AZ

Təhsildə “ekspert bolluğu” - Kimə inanmalı?

Son illərdə cəmiyyətdə təhsil mövzularına marağın artması ilə paralel olaraq özünü “təhsil eksperti” kimi təqdim edən şəxslərin sayı da xeyli çoxalıb. Media platformalarında, sosial şəbəkələrdə və ictimai müzakirələrdə tez-tez çıxış edən bu şəxslər təhsil sistemi ilə bağlı müxtəlif fikirlər səsləndirir, rəy formalaşdırırlar. Lakin ortaya vacib sual çıxır: bu insanların hamısı doğrudanmı kifayət qədər bilikli və peşəkardır? Onlara ekspert statusunu verən mexanizm varmı? Nəzərə alsaq ki, bu şəxslərin fikirləri ictimai rəyə və qərarvermə proseslərinə təsir göstərir, məsələnin ciddiliyi daha da aydın olur.

Mövzu ilə bağlı Missiya.Az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, son illər “təhsil eksperti” anlayışı xeyli genişlənib:

"Sosial şəbəkələr və media hər kəsə söz demək imkanı verir, bu da bir tərəfdən müsbətdir – fikir plüralizmi yaranır. Amma digər tərəfdən, real biliklə subyektiv rəyin sərhədi qarışır. Ən böyük problem də elə buradadır: bu statusu rəsmi olaraq verən, yoxlayan və ya təsdiqləyən mexanizm yoxdur. Əslində inkişaf etmiş ölkələrin təcrübəsində “ekspert” anlayışı daha çox reputasiya üzərində qurulur. Məsələn, OECD ölkələr üzrə təhsil hesabatları hazırlayarkən yalnız akademik fəaliyyəti, real sahə təcrübəsi və sübut olunan nəticələri olan mütəxəssislərin rəyinə istinad edir, - deyə G.Əkbərova vurğulayıb. Onun sözlərinə görə, Böyük Britaniyada təhsil siyasəti ilə bağlı danışan şəxslər adətən ya uzun illər müəllim, direktor, inspektor kimi çalışmış olur, ya da Ofqual kimi qurumlarla əməkdaşlıq etmiş mütəxəssislərdir. Yəni orada “mən belə düşünürəm” yox, “mən bunu bu təcrübəyə əsasən deyirəm” yanaşması ön plandadır. Bizdə isə çox vaxt ekspertlik: – akademik hazırlıqdan, – real məktəb və ya tədris təcrübəsindən, – elmi və ya metodik töhfədən daha çox, görünüş və aktivlik üzərindən formalaşır. Bu da risklidir. Çünki bu şəxslər ictimai rəyə, valideynlərin narahatlığına, müəllimlərin motivasiyasına və bəzən qərarvericilərin mövqeyinə təsir göstərirlər".

G.Əkbərova qeyd edib ki, bu sahədə bir neçə əsas tənzimləməyə ehtiyac var:Birincisi, şəffaflıq. Media və platformalar “təhsil eksperti” kimi təqdim etdikləri şəxsin kim olduğunu açıq göstərməlidir: ixtisası nədir, neçə il təhsil sahəsində çalışıb, akademik və ya praktik təcrübəsi varmı? Bu, senzura deyil, məsuliyyətdir.İkincisi, etik çərçivə. Dünya təcrübəsində ekspertlər üçün yazılmamış, amma ciddi qəbul olunan qayda var: faktla rəy ayrılmalıdır. “Mənim fikrimcə” ilə “elmi olaraq sübut olunub” eyni şey deyil. Bizdə də bu fərqi qoruyan etik prinsiplər formalaşmalıdır.Üçüncüsü, institusional platformalar".

Onun bilidrib ki, ekspertlik fərdi ambisiya yox, institutlarla əlaqəli olmalıdır:

"Universitetlər, müəllim assosiasiyaları, ictimai şuralar, peşəkar birliklər bu sahədə filtr rolunu oynaya bilər. Kiminsə fikri varsa – buyursun, amma bu fikir peşəkar platformada müzakirədən keçsin. Ən əsası, təhsil emosiyalarla yox, məsuliyyətlə idarə olunur. Tənqid vacibdir, amma qorxu yaradan, ümidsizlik aşılayan, faktlara söykənməyən çıxışlar cəmiyyətə fayda vermir. Həqiqi ekspertin əsas məqsədi səs-küy yaratmaq yox, çıxış yolu göstərməkdir. Bir az zarafatla desəm: təhsildə “like” sayı ilə yox, iz buraxan işlərlə ekspert olunmalıdır. Yəni bu məsələ gələcəyimizlə bağlıdır və ona görə də daha ciddi, daha məsuliyyətli yanaşma tələb edir",- deyə İctimai Şuranın katibi əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr