Dünya şöhrətli isveçli səyyah və jurnalist Sven Anders Hedin 15 avqust 1885-ci ildə tələbəsi Erhard Sanqrenlə birlikdə Bakıya gəlmişdi. O, Bakıda yeddi ay müəllim kimi çalışmış, bu müddət ərzində fars, rus və Azərbaycan dillərini öyrənmişdi. Daha sonra isə Uzaq Şərqə səyahətlərə çıxmışdı.
Hedinin qeydlərində Çində fəaliyyət göstərmiş, xeyriyyəçi kimi tanınan və türk icmalarına geniş imkanlar yaradan İbrahim bəy Cahangiri Şincani adı xüsusi yer tutur. Onun yazdıqlarına görə, İbrahim bəy sadəcə bir mühacir deyil, eyni zamanda Qulca (indiki Yininq) və Urumçidə formalaşmış Azərbaycan icmasının faktiki lideri idi.
Sincanda, xüsusilə Qulca şəhərində Azərbaycan tacirləri və ziyalıları tərəfindən inşa edilmiş binalar bu günədək qalmaqdadır. İbrahim bəyin evi mədəniyyət mərkəzi funksiyasını yerinə yetirirdi. Burada təkcə azərbaycanlılar deyil, həm də uyğur və tatar ziyalıları toplaşır, fikir və mədəni mübadilə aparırdılar.
İbrahim bəy kim idi?
Arxiv mənbələrində İbrahim bəy haqqında məlumatlar məhduddur. Bu səbəbdən Sincan administrasiyasında çalışmış “Qafqazdan olan təhsilli insanlar” barədə qeydlərə, ingilis və isveçli səyyahların yazılarına, Çində tatarlar və Qafqaz xalqları haqqında dərc olunmuş məqalələrə və onların onlayn arxivlərinə müraciət edilmişdir.
Rusiyanın NKVD arxivlərində də İbrahim bəy barədə məlumatlara rast gəlinir. 1930-cu illərdə Sincandan Moskvaya göndərilən hesabatlarda İbrahim bəy və onun ətrafı tez-tez “təhlükəli panislamistlər” və “türk agentləri” kimi təqdim olunurdu. Bunun əsas səbəbi onların Sovet nəzarətindən kənar fəaliyyət göstərən məktəblər açmaları idi.
Eyni zamanda Çin mətbuatında və rəsmi nəşrlərdə “tatar” və ya “Əndicanlı” icmalar haqqında qeydlərdə azərbaycanlılar əsasən mətbəə və aptek sahibləri kimi xatırlanır.
İbrahim bəy (bəzən İbrahim bəy Azər adı ilə də tanınır) Sincanda nüfuzlu hərbi xadim kimi qəbul edilirdi. Yerli ordu və inzibati strukturların təşkilində iştirak etdiyinə görə ona böyük hörmət göstərilirdi.
Azərbaycan Cümhuriyyəti zabitindən Sincan liderinə
İbrahim bəy Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda zabit kimi xidmət etmişdi. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra bolşevik hakimiyyətini qəbul etməyən zabitlərdən biri olaraq ölkəni tərk etmiş və sonda Şərqi Türküstanda – Çinin Sincan bölgəsində məskunlaşmışdı.
Mənbələrdə o, başında qaraqul papağı olan hərbiçi obrazında təsvir edilir.
1930-cu illərdə Qulca şəhəri Çin türkləri üçün mühüm mədəni mərkəz idi. Əsasən qazax və uyğurların yaşadığı bu bölgədə İbrahim bəy və Azərbaycan icması bütöv bir məhəllə salmışdı. Burada Azərbaycan məktəbi açılmış, eyni zamanda “Şərq həqiqəti” adlı qəzet nəşr olunmuşdu.
İbrahim bəyin Qulcadakı iqamətgahı yerli Çin evlərindən fərqlənirdi. Geniş verandaları və dəmir barmaqlıqları ilə bu ev Gəncə və ya Şuşa malikanələrini xatırladırdı. Burada musiqili gecələr təşkil olunur, Üzeyir bəy Hacıbəylinin əsərləri səhnələşdirilirdi.
NKVD təqibləri və faciəli son
1930-cu illərin sonlarında İbrahim bəy və onun ətrafındakı şəxslər NKVD-nin təzyiqləri nəticəsində həbs olunmuşdu. Onun sonrakı taleyi barədə dəqiq məlumat yoxdur. Bir versiyaya görə, o, Sovet İttifaqına ekstradisiya edilib; digər ehtimala görə isə Çin həbsxanasında həyatını itirib.
Bu gün Yininq şəhərində həmin azərbaycanlıların nəslinin yaşadığı tarixi məhəllə qalıb. Çin Mədəni İnqilabı dövründə bir çox lövhə və yazılar məhv edilsə də, özünəməxsus kərpic işləmələri olan köhnə evlər hələ də mövcuddur. Yerli sakinlər və bələdçilər bu tikililəri turistlərə “varlı bakılılar tərəfindən inşa edilmiş evlər” kimi təqdim edirlər.
Mənbələr:
Andrew D. W. Forbes — Warlords and Muslims in Chinese Central Asia
Linda K. Benson — The Ili Rebellion: Muslim Challenge to Chinese Authority in Xinjiang, 1944–49
Sven Hedin — The Silk Road, 1936
Peter Fleming — News from Tartary: A Journey from Peking to Kashmir, 1936
Prof.Dr. Zaur Əliyev