AZ

Şahin Seyidzadə: Prezident İlham Əliyev qalib dövlətin qalib lideridir



Azərbaycanın müasir tarixi XX və XXI əsrlərin qovşağında bir liderin adı ilə bütövləşib. Bu ad yalnız siyasi və dövlətçilik iradəsinin simvolu deyil, həm də milli qürurun, suveren düşüncənin və strateji zəkanın təcəssümüdür. Cənab Prezident İlham Əliyevin fəaliyyəti təkcə bir dövlət başçısının idarəçilik salnaməsi deyil, bu, Azərbaycanın dövlətçilik tarixinin yeni mərhələsinin, Zəfərlə taclanan inkişaf modelinin və qlobal miqyasda qəbul edilən siyasi kursun canlı ensiklopediyasıdır.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycan xalqı bütün tarixi mərhələlərdə Prezident İlham Əliyevə sarsılmaz etimad göstərmişdir. 2003-cü ildən etibarən keçirilmiş bütün prezident seçkilərində xalqın qətiyyətli dəstəyi bu siyasi kursun legitimliyini və davamlılığını təmin etmişdir. Seçkilərdə əldə edilən yüksək nəticələr olduqca qürur vericidir. 2003-cü ildə 76 faizdən çox, 2008-ci ildə 88,73 faiz, 2013-cü ildə 84,54 faiz, 2018-ci ildə 86,02 faiz və nəhayət, 2024-cü ildə 92,12 faiz səs qazanmaq xalqla lider arasında formalaşmış tarixi həmrəyliyin göstəricisidir. Xüsusilə 2024-cü il 7 fevral prezident seçkiləri tarixə Zəfər seçkisi kimi daxil olmuşdur. İlk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində keçirilən bu seçkilər suverenliyin tam bərpasının siyasi möhürü oldu. Prezident İlham Əliyevin Xankəndidə səs verməsi isə təkcə siyasi akt deyil, dövlətin ərazi bütövlüyünün rəmzi idi. 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı səs verərkən təkcə bir namizədi deyil, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin davamını seçdi. Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixli tarixi müraciəti İlham Əliyevin siyasi portretini və gələcək missiyasını aydın şəkildə ortaya qoyurdu. Bu etimad illər ərzində əməli nəticələrlə doğrulduldu. Prezident İlham Əliyev dövlət idarəçiliyinə rasional siyasi davranış, analitik təfəkkür, milli maraqlara söykənən realizm və yüksək siyasi etika gətirdi. Onun fəaliyyəti Azərbaycan siyasi sistemində yeni siyasi mədəniyyət formalaşdırdı. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” — bu prinsip Prezident İlham Əliyevin bütün fəaliyyətinin fəlsəfi əsasını təşkil edir. Onun rəhbərliyi ilə Azərbaycan güclü iqtisadi potensiala malik, təhlükəsiz, sosial rifahı yüksələn, müasir orduya sahib və beynəlxalq arenada söz sahibi olan dövlətə çevrilmişdir. 2003-cü ildən sonra həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkəmizdə siyasi sabitlik möhkəmlənmiş, iqtisadiyyat şaxələndirilmiş, sosial ədalət prinsipləri gücləndirilmiş, dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsi yaranmışdır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri kimi fəaliyyəti partiyanın müasir çağırışlara uyğun yenilənməsini təmin etmişdir. 2021-ci ildə keçirilən VII Qurultayda qəbul olunan islahatlar partiyanı çevik, institusional və gələcəyə yönəlik siyasi təşkilata çevirdi. Yeni Nizamnamə, struktur islahatları və kadr yenilənməsi siyasi sistemin sağlamlaşmasına xidmət etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə yeni siyasi konfiqurasiya formalaşdırıldı. Siyasi dialoq, partiyalararası əməkdaşlıq və çoxpartiyalı sistemin möhkəmləndirilməsi demokratik inkişafın mühüm sütununa çevrildi. Dövlət başçısının vurğuladığı kimi, ümummilli məsələlərdə vahid mövqe dövlətçiliyin əsas şərtidir. Prezident İlham Əliyevin humanist siyasəti əfv və amnistiya təşəbbüslərində öz parlaq ifadəsini tapır. 2003–2025-ci illərdə imzalanmış 39 əfv sərəncamı və bir neçə amnistiya aktı minlərlə ailəyə sevinc gətirmişdir. 2025-ci ildə elan olunan genişmiqyaslı amnistiya isə Konstitusiya və Suverenlik İlinin humanist zirvəsi kimi tarixə düşməkdədir. Prezident İlham Əliyevin ad günlərini sosial obyektlərin açılışında, şəhid ailələri və məcburi köçkünlərlə birgə keçirməsi onun liderlik fəlsəfəsinin mahiyyətini açır. Bu, xalqa yaxın, məsuliyyətli və mənəvi lider modelidir. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət Azərbaycanı etibarlı strateji tərəfdaşa çevirmişdir. BMT Təhlükəsizlik Şurasına üzvlük, Qoşulmama Hərəkatına sədrliyin uğurla həyata keçirilməsi, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və NATO ilə əməkdaşlıq ölkəmizin beynəlxalq çəkisini artırmışdır. Şuşa Bəyannaməsi ilə Azərbaycan–Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlmiş, COP29-a ev sahibliyi isə Azərbaycanın iqlim diplomatiyasında qlobal liderliyini təsdiqləmişdir. Dövlət başçısnın təşəbbüsü ilə Qərbi Azərbaycan məsələsi beynəlxalq gündəliyə çıxarılmış, bu mövzu insan hüquqları və tarixi ədalət müstəvisində qlobal miqyasda tanıdılmışdır. Qayıdış Konsepsiyası isə sülh və hüquq çərçivəsində tarixi haqların bərpasına yönəlmiş strateji sənəddir.

