BAKI, 24 dekabr. TELEQRAF
Yaponiyada 2025-ci ilin yekunlarına görə doğum səviyyəsinin 1899-cu ildən bəri ən aşağı həddə düşəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə "Asahi" qəzeti rəsmi statistik məlumatlar əsasında apardığı hesablamalara istinadən məlumat yayıb.
Qəzetin proqnozuna görə, 2025-ci ildə ölkədə doğulan uşaqların sayı təxminən 667,5 min olacaq. Bu göstərici 2024-cü ildə qeydə alınan 686,1 min doğumdan da aşağıdır. Hesablamalar yalnız Yaponiya vətəndaşları arasında doğulan uşaqları əhatə edir.
Məlumata görə, demoqrafik vəziyyət Milli Əhali və Sosial Təminat Araşdırmaları İnstitutunun əvvəlki proqnozlarından xeyli pis inkişaf edir. Belə ki, 2023-cü ildə institutun orta proqnozuna əsasən, 2025-ci ildə 749 min uşağın doğulacağı gözlənilirdi. "Asahi" qəzetinin təqdim etdiyi göstərici hətta pessimist ssenaridə nəzərdə tutulan 681 min doğumdan da aşağıdır. İnstitutun orta hesablamalarına görə, 666 min səviyyəsində doğum göstəricisinə yalnız 2041-ci ildə çatılacağı proqnozlaşdırılırdı.
Son illər Yaponiyada rekord dərəcədə aşağı doğum səviyyəsi müşahidə olunur və bu proses əhalinin sürətlə qocalması ilə müşayiət edilir. Nəticədə əmək qabiliyyətli əhalinin sayı azalır və ölkədə işçi qüvvəsi çatışmazlığı dərinləşir.