AZ

Günümüzün problemi “şəxsi inkişaf”

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

Müasir insanın həyatında bir məcburiyyət var ki, o, açıq şəkildə heç bir qanunda, heç bir kitabda yazılmayıb. Amma hamı özünü ona tabe olmağa məcbur hiss edir. Bu məcburiyyətin adı “Özünü inkişaf etdirmək”dir. Çağdaş dövr bizə dayanmağa icazə vermir. Dayanmaq olmaz. Razı qalmaq olmaz. Olduğun halı qəbul etmək olmaz. Çünki haradasa, kimsə, sənə davamlı olaraq pıçıldayır: “Daha yaxşı ola bilərsən”. Bu cümlə ilk baxışda ümidverici, motivasiya edici səslənsə də, zamanla insanın içində sakit, amma dağıdıcı bir səsə çevrilir.

Bu gün şəxsi inkişaf anlayışı sadəcə fərdi seçim deyil. O, ictimai norma, əxlaqi tələb, hətta mənəvi öhdəlik formasını alıb. İnsan öz həyatında xoşbəxt olmaya, sevdiyi işlə məşğul olmaya bilər, amma hər zaman ətraf çevrəsinə qarşı çalışqan, motivasiyalı və “öz üzərində işləyən” görünməlidir. Çünki müasir dünyada zəiflik, gerilik bağışlanmır, yorğunluq anlayışla qarşılanmır, dayanmaq isə məğlubiyyət kimi qəbul edilir.

Bəs doğrudanmı hər dəyişiklik inkişaf hesab edilməlidir? Həqiqətənmi hər yorğunluq tənbəllikdir? Ən əsas isə hər şey doğrudanmı şəxsi inkişafdır?

****

Şəxsi inkişaf anlayışı həyatımıza təsadüfən daxil olmayıb. Tarix boyunca insan həmişə daha yaxşı yaşamaq, daha çox anlamaq, daha sağlam və balanslı olmaq istəyib. Özünü tanımaq, potensialını açmaq, həyatını mənalı qurmaq, həmişə özün üçün ən yaxşısına can atmaq təbiidir. Əgər belə olmasaydı, insan hələ də daş dövründə qalar, mağaralarda yaşayardı. Çünki cəmiyyətin inkişafı fərdin inkişafından başlayır. Problem ideyada yox, ideyanın istismar edilməsindədir.

Zamanla şəxsi inkişaf anlayışı bir düşüncə istiqaməti olmaqdan çıxıb, istehsal mexanizminə çevrilib. Bu mexanizmin işləməsi üçün əsas şərt isə odur ki, insan özünü daim natamam hiss etməlidir. Çünki özündən razı olan insan alıcı deyil. Özünü “yetərli” sayan adamın kursa, seminara, motivasiya kitabına ehtiyacı yoxdur. O, özünü inkişaf etdirmək üçün heç bir cəhdlər etmir. Bu isə dövrün istehsal mexanizminə, inkişaf sənayesinə və kapitalizmin satış prinsiplərinə ziddir. Şəxsi inkişaf sənayesi çox nadir hallarda insana “sən kifayətsən” deyir. Onun əsas mesajı “sən potensialsan, sənin gücün, qüvvətin var, amma hələ reallaşdırmamısan, özünü tam şəkildə kəşf edə bilməmisən” kimidir. Bu mexanizmin insana özünü yetərli hiss etməyə icazə vermir. 

Çağdaş insanın ən böyük problemlərindən biri də elə özünü daimi çatışmazlıq halında hiss etməsidir. Hətta hər şey öz qaydasında gedərkən belə, onun içində narahat bir sual dolaşır: “Görəsən, daha çox edə bilərdimmi, niyə daha artığını etmədim?” Bu hiss insanı motivasiya edə, hərəkətə gətirə də bilər, amma daha çox müşahidə olunan odur ki, onun uzunmüddətli təsiri çox vaxt tükənmə ilə nəticələnir. Yəni insan özünü tükənmiş hiss edir. O hiss ona daha çox inkişaf etməli olduğunu diktə etsə də, insan etdiklərindən razı qalmadığı üçün özünü yetərsiz sayır və nəticədə mental yorğunluq yaşayır. 

Çünki insan psixikası fasiləsiz gərginliyə uyğunlaşmır. Daim özünü yoxlayan, ölçən, müqayisə edən insan bir müddət sonra yaşamaqdan, həyatdan zövq almaqdan daha çox, özünü idarə etməklə, özünü daha “yaxşı etdirməklə” məşğul olur. Həyat plan, cədvəl, nəticə və göstəricilərdən ibarət mexanizmə çevrilir. İnsan artıq hiss etmir, ölçür, sevinmir, qiymətləndirir, yorulmur, özünü qınayır, zövq almır, gərginliyin içərisində yox olur. 

