AZ

Azərbaycan Avrasiyanın sabitlik və əməkdaşlıq mərkəzi kimi

Bakı daim strateji tərəfdaşlıq xəttinin inkişafını dəstəkləyir

Yerləşdiyimiz coğrafiya müasir beynəlxalq münasibətlər sistemində qlobal proseslərin əsas mərkəzlərindən biri kimi çıxış edir. Qlobal güclər arasında gedən iqtisadi, siyasi və geosiyasi rəqabət fonunda Avrasiyada yeni əməkdaşlıq konfiqurasiyaları formalaşır, klassik ittifaqlar, yeni əməkdaşlıq platformaları öz funksionallığını daha da artırır, həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin qurulmasına töhfələr verir. Məhz bu mürəkkəb və çoxşaxəli proseslər fonunda Azərbaycanın oynadığı rol xüsusi ilə diqqət çəkir. Bakı artıq təkcə regional deyil, Avrasiya miqyasında strateji əhəmiyyətə malik əməkdaş dövlət statusunu möhkəmləndirib.

Azərbaycanın qlobal proseslərə verdiyi töhfələr yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. Son illər həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizi müxtəlif siyasi-iqtisadi platformalarda etibarlı tərəfdaş kimi tanıdıb. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbə və sonrakı antiterror tədbirləri Avrasiyanın mərkəzində tamamilə yeni reallıqlar yaradıb. Bu reallıqlar təkcə təhlükəsizlik baxımından deyil, eyni zamanda azad ticarət, nəqliyyat və enerji əməkdaşlığı imkanlarının genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Tarixi İpək yolunun əsas qollarından birinin üzərində yerləşən Azərbaycan əsrlər boyu Avrasiyada əlaqələrin möhkəmlənməsinə töhfə verib. Bu missiya bu gün də davam etdirilir. İstər MDB məkanında, istərsə də Avrasiya iqtisadi və siyasi platformalarında Azərbaycanın iştirakı əməkdaşlıq gündəliyinin formalaşmasına real təsir göstərir. Qeyd edildiyi kimi, ölkəmiz həm ikitərəfli, həm də çoxtərəfli formatlarda etibarlı tərəfdaş kimi çıxış edir və bu yanaşma regional sabitliyə xidmət edir. Azərbaycan daim müzakirələrə açıq dövlət  kimi şöhrət qazanıb - Bakı hər zaman müzakirə masalarında aktiv rol alır, müzakirə edilən problemlərin həllində əsaslı rol oynamağa çalışır. Vurğulandığı kimi, Bakı daim istər MDB, istərsə də digər platformalarda keçirilən görüşlərdə iştirak edib.

Azərbaycan üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb. Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.

Dövlətimizin başçısı bu gün (dünən - red) MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.

Xatırladaq ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.

Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub.

Azərbaycan MDB məkanında etibarlı və fəal tərəfdaşdır

Qeyd edildiyi kimi, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və bu platforma çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. MDB Azərbaycanın xarici siyasətində mühüm yer tutan regional əməkdaşlıq mexanizmlərindən biridir. Bakı bu platformanı formal iştirak meydanı deyil, praktik nəticələrə hesablanmış əməkdaşlıq aləti kimi qiymətləndirir.

MDB-yə üzv dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələri dinamik inkişaf mərhələsindədir. Ticarət dövriyyəsinin artması, birgə investisiya layihələri, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq bu münasibətlərin real məzmununu təşkil edir. Eyni zamanda, siyasi dialoq da ən yüksək səviyyədə qurulub. Dövlət başçıları, hökumət üzvləri və parlamentlərarası təmaslar münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir.

Azərbaycan MDB məkanında sabitlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Ölkəmiz heç bir bloklaşma siyasətinə qoşulmadan, suverenlik və milli maraqlar əsasında münasibətlər qurur. Bu yanaşma MDB çərçivəsində Azərbaycanın mövqeyini daha da gücləndirir və Bakını dialoq təşəbbüslərinin irəli sürüldüyü mərkəzlərdən birinə çevirir. Enerji, nəqliyyat, humanitar sahələrdə həyata keçirilən birgə layihələr isə bu əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını təsdiqləyir.

Bakı Avrasiyada yeni nizamın əsas tənzimləyicilərindən biridir

Bakının fəaliyyət müstəvisi Avrasiyada da yalnız MDB məkanı ilə məhdudlaşmır - qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan Avrasiyada formalaşan yeni nizamın əsas tənzimləyici aktorlarından biri kimi çıxış edir. Azərbaycanın malik olduğu logistika imkanları bu prosesdə həlledici rol oynayır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz Avrasiyanın iqtisadi xəritəsində strateji tranzit mərkəzinə çevrilib. İstər su yolu, istər müasir dəmir yolu və avtomobil magistralları, rəqəmsal gömrük sistemləri Azərbaycanın tranzit potensialını daha da artırır. Bu infrastruktur təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Çünki nəqliyyat və logistika təhlükəsizliyi artıq qlobal siyasətin əsas komponentlərindən birinə çevrilib. Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi tanınır.

Enerji təhlükəsizliyi sahəsində Azərbaycanın oynadığı rol isə Avrasiya üçün xüsusi önəm kəsb edir. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılmasında Bakı aparıcı mövqedədir. Cənub Qaz Dəhlizi kimi strateji layihələr Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfənin bariz nümunəsidir. Bu amil Bakının siyasi çəkisini artırmaqla yanaşı, Avrasiyada qarşılıqlı asılılığa əsaslanan əməkdaşlıq modelini gücləndirir.

Dialoq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə sadiqlik

Bütün dünya Azərbaycanın yaratdığı bu mənzərəni həm görür - həm ortada olan imkanlardan yararlanır, həm də fəaliyyətimizi yüksək dəyərləndirir. Qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq Azərbaycanın yeni beynəlxalq əlaqələr sisteminin humanizm, ədalət və beynəlxalq hüquq prinsipləri əsasında qurulması cəhdləri dəstəklənir. Çoxtərəfliliyin təşviqi, regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən siyasi gündəm Azərbaycanın ətrafında böyük bir dostluq masası formalaşdırır. Bu isə Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin də coğrafi miqyasını genişləndirir -  beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri Azərbaycanın illərdir yürütdüyü dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasətini təqdir edir.

Bütün bu reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan Avrasiyanın iqtisadi-siyasi xəritəsində mühüm əməkdaş dövlət statusunu qəti şəkildə möhkəmləndirib. Azərbaycanın həyata keçirdiyi xətt müxtəlif siyasi və iqtisadi mərkəzlər arasında körpü rolunu oynamağa imkan verir. Bu yanaşma həm regional sabitliyə, həm də Avrasiya məkanında qarşılıqlı etimada əsaslanan yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. Bakı dialoq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə sadiq qalmaqla Avrasiyanın gələcək inkişaf trayektoriyasının müəyyənləşməsində mühüm söz sahibi olaraq qalır.

Pərviz SADAYOĞLU

Seçilən
25
yeniazerbaycan.com

1Mənbələr