Pakistanın Pəncab əyalətinin Arxeologiya Departamenti Taksila yaxınlığında yerləşən Bhir abidəsində aparılan qazıntılar zamanı eramızdan əvvəl VI əsrə aid, yüksək təşkilatlanmış qədim sivilizasiyanın mövcudluğunu sübut edən faktlar aşkarlayıb.
Publika.az xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, qazıntıların məqsədi Taksilanın ən erkən şəhərinin elmi baxımdan öyrənilməsi və onun mənşəyinin aydınlaşdırılmasıdır. Tədqiqatlar zamanı erkən şəhərsalma əlamətləri — dar küçələr, yaşayış binaları, quyular, taxıl anbarları və gündəlik məişət əşyaları müəyyən edilib.
Mütəxəssislər bildiriblər ki, şəhər təbii şəkildə inkişaf edib, onun planlaşdırılması sonralar meydana çıxmış yunan modellərindən fərqlənir və erkən şəhər məkanının təşkili ilə bağlı yerli yanaşmanı əks etdirir.
Pəncab Arxeologiya Departamenti abidənin sənədləşdirilməsində GPS texnologiyaları, dronlar, 3D skanlama və rəqəmsal xəritələşdirmə kimi müasir üsullardan istifadə edir. Bu yanaşmalar tikililərin və artefaktların maksimum dəqiqliklə qeydə alınmasına və gələcək akademik tədqiqatlar üçün etibarlı məlumat bazasının formalaşdırılmasına imkan yaradır.