****

Şəxsi inkişaf mədəniyyətində yorğunluq sadəcə fiziki hal deyil, əxlaqi problem kimi təqdim olunur. Yorğunsansa, deməli, düzgün yaşamırsan. Əgər tükənmisənsə, deməli, özünü yaxşı idarə etməmisən. Bu yanaşma insanı üzdə guya daha güclü etmək kimi görünsə də, əksinə, onu özünə qarşı qəddarlaşdırır. Müasir insan özündə yorulmaq üçün haqq tapmır, bunu özünün utancı kimi hiss edir. İstirahət etmək, iş-gücdən əlini çəkib, özü ilə baş-başa qalmaq onun əskikliyi, gücsüzlüyü kimi görünür. 

Halbuki yorğunluq bəzən zəiflik yox, həddindən artıq dözməyin nəticəsidir. İnsan çox zaman motivasiyasız olmur, o, sadəcə mənasız yüklərə məcbur edilir. Şəxsi inkişaf sxemi isə bu nüansları sevmir. O, sadə həllər təqdim edir: daha çox çalış, daha tez qalx, daha az şikayət et, daha çox iş gör, daha çox öyrən. Bu mexanizm isə insanı dinləmir, onun istəklərini, potenasialını, edə bilib, edə bilməyəcəklərini nəzərə almır, əksinə, onu gücü yetdiyi qədər susdurur. 

****

Sosial şəbəkələr, müasir cəmiyyət motivasiya nitqləri ilə doludur. İndi bunlara ayrıca tədbirlər həsr olunur, bir zal dolusu insan bu nitqləri dinləməyə məcbur edilir. Kənardan baxanda hər şey çox gözəl, hər şey insanlıq üçün çox faydalı və səmərəli görünür. Çünki motivasiya nitqləri nadir hallarda açıq-aşkar təzyiq göstərir. Onlar gülümsəyir, ruhlandırır, alqışlayır. Amma bu yumşaq dilin altında çox zaman sərt mesaj gizlənir: “Əgər bacarmırsansa, problem səndədir”.

Bu mesaj sosial və iqtisadi reallıqları arxa plana atır. İnsanların eyni şərtlərdə yaşamadığını, eyni imkanlara sahib olmadığını nəzərə almır. Hər şeyi fərdi iradəyə bağlayır. Beləliklə, sistem məsuliyyətdən azad olur, bütün yük insanın çiyninə düşür. Halbuki həyat yer üzündə yaşayan bütün insanlar üçün eyni deyil. Hər insan cismən fərd olaraq doğulduğu kimi, onların sosial vəziyyəti, zehni inkişafı, həyatdan istək və arzuları da fərdidir. Kimsə ən böyük zirvələri istəyər, digəri isə olduğu yerdə özünü çox xoşbəxt hiss edə bilər. Kimsə bütün motivasiya tədbirlərinə, kurslara, seminarlara qatılacaq qədər zənginkən, bir başqası axşam evə çörək ala bilib, bilməyəcəyinin dərdi ilə yaşayar... Bunların heç birini nəzərə almayan sistem insanı bu xaosun içərisində tək buraxır və problemi də, onun həllini də insanın üstünə atır. 

****

Şəxsi inkişafin ən cazibədar, eyni zamanda ən təhlükəli anlayışlarından biri “daha yaxşı versiya” ideyasıdır. Bu ideya insana daim gələcəkdə daha yaxşı olacağını vəd edir. Amma bunun bir şərti var ki, heç zaman indiki halınla barışmamalısan.

İnsan özünü və öz hisslərini həmişə gələcək üçün təxirə salır. O, sevinci də, rahatlığı da, istirahəti də, qəbul etməyi də “bir az da düzəlsəm”, “bir az da inkişaf etsəm”, “bir az da öyrənsəm”, “bir az da çalışsam” kimi düşüncələrlə gələcəyə saxlayır. Bu “bir az”lar isə heç vaxt bitmir. İnsan ona verilən həyatı yaşamaq əvəzinə, onu təkmilləşdirmə layihəsinə çevirir.

Şəxsi inkişaf, yoxsa özünü istismar?

