AZ

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan özünəməxsus yeri ilə seçilir  

2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev Ümummilli

Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək dövlətimizi strateji hədəflərə

doğru uğurla aparmaqdadır. Cənab Prezident həmişə cəmiyyətin, dövlətin

maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri ilə hər

kəsin rəğbətini və hörmətini qazanaraq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə

böyük nüfuz əldə etmişdir.

O, keçmiş ənənələr üzərində müasir ölkəmizin

yeni reallıqlarını yaradıb, hər zaman güclü və müstəqil Azərbaycan naminə

çalışıb. Milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, azərbaycançılıq

məfkurəsinə ali münasibət, müstəqillik, Vətən və Xalq sevgisi cənab Prezidentin

lider kimi əsas keyfiyyətləridir.

22 illik prezidentlik fəaliyyəti dövründə

xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq dövlət başçımızın

həyat fəlsəfəsidir. Prezident İlham Əliyevin Azərbaycanın müstəqillik

dayaqlarının möhkəmləndirilməsi ilə bağlı fəaliyyəti ölkəmizin qazandığı

uğurların əsas təminatçısıdır. O, ölkəmizə rəhbərliyinin  ilk günündən Azərbaycanın ərazi bütövlüyü və

suverenliyinin bərpasını öz fəaliyyətinin əsas hədəfi kimi müəyyənləşdirdi.

44 günlük Vətən müharibəsinə qədər Azərbaycan

Prezident İlham Əliyevin rəhbərliyi altında daha da gücləndi, böyük Qələbəyə

daha çox yaxınlaşdı.

2020-ci ildə Azərbaycan 30 ilə yaxın davam edən

işğala son qoydu. Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il

sonra uğurla reallaşan antiterror əməliyyatları nəticəsində isə dövlət

suverenliyimiz bərqərar edildi. Prezident İlham Əliyev Qarabağı işğaldan azad

etməklə ədaləti və beynəlxalq hüququ bərpa etdi. Azərbaycanın əldə etdiyi böyük

Qələbə ilə regionda erməni faşizminin başı əzildi, regionda öz maraqlarını bərpa

etmək istəyən destruktiv güclərin planı alt-üst oldu. Prezident İlham Əliyev

regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır.

Dövlət başçısı bu Qələbə ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin arzularını

həyata keçirdi.

Artıq Ermənistan da Azərbaycanın ərazi

bütövlüyünü tanıyıb. İndi Cənubi Qafqazda bütün məsələləri Azərbaycan dövlətinin

iradəsi həll edir. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın siyasi,

iqtisadi və hərbi gücünü nümayiş etdirdi.

Prezident İlham Əliyevin qurduğu iqtisadi və

sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft

sektorunun gücləndirilməsinə, insan rifahının yüksəldilməsinə və dövlətin

strateji gücünün artırılmasına xidmət edir.

Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan

xalqının keçdiyi tarixi mərhələləri, azərbaycançılığın əsas prinsiplərini əks

etdirir. Bu məsələnin təməlində dövlət başçısının qədim tariximizə, şanlı

keçmişimizə, zəngin mədəni irsimizə məhəbbəti və hörməti dayanır. Prezident

İlham Əliyev milli-mənəvi dəyərləri ictimai münasibətlərin mühüm komponentinə

çevirib. Azərbaycan Prezidenti dünyada İslam həmrəyliyi təşəbbüsünün müəllifi,

eyni zamanda multikulturalizm ənənələrinin böyük təbliğatçısıdır.

Prezident İlham Əliyevin yürütdüyü siyasət

müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə

qorunmasına xidmət edir. Azərbaycan xalqının tarixi Qələbəsinin regionda

formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biri olduğunu dəfələrlə

açıq şəkildə səsləndirən Prezident İlham Əliyev “Qərbi Azərbaycan” mövzusunu

dövlət siyasəti ilə yanaşı, həm də regionumuzda formalaşan yeni reallığın

ayrılmaz hissəsinə çevirib.

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin

vacib tərkib hissəsi olan Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə

çıxarılması Ermənistanın Qarabağla bağlı absurd iddialarının dəf edilməsində

vacib rol oynayır. Ermənistanla münasibətlərin normallaşması prosesində insan

hüquqları müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirir.

Təsadüfi deyil ki, Qərbi Azərbaycan məsələsi

Prezident İlham Əliyev tərəfindən beynəlxalq və yerli platformalardakı çıxış,

müsahibə və görüşlərdə dəfələrlə ən ali səviyyədə səsləndirilmişdir.

Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən

qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə

dövründə tətbiq edilən ən sistemli yenidənqurma modellərindən biri kimi beynəlxalq

təcrübə üçün mühüm nümunədir.

Prezident İlham Əliyev 2025-ci ildə də

işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərlər edib və genişmiqyaslı

infrastruktur layihələrinin təməlini qoyub. Ümumilikdə son 5 ildə cənab

Prezident azad olunmuş ərazilər üzrə çoxsaylı tədbirlərdə iştirak edib, müxtəlif

təyinatlı layihələrin təməlini qoyub, yeni infrastruktur layihələrinin

açılışını edib.

Prezident İlham Əliyev sevincli günlərini hər

zaman xalqla bölüşür. Belə ki, müharibədən əvvəl doğum günlərində dövlət

başçımız adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə

və şəhid ailələri ilə görüşürdü. Hər dəfə də onları əmin edirdi ki, doğma

yurdları mütləq işğaldan azad olunacaq.

44 günlük Vətən müharibəsindən sonra isə dövlət

başçımız doğum günlərini azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda xalqla

birlikdə qeyd edir. Bu dəfəki doğum günü ərəfəsində dövlət başçımız Qarabağda

yeni infrastruktur layihələrinin açılışını etdi, həmçinin Xankəndidə, Kərkicahan

qəsəbəsində buraya köçən sakinlərlə görüşdü. Dövlət başçımız 34 ildən sonra öz

doğma yurduna qayıdan soydaşlarımızla görüşdə də bəyan etdi ki, “1991-ci il

dekabrın sonunda Ermənistan dövləti sizi öz dədə-baba torpağınızdan didərgin

salmışdı. Dekabrın sonu idi və indi 2025-ci il dekabrın sonunda ədalət burada

da, bu torpaqda da tam bərqərar olur”.

Bu gün beynəlxalq miqyasda Azərbaycan

Prezidentinin sözü imzası qədər dəyərlidir. Bu gün əksər siyasi xadimlər

Prezident İlham Əliyevin uğur formulunu nümunə kimi göstərir, Azərbaycan təcrübəsinə

istinad edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində

ölkəmiz bu gün siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz, regionun

mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilmişdir. Cənab Prezidentin

daim vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı

dayanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son

illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə

strateji əhəmiyyətini artırmış, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir.

İqtisadiyyatın inkişafı və əhalinin sosial

rifahının yüksəldilməsi məqsədilə qəbul edilən qanunlar, fərman və sərəncamlar əsasında

icra olunan sosial-iqtisadi layihələr vətəndaşlarımızın həyat səviyyəsinin

yaxşılaşdırılmasına xidmət edir.

Regionların sosial-iqtisadi inkişafı dövlət

siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə icra olunan dövlət

proqramları ölkə üzrə tarazlı inkişafın təmin edilməsində mühüm rol oynayır.

Cənab Prezidentin güclü xalq, güclü dövlət,

güclü lider modeli müstəqil və müasir Azərbaycanın güc mənbəyidir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan

bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.

 

Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Seçilən
64
azerbaijan-news.az

1Mənbələr