Millət vəkili onu da bidirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Azərbaycan 2030” Milli Prioritetləri ölkənin gələcək inkişaf yol xəritəsidir. Dayanıqlı iqtisadi artım, sosial ədalət, innovasiya, böyük qayıdış və yaşıl inkişaf bu strategiyanın əsas sütunlarıdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətçiliyinin gücünü, xalq–ordu–lider birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Bu müharibə təkcə hərbi qələbə deyil, eyni zamanda beynəlxalq hüququn bərpası, tarixi ədalətin təmin edilməsi və milli ləyaqətin dirçəlişi idi. Ali Baş Komandanın dəmir iradəsi, strateji düşüncəsi və siyasi qətiyyəti sayəsində işğal altındakı torpaqlar azad edildi, dövlət suverenliyi real və faktiki məzmunda təmin olundu. Zəfər paradları isə Azərbaycan xalqının qürur manifestinə çevrildi. Bakıda keçirilən möhtəşəm Zəfər Paradı yalnız hərbi gücün nümayişi deyil, müasir Azərbaycan dövlətinin yeni geosiyasi statusunun bəyanı idi. Bu paradlar xalqın yaddaşında milli dirçəlişin, ordunun gücünün və dövlətin öz taleyinə sahib çıxmasının simvolu kimi həkk olundu. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Bununla da postmünaqişə dövrü yeni mərhələyə qədəm qoydu. Qarabağ məsələsi tarixə qovuşdu, separatizm anlayışı siyasi leksikondan silindi. Prezident İlham Əliyev bu mərhələdə də prinsipial mövqeyi ilə Azərbaycanın milli maraqlarının toxunulmaz olduğunu təsdiqlədi. Bu proses yalnız hərbi-siyasi deyil, həm də hüquqi və ideoloji qələbə idi. Dövlət öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının əsas memarına çevrildi. Zəfərin ən ali təzahürü Böyük Qayıdış proqramıdır. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, şəhərlər və kəndlər yenidən inşa olunur, həyat Qarabağa qayıdır. Bu proses Prezident İlham Əliyevin "Zəfər yalnız torpağın azadlığı deyil, insanın doğma yurda qayıdışıdır" fəlsəfəsinin real təcəssümüdür. Böyük Qayıdış milli yaddaşın bərpası, tarixi ədalətin sosial ölçüsüdür. Qarabağda dalğalanan üçrəngli bayraq artıq təkcə qələbənin deyil, davamlı sülhün, inkişafın və gələcəyə inamın rəmzidir.
Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycanın dövlətçilik salnaməsidir. Bu fəaliyyət yalnız bugünün uğuru deyil, gələcək nəsillərə ötürülən güclü, suveren və qalib dövlət modelidir. Azərbaycan bu liderliklə regional gücdən qlobal aktora çevrilmiş, tarixini özü yazan, taleyinə özü sahib çıxan dövlət kimi dünyada qəbul olunmuşdur-deyə Şahin Seyidzadə fikrini tamamlayıb.



Seçilən
26
aia.az

1Mənbələr