AZ

""Hiposaksiya"nı təmiz hava ilə müalicə edirlər, saxta dərmanlarla deyil" - Pediatr DANIŞDI

“Körpəni təmiz havaya doğulduqdan neçə gün sonra çıxarmaq olar?” və “gəzinti zamanı mövsümdən asılı olmayaraq körpəni qalın geyindirmək lazımdırmı?”.

Bu suallarla ilk dəfə valideyn olanlar tez-tez qarşılaşırlar. 

Bəs körpəni nə vaxtdan gəzməyə çıxarmaq olar? Onun geyimi necə olmalıdır?

Redaktor.az-a açıqlamasında pediatr-infeksionist Həmid Hacıağayev bildirdi ki, millət olaraq bir çox əsassız ənənələrə sahibik, onlardan biri də 40 günü tamam olmamış köprəni evdən çıxarmamaq adətidir:

"Bəzi nənələr və babalar körpənin hətta 2-3 ayına kimi evdən bayıra çıxarılmasına qarşı olurlar. Hələ qışda doğulmuş körpələri demirəm. Təbii ki, bunların hamısı cəfəngiyyatdır. Lakin nədənsə bəzi valideynlər üçün "Hipoksiya"ya qarşı dərman vermək körpəni təmiz havada gəzdirməkdən daha rahat görünür. Beləliklə, gəlin əsas sualımıza cavab verək: körpəni nə vaxtdan gəzməyə çıxarmaq olar? Tam sağlam olan körpəni həyatının 3-4-cü günündən 15-30 dəqiqəlik gəzməyə çıxarmaq olar. Növbəti günü isə iki dəfə 30 dəqiqə olmaqla və körpə boyüdükcə gəzintilərin də müddətini artırmaq olar".

Müsahibimiz qeyd etdi ki, 1 aylıq körpə bütün gününü təmiz havada keçirə bilər:

"Təbii ki, hava şəraitinin də əlverişli olması şərti ilə. Güclü külək, şaxta, yaxud qızmar istidə körpə ilə evdə oturmaq daha yaxşı olar. Körpəni gəzintiyə çıxdıqda necə geyindirməli olduğunuz haqqında da qeyd etmək istərdim. Bəzən bizim, çox şaxtalı olmayan Azərbaycanımızda nənələr, hətta analar körpəni gəzintiyə çıxardıqda elə isti geyindirirlər, sanki havası -78°C olan Şimal ölkəsində yaşayırlar".

Pediatrın sözlərinə görə, körpələr çox isti geyindirildikdə çox ağlayırlar, tərləyir və qızarırlar.

"Əgər körpənizdə gəzintidən sonra bu cür əlamətlər varsa, deməli, gələn dəfə daha da az geyindirmək gərəkdir. Yeriməyi və danışmağı bacaran uşaqlarla məsələ daha asan olur: əgər övladınız yanınıza gəlib isti olduğunu deyirsə, inanın ki, elədir. Və unutmayın: bu (məktəbəqədər) yaşda uşaqlar çox aktiv oyunlar oynayırlar, çox qaçırlar və enerji istehsal edirlər və bu enerjinin verdiyi istilik onlara bəs edir. Unuttmayın ki, "Hiposaksiya"nı (söhbət ölkəmizdə trenddə olan yalançı diaqnozdan gedir) təmiz hava ilə müalicə edirlər, saxta dərmanlarla deyil", - deyə Həmid Hacıağayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
102
1
redaktor.az

2Mənbələr