AZ

Mərkəzin direktoru: Əlilliyi olmayan şəxslərə də ödənişli reabilitasiya xidmətləri göstərilir

Şəki, 23 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şəki Reabilitasiya Mərkəzi 20 ildən çoxdur fəaliyyət göstərir. Mərkəzimiz əvvəllər yalnız şimal-qərb bölgəsinin əlilliyi olan vətəndaşlarına reabilitasiya xidmətləri göstərirdisə, bu gün müəssisəmizin xidmətlərindən artıq respublikanın bütün bölgələrindən əlilliyi olan şəxslər yararlanırlar. Hətta Naxçıvan Muxtar Respublikasından da Mərkəzimizə müraciət edənlər olur”.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Tərlan Qurbanov deyib.

Onun sözlərinə görə, müəssisədə müasir standartlara uyğun reabilitasiya şəraiti yaradılıb. Qəbul tibbi-sosial ekspert komissiyaları tərəfindən onlayn qaydada aparılır. Mərkəzdə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir.

“Reabilitasiya Mərkəzinə əsasən Birinci və İkinci Qarabağ müharibələrində əlil olan şəxslər, həmçinin ümumi xəstəliklərdən – hipertoniya, oynaq xəstəlikləri, fəqərəarası disk yırtığı, osteoxandroz, artroz və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müraciət edirlər. Əvvəllər mərkəzimizdə ödənişli xidmətlər yox idi. Bu gün artıq nizamnaməmizdə dəyişiklik olub və artıq əlilliyi olmayan şəxslərə də mərkəzdə nazirlik tərəfindən təsdiq edilmiş ödənişli xidmətlər göstərilir”,- deyə Tərlan Qurbanov vurğulayıb.

 

Seçilən
84
1
azertag.az

2Mənbələr