Milli Məclisin deputatı Asif Əsgərov Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında çıxışı zamanı Azərbaycanın dövlətçilik fəlsəfəsi, əldə olunan tarixi nailiyyətlər və ölkə rəhbərliyinin rolundan danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Azərbaycan dövlətçiliyinin əsasını güclü dövlət, rifahlı cəmiyyət və ləyaqətli vətəndaş anlayışları təşkil edir.
Onun sözlərinə görə, sabitlik üzərində qurulan inkişaf modeli, milli maraqlara əsaslanan müstəqil siyasət, güclü iqtisadiyyat və sosial ədalət prinsipləri ölkənin idarəçilik xəttinin əsas sütunlarıdır.
Asif Əsgərov vurğulayıb ki, Azərbaycan modeli artıq bir çox ölkələr üçün nümunə kimi qəbul olunur və bu nailiyyətlər təsadüfi deyil, ardıcıl və sistemli idarəetmənin nəticəsidir. Məhz bu yanaşma sayəsində Azərbaycan daxili və xarici siyasətini milli maraqlar əsasında formalaşdıran güclü dövlətə çevrilib.
Deputat ölkə rəhbərinin tarixə düşən xidmətləri sırasında milli qürurun bərpası və tarixi Zəfərin xüsusi yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, Ali Baş Komandanın siyasi iradəsi və qətiyyəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunub və tarixi ədalət bərpa edilib.
Asif Əsgərov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Böyük Qayıdış proqramı ölkənin gələcəyinin planlı və inamla qurulduğunu göstərir. Bu torpaqların artıq dirçəlişin, sülhün və inkişafın simvoluna çevrildiyini bildirib.
Deputat çıxışında həmçinin qeyd edib ki, dövlət başçısının beynəlxalq müstəvidə gördüyü işlər Azərbaycanın qlobal miqyasda artan nüfuzunda öz əksini tapır. O vurğulayıb ki, ölkə rəhbərinin fəaliyyəti yalnız bu günü deyil, Azərbaycanın sabahını da möhkəm təməl üzərində qurur.
Asif Əsgərov yekunda Prezidentin xalqın güvəndiyi lider olduğunu, çətin anlarda milləti birləşdirən və məsuliyyətli qərarları ilə tarix yaradan şəxsiyyət kimi çıxış etdiyini qeyd edib.
Afət ZİYADQIZI