Rusiya ordusunda 2022-ci ildən bəri ən azı 12 general həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Moskvada qətlə yetirilən Fanil Sarvarov siyahıdakı sonuncu isim deyil, rəqəmlər 18-ə çata bilər.
Məlumata görə, Moskvada öldürülən general Fanil Sarvarov 2022-ci ilin 24 fevralından bəri cəbhədə və ya arxa cəbhədə həlak olan ilk yüksək rütbəli rus zabiti deyil. Öldürülən generalların sayının müxtəlif hesablamalara görə 12-18 nəfər arasında olduğu bildirilir.
Ən çox cəbhə itkisi 2022-2023-cü illərə təsadüf edib. İlk olaraq general-mayor Andrey Suxovetski snayper gülləsinə tuş gəlib. Bu hadisə 2022-ci il fevralın 28-də Qostomel uğrunda gedən döyüşlər zamanı baş verib. Həmin ilin 10 martında isə Mariupolda general-mayor Vladimir Frolov həlak olub.
Bildirilir ki, Ukrayna qoşunları Qərb peyklərinin köməyi ilə yerlərini müəyyən etdikləri rus generallarını kifayət qədər tez bir zamanda məqsədyönlü şəkildə hədəfə almağa başlayıblar. Aşkar edildikdə onlara raket zərbələri endirilib. Məsələn, general-leytenant Oleq Tsokov 2023-cü il iyulun 11-də məhz bu yolla öldürülüb.
Digər rus generalları isə Ukrayna xüsusi xidmət orqanları tərəfindən arxa cəbhədə partlayıcı qurğuların köməyi ilə aradan götürülüb. Belə ki, 2024-cü ilin dekabrında general-leytenant İ.A.Kirillov (elektroskuterin partlaması), 2025-ci ilin aprelində isə general-leytenant Y.Y.Moskalik (avtomobilin partladılması) qətlə yetirilib.
Xuraman Etibarlı
İnterpress.az