Türkiyədə son günlərin ən çox müzakirə olunan mövzularından biri məşhurlar arasında narkotik alveri və qadağan olunmuş maddələrin istifadəsinə qarşı aparılan genişmiqyaslı əməliyyatdır. Əməliyyatın ilk mərhələsi 8 oktyabrda sosial şəbəkə ulduzları və aktyorların saxlanılması ilə başlayıb. Həmin gün Dilən Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Bircə Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırım saxlanılıb.
KONKRET.az xəbər verir eyni zamanda İstanbul Prokurorluğu müğənni və aktrisalar Duyğu Özəsllan Mutaf, Demet Evgar Babataş, Mert Yazıcıoğlu, Zeynəb Meriç Aral, Ceren Moray Orkan, Hadisə Açıkgöz və Özge Özpirinçci Yamantürk barəsində cinayət təqibini dayandırıb. Buna səbəb onların qan analizlərində narkotik maddə izlərinin aşkar edilməməsi olub.
9 dekabrda isə Türkiyə cəmiyyətində böyük rezonans doğuran hadisə baş verib. Habertürk telekanalının baş redaktoru Mehmet Akif Ersoy narkotiklə bağlı ittihamlarla saxlanılıb. Uzun illər TRT-nin Yaxın Şərq müxbiri və Türkiyənin Dini İşlər İdarəsinin regional nümayəndəsi kimi çalışmış Ersoyun dindar və mühafizəkar ailədən olduğu bildirilir. Məlumatlara görə, atası – tarixi seriallarda çəkilmiş aktyor Nadir Ersoy – vaxtilə 1979-cu il İran İslam İnqilabının təsiri altında olub və İrana dəstək fəaliyyəti ilə bağlı istintaqa cəlb edilib.
10 dekabr tarixli məhkəmə qərarı ilə Mehmet Akif Ersoyla yanaşı, Habertürk əməkdaşları Ufuk Tetik, Mustafa Manaz və Ebru Gülan da həbs edilib. Bundan əvvəl isə əyləncə sənayesində tədbir təşkilatçısı və sosial şəbəkə fenomeni kimi tanınan Sercan Yaşar – yerli mediada “Türk Eskobarı” ləqəbi ilə tanınan şəxs – saxlanılmışdı. İddialara görə, məşhurların saxlanılması məhz onun ifadələri əsasında həyata keçirilib.
İstintaq çərçivəsində daha sonra Habertürk və sonradan Show TV-də çalışmış tanınmış aparıcı Ela Rumeysa Cebedci də saxlanılıb. Ersoy ifadəsində narkotik istifadə etmədiyini və ona qarşı irəli sürülən “qrup seks” ittihamlarının yalan olduğunu desə də, qan və saç analizləri Ersoy, Cebedci və digər bəzi saxlanılan media nümayəndələrinin narkotik istifadə etdiyini təsdiqləyib.
Hazırda Kasım Garipoğlu və Burak Ateş istintaqdan yayındıqları üçün axtarışa verilib. Xaricdə olan Şeyma Subaşı və Şevval Şahin barəsində də həbs orderləri çıxarılıb. Daha əvvəl axtarışda olan müğənni Yusuf Güney könüllü şəkildə istintaqa gəlib, ifadə verib və sərbəst buraxılıb. 17 dekabrda saxlanılan müğənni Aleyna Tilki, aktrisa İrem Sak, bloqerlər Danla Bilic və Mümmine Senna Yıldız isə saç və qan nümunələri götürüldükdən sonra azad edilib.
Müşviq Tofiqoğlu
KONKRET.az