Ajans.az xəbər verir ki, hadisə ABŞ-ın Kaliforniya ştatında, Los-Ancelesin şimalında yerləşən San Gabriel dağlarında baş verib. Zampellanın idarə etdiyi avtomobil naməlum səbəbdən yoldan çıxaraq beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq xilas olunmayıb. Vince Zampella video oyun sənayesində əfsanəvi şəxsiyyət kimi tanınırdı. O, Call of Duty, Call of Duty 2, Call of Duty 4: Modern Warfare, Call of Duty: Modern Warfare 2, eləcə də Battlefield 6 kimi məşhur layihələrin yaradılmasında mühüm rol oynayıb. Bundan başqa, Titanfall və Apex Legends kimi populyar oyunların da müəlliflərindən biri olub. Zampellanın vəfatı oyun sənayesində və milyonlarla pərəstişkarı arasında dərin kədər hissi ilə qarşılanıb.