xidmətlərin qiymətinə əlavə edilərək istehlakçılar tərəfindən ödənilir, bu limitin artırılması bir sıra sahibkarların ƏDV ödəyicisi olmaq öhdəliyindən azad olunmasına səbəb ola bilər. Bu isə öz növbəsində bəzi məhsul və xidmətlər üzrə qiymətlərin aşağı düşməsi ehtimalını gündəmə gətirir.

Mövzu ilə bağlı Missiya.Az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu dəyişiklik qiymətlərin azalmasına səbəb olmayacaq:

"Əsas məqsəd ondan ibarətdir ki, indiyədək bəzi sahibkarlar 200 min manatlıq limiti keçməmək üçün kartla ödənişlərdən yayınır, nağd ödənişə üstünlük verirdilər. Yeni yanaşma isə POS-terminal vasitəsilə edilən ödənişlərin daha rahat qəbul olunmasına şərait yaradacaq",- ekspert qeyd edib.

Onun sözlərinə görə, əvvəlki limitə yaxınlaşdıqda kart ödənişindən imtina halları müşahidə olunurdusa, artıq bu cür çətinliklər aradan qalxacaq:

"Burada əsas məqam vergi yükünün artması deyil, ödəniş üsulları ilə bağlı yaranan problemlərin həll edilməsidir. Bu baxımdan dəyişikliklər xidmət və məhsul qiymətlərinə təsir göstərməyəcək",- deyə Xalid Kərimli əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr