Bakı, 23 dekabr, AZƏRTAC
Uşaqların qorunmasının getdikcə mürəkkəbləşən bu rəqəmsal dövrdə gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. ICESCO-da uşaqlar, yeniyetmələr və gənclər hər zaman missiyamızın mərkəzində olub. Biz inanırıq ki, davamlı inkişaf, sülhsevər cəmiyyət və firavan gələcək yalnız uşaqların hüquqları, ləyaqəti və rifahı tam şəkildə qorunduğu halda mümkündür.
AZƏRTAC xəbər verir ki, bu sözləri lCESCO-nun baş direktorunun müşaviri Amira El Fadil “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, bu gün rəqəmsal transformasiya uşaqlığın mahiyyətini köklü şəkildə dəyişdirib. Araşdırmalar göstərir ki, qlobal internet istifadəçilərinin təxminən üçdə birini uşaqlar təşkil edir. Təəssüf ki, bir çox ölkədə uşaqlar zərərli məzmuna, onlayn istismara və rəqəmsal zorakılığa məruz qalırlar. Sosial media alqoritmləri və süni intellekt texnologiyalarının sürətli inkişafı isə bu riskləri daha da dərinləşdirir.