AZ

Türkiyə–Ermənistan hava yolunun açılması Zəngəzur dəhlizinə necə təsir göstərəcək? – DETALLAR

“Türk Hava Yollarının İstanbul–İrəvan arasında müntəzəm uçuşlara başlaması ilk növbədə Türkiyə–Ermənistan münasibətlərində normallaşma xəttinin praktik mərhələyə keçdiyini göstərən addımdır. Bu qərar hava nəqliyyatı səviyyəsində iki ölkə arasında uzun illər mövcud olmuş izolyasiyanın yumşaldıldığını ortaya qoyur və regional kommunikasiyaların açılması mövzusunda psixoloji baryerləri azaldır. Hava əlaqəsinin bərpası ticarət, turizm və insanlararası təmasları artırmaqla yanaşı, Ermənistanın regiondan kənarda qalma siyasətinin davamlı olmadığını da nümayiş etdirir”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.

“Lakin bu prosesin Zəngəzur dəhlizi müzakirələrinə birbaşa texniki təsiri məhduddur. Çünki Zəngəzur dəhlizi hava nəqliyyatı yox, quru nəqliyyatı, tranzit təhlükəsizliyi, hüquqi status və regional logistik balans məsələsidir. Bununla belə, dolayı təsir imkanları mövcuddur. Türkiyə–Ermənistan hava əlaqəsinin açılması regionda kommunikasiyaların mərhələli şəkildə bərpa oluna biləcəyini göstərir və Ermənistanın regional nəqliyyat şəbəkələrinə inteqrasiyasını labüd edən bir fon yaradır. Bu fonda İrəvanın Zəngəzur dəhlizi ilə bağlı uzunmüddətli tam bloklayıcı mövqeni qoruması getdikcə daha çətin görünür”.

Qarabağda

Politoloq qeyd edir ki, digər tərəfdən, Ermənistan bu hava əlaqəsini alternativ kimi təqdim etməyə və Zəngəzur dəhlizi mövzusunda manevr imkanlarını genişləndirməyə də cəhd göstərə bilər.

“Yəni “kommunikasiyalar açılır, amma yalnız bizim şərtlərlə” yanaşması ön plana çıxa bilər. Buna baxmayaraq, regional reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, Türkiyə, Ermənistan və bütövlükdə Cənubi Qafqaz üçün strateji iqtisadi və nəqliyyat imkanları yaradır. Bu baxımdan İstanbul–İrəvan uçuşları dəhlizi əvəz edən yox, əksinə, regionda açıq kommunikasiyaların qaçılmaz olduğunu göstərən siyasi və psixoloji zəmin formalaşdıran amil kimi dəyərləndirilməlidir”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
104
34
konkret.az

10Mənbələr