Yer üzündə elə bir qəhrəman yoxdur ki, şücaəti unudulsun, qəhrəmanların adı tarixdən-tarixə keçir, nəsillərdən nəsillərə ötürülür. Çağımızda da adı əbədiyaşarlar cərgəsində çəkilən oğullarımız çoxdur.
Onlar vətənizimin ərazi bütövlüyünün qorunması və suverenliyinin bərpası uğrunda canlarını fəda edən şəhidlərimizdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, igid döyüşçü Vəlizadə Anar Afət oğlu da qəhrəmanlığı dastanlara sığmayan oğullarımızdan biridir.
O, Farizlə Fatimənin atasıdır, o Zemfira ananın, Afət atanın ciyərparəsidir, həyat yoldaşının ürəyinin parçasıdır.
Beş ildir ki, Zemfira ananın gözləri yollarda qalıb, Fariz və Fatimə ata həsrəti çəkir.
Şəhid balaları bir ayrı cür olur, ürəyi kövrək, gözləri nəmli, bir az boynu bükü, bir az da küskün.
Ağlama şəhid balası,
Göz yaşından dərya dolar...
Ağlama şəhid balası,
Hicran gülər, sevinc solar.
Heç bir söz, heç bir təsəlli ovuda bilməz onları. Fatimə atasının üzünü heç görməyib, Fariz isə atasını dumanlı xatırlayır. Atası ilə arasında sanki bulanlıq bir şüşə var...Şəkillərdən saxlayıblar atalarını yadlarında.
Şəhid Anar Vəlizadənin anası Zemfira Vəliyeva ilə Biləsuvarda yaradıcılıq ezamiyyətində olarkən görüşüb dərdləşdik. O da Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 Gün-Tarixi zəfər” IV cildliyinin III və IV cildlərinin Biləsuvar rayonunda keçirilən təqdimat mərasiminə qatılmışdı.
Zemfira ana bildirir ki, oğlu həqiqi hərbi xidmətdən sonra könüllü olaraq Daxili Qoşunlarda xidmət edib, 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan kimi Anar da döyüşlərə qatılıb.
“Noyabrın 9-da Şuşada şəhid olub. Anar ailəli idi. İki övladı yadigar qalıb.
Anar müharibədə olanda oktyabrın 7-də qızı dünyaya gəldi. Telefonla zəng edərək, üzünü görmədiyi qızının adını Fatimə qoymağımızı istədi. Onunla son danışığım oktyabrın 29-da olmuşdu. Gecə, təxminən saat 11-12 arası olardı. Anar mənə “ailəmi sənə tapşırıram, sənə arxayınam, mənim sənin kimi mehriban və qayğıkeş anam var”-dedi.
Ana deyir ki, Anar qızı dünyaya gələndə yaralı olmasına baxmayaraq döyüşü davam etdirib. “Vətən müharibəsi zamanı Anar iki dəfə - oktyabrın 4-də Cəbrayıl istiqamətindəki döyüşdə qumbaraatan mərmisinin yaxınlığına düşməsi nəticəsində barotravma (kontuziya), ayın 10-da isə Füzuli rayonunun Qarakollu kəndində düşmənin qurduğu pusquda mövqelərimizə atılan əl qumbarasının partlaması səbəbindən kürəyindən üç qəlpə yarası almışdı. Bütün bunlara baxmayaraq, o, cəbhə bölgəsində olan həkimlərə özünü çox yaxşı hiss etdiyini və sağlamlığı ilə bağlı hər hansı bir probleminin olmadığını deyərək, tibb işçilərinin təkidli tələblərinə rəğmən, müalicə almaq üçün qospitala getməkdən imtina edərək yenidən döyüşlərə qatılmışdı”.
Zemfira ana deyir ki, mən oğlumla fəxr edirəm, o, torpaqlarımızın azadlığı uğrunda canını fəda edib.
Ana deyir ki, oğlu evdə iki övladının və həyat yoldaşının onu gözləməsinə baxmayaraq son damla qanına qədər vuruşub.
Qeyd edək ki, Anar Afət oğlu Vəlizadə 3 iyul 1994-cü ildə Salyan rayonunun Cəngən kəndində dünyaya gəlib.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Atası Afət Vəliyevin sözlərinə görə, Anar Vətən müharibəsinin ilk günlərindən xüsusi təyinatlıların qrupunda Qarabağa yollanıb. Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Bir neçə dəfə yaralanmasına baxmayaraq, geri çəkilməyib, torpaqlarımızın azad edilməsi uğrunda döyüşünü davam etdirib.