Burada sərhəd incə, amma çox önəmlidir. İnkişaf insanı gücləndirirsə, ona nəfəs verirsə, seçimlərini genişləndirirsə, bu, sağlamdır. Amma əgər inkişaf adı altında insan özünü daim günahkar, yetərsiz, gecikmiş hiss edirsə, bu, artıq şəxsi istismardır.

İnsan çox zaman özünü istismar etdiyinin fərqində olmur. Çünki bunu “məsuliyyət”, “intizam”, “öz üzərində işləmək” adı ilə edir. Axı dinlədiyi motivasiya nitqləri, şəxsi inkişaf təlimləri hamısı ona bunu aşılamışdı. Amma nəticə dəyişmir: emosional tükənmə, özünə qarşı sərtlik, daxili boşluq.

Şəxsi inkişaf mədəniyyəti hər kəsi eyni idealın arxasınca sürükləyir: lider ol, risk al, fərqlən, maksimum potensialını ortaya qoy. Amma bu yanaşma insan müxtəlifliyini inkar edir. Hər kəs lider olmaq istəmir. Hər kəs səhnədə görünmək istəmir. Hər kəs ambisiya ilə yaşamır. Bəziləri sakitliyi seçir. Bəziləri sabitliyi sevir. Bəziləri “yetər” deməyi bacarır.

Şəxsi inkişaf ideologiyasının ən az danışılan və nəzərə alınan tərəflərindən biri onun hamı üçün eyni dərəcədə əlçatan olmamasıdır. Bu mədəniyyət çox vaxt “hamı bacara bilər” iddiası ilə çıxış edir, amma reallıq tam fərqlidir axı. Vaxtı olmayan, maddi yük altında yaşayan, emosional məsuliyyət daşıyan insanlar üçün inkişaf çağırışları çox vaxt əlçatmaz lüksə çevrilir.

Xüsusilə qadınlar üçün bu yük ikiqat ağırdır. Qadın həm inkişaf etməli, həm qayğı göstərməli, həm emosional dayaq olmalı, həm güclü görünməli, həm də yorulmamalıdır. Ana olan qadın isə sanki iki dəfə “öz üzərində işləməli” olur. Çünki o, öncə əvvəlki özünü bərpa etməli, sonra daha yaxşı versiyasına çevrilməlidir. Bu, inkişaf yox, davamlı özünü inkar rejimidir.

Şəxsi inkişaf dili qadın yorğunluğunu romantikləşdirir, amma real yükü görmür. Ana olmaq, evin görünməyən əməyini daşımaq, emosional iş görmək, hətta ailəyə maddi dayaq olmaq üçün çöldə də işləmək nadir hallarda “inkişaf” anlayışına daxil edilir. Halbuki bu, real həyatın ən ağır tərəfləridir. Bütün bunların öhdəsindən gələn qadın şəxsi inkişafsız da özü ilə yetərincə qürur duya bilər. 

****

Sosial media çox sahələrdə olduğu kimi, şəxsi inkişaf ideyasını da gücləndirib. Orada hər şey planlı, estetik və uğurludur. İnsanlar tez-tez səhər rutinlərini, oxuduqları kitabları, iştirak etdikləri təlimləri paylaşırlar. Amma yorğunluq nadir hallarda görünür. Şübhələr gizlədilir. Dayanmaq paylaşılmır.

Beləcə kollektiv bir illüziya yaran ki, hamı hərəkətdədir, hamı inkişaf edir, bir sən geri qalmısan. Bu müqayisə insani irəli aparmaq əvəzinə, əksinə, onu özündən də uzaqlaşdırır.

****

Əsl inkişaf həmişə irəli getmək deyil. Bəzən lazımi anda dayana bilmək, dönüb geriyə baxmağı bacarmaq, “daha çox” yox, “daha az” deyə bilmək də inkişafdır. Bəzən dəyişmək yox, qəbul etməkdir inkişaf.

Əlbəttə, bizim məqsədimiz şəxsi inkişafa qarşı çıxmaq deyil. Doğru tənzimlənmiş şəxsi inkişaf təbii ki, insan üçün çox faydalıdır. Amma şəxsi inkişaf adı altında insana yüklənən sonsuz məcburiyyətlər heç vaxt istənilən faydanı verməyəcəkdir. Hər həyat optimallaşdırılmalı deyil. Hər insan daim “daha yaxşı versiya”sına qaçmalı deyil. Ümumiyyətlə, hər insan həmişə “ən yaxşı” olmaq məcburiyyətində deyil. Bəzən ən böyük inkişaf insanın özünü olduğu halı ilə də yetərli sayıb xoşbəxt olmağı bacarmasıdır. 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
525.az

1Mənbələr