2025-ci ildə İçərişəhərdə görülmüş işlərə həsr olunan mətbuat konfransında qoruğun ötən il ərzində keçdiyi yol, həyata keçirilən islahatlar və qarşıdakı hədəflər ictimaiyyətə təqdim olunub. Tədbirdə vurğulanıb ki, bu konfrans təkcə illik hesabat xarakteri daşımır, eyni zamanda İçərişəhərin idarə olunmasında yeni mərhələnin başlanğıcını ifadə edir.
Qeyd olunub ki, 2025-ci ildə İçərişəhər Qoruq İdarəsi idarəetmədə yeni modelə – açıq hesabatlılıq, ictimai iştirakçılıq və birgə qərarvermə prinsiplərinə keçid edib. Məqsəd yalnız infrastrukturun yenilənməsi deyil, eyni zamanda müasir və şəffaf idarəetmə mədəniyyətinin formalaşdırılmasıdır. Bu yanaşmanın ölkə rəhbərliyinin müəyyən etdiyi strateji inkişaf xətti ilə tam uzlaşdığı diqqətə çatdırılıb.
Bildirilib ki, dövlət başçısı İlham Əliyevin milli-mədəni irsin qorunması ilə bağlı mövqeyi və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə davamlı dəstəyi İçərişəhərdə həyata keçirilən bütün layihələr üçün əsas motivasiya mənbəyidir. Hər bir addım həm dövlət dəstəyinin, həm də kollektiv məsuliyyətin nəticəsi kimi qiymətləndirilir.
2025-ci ilin İçərişəhər üçün əlamətdar məqamlarından biri də tarixi qoruğun UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinin qeyd olunmasıdır. Bu statusun yalnız fəxr deyil, həm də ciddi öhdəlik olduğu vurğulanaraq bildirilib ki, İçərişəhər daş-divarlardan ibarət məkan deyil, xalqın yaddaşı, kimliyi və minillik həyat mədəniyyətidir.
İl ərzində görülən bütün işlərin əvvəlcədən müəyyən edilmiş strategiya və sistemli fəaliyyət planı əsasında həyata keçirildiyi qeyd olunub. Bu yanaşma resurslardan səmərəli istifadəyə və dayanıqlı nəticələrin əldə olunmasına imkan verib. İdarəetmə strukturlarının optimallaşdırılması, institusional islahatlar, maliyyə intizamının gücləndirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təlim proqramlarının həyata keçirilməsi əsas istiqamətlərdən olub. Eyni zamanda, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Bərpa və abadlıq sahəsində də 2025-ci il ərzində sistemli işlər davam etdirilib. Neftçilər prospekti və Əziz Əliyev küçəsi boyunca fasad və balkonlar bərpa olunub, uyğunsuz elementlər aradan qaldırılıb, giriş hissələrində daha estetik mühit formalaşdırılıb. Fiziki əlçatanlığın təmin edilməsi məqsədilə Neftçilər prospektindən Qız Qalasına qədər bir sıra keçidlərdə panduslar quraşdırılıb. Bu layihənin Formula 1-in dəstəyi ilə həyata keçirildiyi bildirilib.
İçərişəhərin daxilində plastik örtüklü balkon və pəncərələrin orijinal görkəminə qaytarılması, 50-yə yaxın dam örtüyünün təmiri, bir neçə binanın fasadının yenilənməsi və baxımsız ərazilərin təmizlənməsi həyata keçirilib. Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində nişanlar yenilənib, parklanma qaydalarının tətbiqi mərhələli şəkildə tənzimlənməyə başlanıb. Bu sahədə AYNA ilə əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb.
Kommunal infrastrukturla bağlı məsələlər də diqqətdə saxlanılıb. Qala divarına yaxın ərazidə uzun illər təhlükə yaradan su sızmasının aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADSEA ASC və digər qurumlar tərəfindən təcili tədbirlər görülüb. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sayğac qutuları yenilənib, vizual görüntünü pozan açıq boru xətləri səliqəyə salınıb. Hazırda “Azərsu” və “Azərişıq” ASC ilə digər infrastruktur xətlərinin mərhələli yenilənməsi üzrə müzakirələr aparılır.
2025-ci ildə qala divarlarında bərpa işləri görülüb, zədələnmiş sahələr möhkəmləndirilib, karvansarayların bərpası mərhələli şəkildə davam etdirilib. Eyni zamanda, ərazidə yeni yaşıllıq və gül-çiçək zolaqları salınıb.
Mətbuat konfransının keçirildiyi Event Hall məkanının da ilk dəfə istifadəyə verildiyi qeyd olunaraq, onun bərpası və hazırlanmasında dəstək göstərən tərəfdaşlara təşəkkür edilib.
İçərişəhərin mədəni həyatının da il ərzində xüsusi diqqət mərkəzində saxlanıldığı bildirilib. 2025-ci ildə burada 40-dan artıq mədəni tədbir, sərgi, festival və elmi konfrans təşkil olunub, ziyarətçi sayında 5–10 faiz artım qeydə alınıb. Bu artımın mədəni turizmin genişlənməsinə və şəhər iqtisadiyyatına müsbət təsir göstərdiyi vurğulanıb.
Turizm infrastrukturunun inkişafı çərçivəsində məlumat mərkəzlərinin konsepti yenilənib, Turizm Agentliyi ilə birgə yeni informasiya və yönləndirmə mərkəzlərinin yaradılmasına başlanılıb. Muzey infrastrukturunun modernləşdirilməsi, yeni muzeylərin yaradılması planlaşdırılır. Bu ilin mühüm hadisələrindən biri kimi Miniatür Sənəti Muzeyinin açılışı xüsusi qeyd olunub.
Rəqəmsallaşdırma sahəsində SOCAR-ın və Yelo Bankın dəstəyi ilə bir sıra layihələrin icra edildiyi bildirilib. Bu layihələrin təkcə İçərişəhər üçün deyil, gələcəkdə digər şəhərlər üçün də nümunəvi idarəetmə modeli formalaşdırdığı vurğulanıb.
Sonda qeyd olunub ki, görülən işlər İçərişəhərin sadəcə bərpası deyil, onun nümunəvi şəhər idarəçiliyi modelinə keçidi kimi qiymətləndirilir. Bu model icma ilə dialoq, şəffaf hesabatlılıq və data əsaslı planlaşdırma üzərində qurulacaq. Tədbir çərçivəsində görülən işlərə dair videoçarx nümayiş etdirilib və növbəti mərhələyə dair təqdimatlar anons edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta