Ötən il dekbrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan təyyarəyə qarşı Rusiya səmasında qeyri-qanuni fiziki müdaxilə baş verib.
Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti İlham Əmirov deyib.
O bildirib ki, Qazaxıstanda dövlət komissiyası yaradılıb.
Komissiya öz işini davam etdirir, tam hesabat hazırlanıb başa çatmayıb. Lakin ilkin hesabatla təsdiq olunub ki, təyyarə Qroznı hava limanına yaxınlaşan zaman ona kənardan müdaxilə olunub. Nəticədə də uçuş zamanı təyyarənin naviqsiya sistemlərində ciddi nasazlıqlar yaranıb.
Bu hadisə və havanın əlverişsiz olması səbəbindən Qroznıda uçuşu davam etdirmək mümkün olmayıb. Kapitan Bakıya qayıtmaq qərarı verib və həmin vaxt da yenidən təyyarəyə kənar müdaxilə olub. 1-ci zərbədən 40 saniyə sonra 2-cisi baş verib. Araşdırma zamanı aydın olub ki, təyyarənin həyati sistemlərindən üçü eyni anda sıradan çıxıb. Bu isə normal şəraitdə mümkünsüzdür və təyyarəyə kənar qüvvənin təsiri etməsinin əyani sübutudur.
Heyətin peşəkarlığı sayəsində təyyarəni 1 saat 9 dəqiqə havada saxlamaq mümkün olub. Lakin Aktau yaxınlığında qəzaya uğrayıb.
İlham Əmirov vurğulayıb ki, beynəlxalq qanunlara əsasən dünyanın istənilən nöqtəsində baş vermiş qəzalarla əlaqədar tənzimləyici sənədlərdə qeyd edilir ki, bir il ərzində təhqiqatın başa çatması tövsiyə olunur. Lakin bu, tələb yox, tövsiyədir. Əks halda, vaxt məhdudiyyəti səbəbindən qeyri-obyektivliyə yol verilə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.