AZ

Uşaqlarda astma təhlükəsi: valideynlər nələrə diqqət etməlidir?

Uşaqlarda astma tənəffüs yollarının xroniki iltihabı ilə xarakterizə olunan və ən çox rast gəlinən ağciyər xəstəliklərindən biri hesab olunur.


Pravda.az bildirir ki, xəstəlik adətən erkən yaşlarda ortaya çıxır və vaxtında nəzarət olunmadıqda uşağın gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir.


Uşaqlarda astmanın əsas əlamətləri


Mütəxəssislərin sözlərinə görə, astma zamanı uşaqlarda xırıltılı nəfəsalma, nəfəs darlığı, tez-tez təkrarlanan quru öskürək və sinə nahiyəsində sıxılma hissi müşahidə olunur. Bu əlamətlər xüsusilə gecə saatlarında, fiziki aktivlik zamanı və ya soyuq havada daha da arta bilər. Bəzi hallarda uşaqlarda halsızlıq, tez yorulma və oyunlara marağın azalması da diqqət çəkir.


Astma niyə yaranır?


Astmanın yaranmasında genetik meyl əsas risk faktorlarından biri sayılır. Ailəsində allergiya və ya astma olan uşaqlarda bu xəstəliyin inkişaf ehtimalı daha yüksək olur. Bundan başqa, toz, heyvan tükü, siqaret tüstüsü, hava çirkliliyi və tez-tez keçirilən tənəffüs yolu infeksiyaları astmanı tətikləyən amillər sırasındadır.


Valideynlər nə etməlidir?


Mütəxəssislər valideynlərə uşaqlarda uzunmüddətli öskürək və nəfəsalma problemləri müşahidə edildikdə mütləq həkimə müraciət etməyi tövsiyə edir. Erkən diaqnoz və düzgün müalicə astmanın nəzarət altına alınmasına və uşağın normal həyat sürməsinə imkan yaradır.


Əminə Bayramova 

Tarix: 23 Dekabr 2025, 14:25   
Seçilən
46
pravda.az

1Mənbələr