2026-cı il fevralın 24-də saat 10:00-da dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin satışı məqsədilə açıq hərrac keçiriləcək.
Pravda.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərraca müxtəlif təyinatlı minik, yük avtomobilləri və bir ədəd gəmi çıxarılacaq.
Hərraca çıxarılan Dövlət Sərhəd Xidmətinin balansında olan 1969-cu il istehsalı "Point Brower D" markalı gəminin start qiyməti 230 min manatdır.
Siyahıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə məxsus 2007-ci il istehsalı "Hyundai Sonata" markalı minik avtomobili 5 500 manat start qiyməti ilə hərraca çıxarılıb. Elm və Təhsil Nazirliyinin Ağdam Dövlət Sosial-İqtisad Kollecinin balansında olan "QAZ SAZ-3507" markalı yük avtomobili (1987-ci il) 3 min manata, VAZ-2106 markalı minik avtomobili (1998-ci il) isə 2 200 manata satışa təqdim olunub.
Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə tabe Avtomobil Təsərrüfatının balansında olan bir neçə nəqliyyat vasitəsi də hərraca çıxarılacaq. Bunlara 2011-ci il istehsalı "Nissan Sunny", eləcə də "Hyundai Tucson", "Fiat Doblo", "BMW 328i" və "BMW 520" markalı avtomobillər daxildir. Milli Məclisin İşlər İdarəsinə məxsus "Nissan Altima" (2008-ci il) və "Ford Transit" markalı yük avtomobili (2013-cü il) də satışa təqdim ediləcək.
Hərrac barədə ətraflı məlumatı buradan öyrənə bilərsiniz.