AZ

Stres zamanı niyə spirtli içkiyə aludə olurlar? - AÇIQLAMA

ABŞ-nin Skripps Tədqiqat İnstitutunun alimləri müəyyən ediblər ki, alkoqol asılılığı beynin stresslə əlaqəli iki əsas siqnal sisteminin fəaliyyətini pozur. Bu dəyişikliklər isə stresli vəziyyətlərdə alkoqolizmə meyilliliyin və residivlərin (yenidən içkiyə qayıdışın) artmasını izah edə bilər.

Redaktor.az xəbrər verir ki, tədqiqatın nəticələri "Frontiers in Pharmacology" jurnalında dərc olunub.

Araşdırma zamanı məlum olub ki, alkoqol asılılığı zamanı stress davranışına cavabdeh olan sinir zəncirlərində oreksin və dinorfin adlı neyropeptidlər arasında balans pozulur. Normal şəraitdə oreksin motivasiyanı və mükafat axtarışını gücləndirir, dinorfin isə “dayan” siqnalı verərək bu prosesi məhdudlaşdırır. Lakin alkoqolun uzunmüddətli qəbulu nəticəsində bu mexanizm dəyişir və xüsusilə stress zamanı alkoqola nəzarət zəifləyir.

Eksperimentlər alkoqol asılılığı modeli yaradılmış siçanlar üzərində aparılıb. Alimlər beynin stress siqnallarının emalında iştirak edən və oreksinlə dinorfindən impulslar alan talamusun arxa paraventrikulyar nüvəsinə xüsusi diqqət yetiriblər.

Asılılıq formalaşmış heyvanlarda hipotalamusda hər iki neyropeptidin sintezi artsa da, beynin hədəf bölgəsinin bu siqnallara həssaslığı dəyişib. Belə ki, oreksin reseptorlarının sayı azalır, dinorfin reseptorlarının sayı isə artır.

Farmakoloji təcrübələr gözlənilməz nəticə ortaya qoyub. Oreksin siqnalının bloklanması residiv riskini azaltdığı kimi, dinorfin siqnalının zəiflədilməsi də eyni effekti verib. Lakin hər iki sistem eyni vaxtda bloklandıqda bu qoruyucu təsir tamamilə aradan qalxıb və heyvanlarda yenidən alkoqola güclü meyil yaranıb.

Tədqiqat müəllifləri bildirirlər ki, bu nəticələr iki siqnal sistemi arasında incə tarazlığın mövcudluğunu göstərir və alkoqol asılılığının müalicəsində universal və ya kombinə edilmiş yanaşmaların niyə hər zaman effektiv olmadığını izah edir. Alimlər vurğulayırlar ki, alkoqol asılılığı beynin stress mexanizmlərini uzun müddətlik dəyişir və gələcək dərman preparatları bu mürəkkəb neyrobioloji prosesləri mütləq nəzərə almalıdır.

Nuriyyə NATİQQIZI

Seçilən
24
1
redaktor.az

2Mənbələr