AZ

Burada həyat yenidən qurulur!

İlham Əliyev: 1991-ci il dekabrın sonunda Ermənistan dövləti sizi öz dədə-baba torpağınızdan didərgin salmışdı. Dekabrın sonu idi və indi 2025-ci il dekabrın sonunda ədalət burada da, bu torpaqda da tam bərqərar olur

Xankəndidə...

Kərkicahan qəsəbəsi abadlaşır

Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

AZƏRTAC xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi.

Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.

Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Sonra dövlətimizin başçısı Xankəndi şəhəri Kərkicahan qəsəbə sakini Yadigar Əsədovanın evində oldu.

Kərkicahan qəsəbəsində sakinlərlə görüş...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb.

Doğma torpağa 34 ildən sonra qayıdışınız münasibətilə sakinləri təbrik edən dövlətimizin başçısıqeyd edib ki, qayıdış prosesi davam edir: ““Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün.

1991-ci il dekabrın sonunda Ermənistan dövləti sizi öz dədə-baba torpağınızdan didərgin salmışdı. Dekabrın sonu idi və indi 2025-ci il dekabrın sonunda ədalət burada da, bu torpaqda da tam bərqərar olur. Əlbəttə, təsəvvür etmək çətin deyil ki, bu illər ərzində necə əzab-əziyyət içində yaşamısınız. Həm ev şəraiti, həm mənəvi əzab, ədalətsizlik hissi. Amma əminəm, siz də bütün xalqımız kimi inanırdınız ki, gün gələcək və biz buraya qayıdacağıq. İki il bundan əvvəl antiterror əməliyyatı nəticəsində Kərkicahan qəsəbəsi Xankəndi şəhəri ilə birlikdə işğalçılardan azad edilmişdir və artıq burada həyat yenidən qurulur”.

Oktyabr ayında bu qəsəbəyə gəldiyini xatırladan Prezident İlham Əliyev burada evlərin, məktəbin təmir olunması, eləcə də digər lazımi infrastruktur layihələri icra edilməsi ilə bağlı tapşırıq verdiyini və bu gün qəsəbədə göstərişlərinin yüksək səviyyədə təşkil olunduğunu söyləyib: “Bu, qəsəbənin, bərpasının birinci mərhələsidir. Çünki işğal dövründə düşmən buranı da yararsız vəziyyətə salmışdı. Evlərin bir çoxunda heç yaşamaq mümkün deyil. Ona görə təqribən iki ilə yaxın təmir-bərpa işləri aparılıbdır. İndi isə artıq qəsəbənin bəzi küçələri tam abadlaşdırılıb, evlər tam hazır vəziyyətə gətirilib və burada yaşamaq üçün bütün şərait var.

Sizi bu hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, burada rahat və firavan yaşayacaqsınız. Əsas odur ki, öz doğma torpağınızdasınız”.