Şəhidin atası Afət Vəliyev də oğlu haqda bunları dedi: “Oktyabrın 7-də yaralandı. Kürək nahiyəsinə 3 dənə qəlpə girmişdi. İkisini çıxarmışdılar, biri qalmışdı. Özü deməmişdi, 16 oktyabrda xəbər tutdum getdim hospitala, söhbət elədim. Elə axırıncı dəfə onda, oktyabrın 16-da gördüm. Sol qolu tərpənmirdi. Dedim, nəyə ehtiyacın var? Dedi, ata, heç nəyə ehtiyacım yoxdur, ancaq torpaq və döyüş yoldaşlarımdan ötrü darıxıram. Dedim, sağal, sonra gedərsən. Geri döndüm, eşitdim ki, 3 gün sonra yaralı halda gedib cəbhənin Füzuli istiqamətinə. Müharibə şəraiti olduğuna görə çox əlaqə də saxlamaq olmurdu. İkinci dəfə Qubadlı istiqamətində ayağından güllə yarası alaraq yaralanmışdı. Hadrutda ona yardım göstərilmişdi. Sonra Şuşa uğrunda döyüşlərə qatıldı. Şuşada şəhid oldu ayın 9-u günü. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan əmisinə həmişə deyirdi ki, torpağı mən alacam, sübut edəcəm ki, torpaq bizimdir”.
Zemfira xanım danışır: “Dedi, ana, müharibə başladı, biz gedirik, övladlarımı sənə əmanət edib gedirəm. Balalarımdan, ailəmdən muğayat ol. Deyirdim, yaralısan, olmaz ki, qayıdasan? Dedi, nə danışırsan, orda elə qardaşlar şəhid olub ki, mən onları qoyub geri qayıda bilmərəm. İkinci dəfə yaralananda dostu mənə zəng etdi, dedi, ana, narahat olma, Anar yaralanıb. 29 oktyabrda zəng elədi, dedi, ana yaxşıyam. Dedim, axı səni həkim xəstəxanaya yazıb, dedi, yox yaxşıyam. İnternetdə gördüm ki, onun haqqında bir həkim danışır və deyir belə igid oğul görməmişəm. O, döyüş bölgəsindən neçə yaralı çıxarıb. Axırda da Şuşadakı şücaətlərindən danışaraq deyirdilər ki, siz onun Şuşada necə döyüşdüyünü görəydiniz. Şuşada sol qolundan yaralanmışdı, tək qolu ilə döyüşə girmişdi. Elə də dəfn etdik - sol qolu yanmış halda. Allah bütün şəhid balalara rəhmət eləsin!”
Qeyd edək ki, baş çavuş Anar Vəlizadə 2020-ci il 9 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və noyabrın 12-də doğulduğu kənddə torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Vəlizadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
“Balalarım, ailəm sizə əmanətdir” deyib balası Zemfira xanıma. Canı qədər sevdiyi Farizini, üzünü yalnız şəkillərdə gördüyü bircə qızı Fatiməni ailəsinə əmanət edib Anar Vəlizadə. Ana deyir ki, Anarın ailəsinə göz bəbəyi kimi baxırlar, balalarının oğlunun arzuladığı kimi böyümələri üçün əllərindən gələni edirlər. Onlar cəsur bir oğulun, qəhrəman bir əsgərin yadigarlarıdır. 26 yaşı vardı Anarın şəhid olanda. Ananın təsəllisi balasından yadigar qalan Fariz və Fatimədir. Onların gözlərinə baxanda dərd-qəmi bir az səngiyir, acazıq da olsa rahatlıq tapır. Şəhid balasının qoxusunu bu bir cüt fidan baladan alır.
“Ölüm Allah əmridir, ayrılıq işgəncədir” deyir ana. Bu ayrılıqdan nə qədər işgəncə, ağrı çəksə də, yaşamaq istəyir, ona görə ki, Fariz və Fatiməni qollu-budaqlı böyüdüb ərsəyə çatdıra bilsin, bir də Anar Vəlizadənin boynu bükük, qəlbi yaralı həyat yoldaşına arxa-dayaq olmaq üçün...
Sən gedəli günəş gülmür,
Yellər əsir acı-acı.
Qara torpaq aldı səni
Ağ buludlar çəkir sancı...
Qəhrəmansan, igid balam,
Şəhid oldun, torpağınsan...
Anan baxır yollarına
Ürəyimdə qəm dağımsan.
Bir gün gəlsən sevinərəm
Güllər açar ev-eşiyim.
Tabutuna layla dedim,
Yırğalandı qəm beşiyim...
Zemfira ananın və Afət atanın bala soraqlı xatirələri, söz-sovları, ayrılıqdan çəkdikləri əzablar, bütün bunların içində isə qürur hissi yaşamalarını gördük. Fəxr edirlər ki, Anar vətən uğrunda şəhid olub. Dillərində ancaq bir söz var – Vətən sağ olsun!
İradə SARIYEVA
Biləsuvar-Bakı









