AZ

Azərbaycanda son 6 ildə qeyri-neft ixracı 2 dəfə artıb

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycanda həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata fəal inteqrasiya ölkədə biznes fəaliyyəti üçün geniş və əlverişli imkanlar yaradıb. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qaz sektorunun prioritet istiqamət kimi inkişafı nəticəsində ixrac potensialı əhəmiyyətli dərəcədə genişlənib. Son 6 il ərzində qeyri-neft ixracı 2 dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Nazir müavini qeyd edib ki, xarici sərmayədarların aktiv iştirakı ilə yaşıl enerji, kənd təsərrüfatı, sənaye, nəqliyyat və logistika, rəqəmsallaşma, turizm və digər sektorlarda ortaq layihələr həyata keçirilir: “Əldə olunan bu nəticələr beynəlxalq tərəfdaşlarla ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi, yeni birgə layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu göstərir”.

"Ölkə iqtisadiyyatında müşahidə olunan davamlı müsbət meyillər fonunda kredit reytinqimiz artıb, iki aparıcı beynəlxalq reytinq agentliyi (2024-cü ildə “Fitch Ratings” və 2025-ci ildə isə “Moody’s Ratings”) tərəfindən ölkəmizin suveren kredit reytinqi investisiya dərəcəsinə yüksəlib. Bu mühüm nəticələr Azərbaycanın makroiqtisadi sabitliyinə, fiskal dayanıqlılığına və institusional islahatların davamlılığına beynəlxalq maliyyə bazarlarının artan etimadının bariz göstəricisidir və ölkəmizi uzunmüddətli investisiyalar üçün daha cəlbedici edir" - deyə S.Bəşirli diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi xarici, o cümlədən Türkiyədən olan investorlar üçün geniş perspektivlər vəd edir: "Nəzərinizə çatdırmaq istərdim ki, ölkəmizdəki sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər görülür. Bu imtiyazlara 10 il müddətinə müxtəlif vergilərdən və gömrük rüsumlarından azadolma və digər stimullaşdırıcı güzəştlər daxildir. Bununla yanaşı, sözügedən zonalar dövlət vəsaiti hesabına müasir infrastrukturla təmin edilib. Ələt Azad İqtisadi Zonası isə həm innovativ və ixracyönümlü məhsul istehsalı, həm də regional logistika baxımından yeni perspektivlər açır. Bir sıra yeni qurulmuş müəssisələr məhsullarını artıq ixrac edir. Bu dinamika sənaye parklarının ixracyönümlü istehsal mərkəzləri kimi formalaşdığını, eyni zamanda Azərbaycan-Türkiyə sənaye əməkdaşlığının real iqtisadi nəticələr verdiyini aydın şəkildə nümayiş etdirir".

Seçilən
48
47
azertag.az

10Mənbələr