“Əfsuslar olsun ki, o vaxt Azərbaycan rəhbərliyi sizi qoruya bilmədi, iradə göstərə bilmədi, qorxaqlıq göstərdi və faktiki olaraq işğalla barışmalı oldu. Ondan sonra gələn hakimiyyət vəziyyəti daha da bərbad vəziyyətə salmışdı. Faktiki olaraq Şuşanın, Laçının işğalı Kərkicahanın işğalından təqribən beş ay sonra baş verdi. Ona qədər Xocalı soyqırımı törədildi. O vaxt həm sovet dövründən qalan rəhbərlik, həm də ki, guya xalq hərəkatına aid olan rəhbərlik faktiki olaraq burada yaşayan insanları taleyin ümidinə buraxmışdı. Sizi müdafiə edə bilərdilər, etmədilər. Bəziləri qorxaqlıqdan, bəziləri isə hakimiyyətə gəlmək üçün Azərbaycanda xaos, anarxiya yaratmaq məqsədilə bir çox hallarda xəyanət edərək torpaqlarımızı düşmənə təhvil vermişdi. Ondan sonra hakimiyyətə gələn AXC-Müsavat cütlüyü yarıtmaz və xəyanətkar fəaliyyəti ilə ölkəmizi dərin böhrana salmışdı. Vətəndaş müharibəsi, Kəlbəcərin işğalı və faktiki olaraq Laçın-Xankəndi yolunun itirilməsi - bütün bunlar Ermənistan üçün böyük üstünlük təmin etdi və nəticədə işğala, böyük işğala yol açdı. Biz isə gecə-gündüz öz əzəli torpaqlarımızı düşmənin tapdağından qurtarmaq üçün çalışmışıq, vuruşmuşuq, müharibədə Qələbə qazanmışıq. Düzdür, İkinci Qarabağ müharibəsi zamanı işğala tam son qoymasaq da, heç vaxt şübhə etmirdik ki, tezliklə Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran, Kərkicahan və o vaxt hələ işğal altında olan bütün digər qəsəbə və şəhərlər azad olunacaq. İki il bundan əvvəl cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində işğala tam son qoyduq, suverenliyimizi bərpa etdik, işğalçıları torpaqlarımızdan əbədi qovduq və bu gün sülh içində yaşayırıq. Bu elə bir şərəfli tarixdir ki, əminəm, bugünkü nəsil, bundan sonrakı nəsillər bu şərəfli tarixlə əbədi olaraq fəxr edəcəklər” - deyən dövlətimizin başçısı işğal dövründə sakinlərin harada yaşaması ilə maraqlanıb və vurğulayıb ki, onların buraya qayıtması bir daha göstərir ki, ədalət var, sadəcə olaraq, onu təmin etmək lazımdır.

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası istifadəyə verilib

Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Bildirildi ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Bir sözlə, burada təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün hərtərəfli imkanlar mövcuddur.

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməli qoyulub 

Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.

Dövlətimizin başçısına binada yaradılacaq şərait barədə məlumat verildi.

Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.

Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında...

Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.

Dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verildi.

Bildirildi ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.

Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur.

Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir kampusun formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda yüksəksəviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-2025-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin, tələbə yataqxanasının, Klinika binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimlərində də iştirak edib.

Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbə təhsil alır.

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verilib

Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

Bildirilib ki, yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Bu Micro-SCADA sistemi “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq.

Prezident İlham Əliyevə “AzərEnerji” ASC tərəfindən “Yaşıl enerjiyə keçid” meqalayihələri barədə də məlumat verildi. Qeyd edildi ki, ölkənin ən böyük yarımstansiyası - 500 kV-luq “Nəvahi” yarımstansiyasında işlər tamamlanıb, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi üçün Cəbrayılda 330, Səngəçalda isə 220 kV-luq yarımstansiyaların tikintisi yekunlaşıb. Azərbaycanda bərpaolunan enerji mənbələrinin dinamik inkişafı üçün Batareya Enerji Saxlanc sistemlərinin yaradılması sürətlə davam edir. MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc sistemləri olan bu enerji obyektləri “Abşeron” və “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur. Ölkədə yeni yaradılan 2 QVt bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq və enerji sisteminin dayanıqlılığını gücləndirmək məqsədilə Geniş Ərazi Monitorinq və Geniş Ərazi İdarəetmə sistemləri tətbiq edilir.

Xocalıda...

Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açılışında...

Prezident İlham Əliyev dekabrın 23-də Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Accurate Az” MMC-nin təsisçisi İlkin Abuşov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

Bildirildi ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək. Xammaldan hazır məhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir ki, bunun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Müəssisə, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanıb.

Müəssisənin fəaliyyətə başlaması Qarabağda mebel istehsalı sahəsinin formalaşmasına, yerli istehsalın genişlənməsi və ixrac potensialının artırılmasına, həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verəcək. Hazırda burada 80 nəfər üçün daimi iş yeri yaradılıb, növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.

Ağdamda...

Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməli qoyulub

Prezident İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub.

“Saloğlu Qarabağ” MMC-nin təsisçisi Tacəddin Mustafayev dövlətimizin başçısına yeni yaradılacaq müəssisə haqqında məlumat verdi.

Bildirildi ki, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

Metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında...

Prezident İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.

“Construction” MMC-nin təsisçisi Nurlan Abbasov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.

Seçilən
54
1
yeniazerbaycan.com

2Mənbələr