AZ

QHT layihə çərçivəsində Ağstafada ilk maarifləndirici görüş keçirib - FOTOLAR

“Qalib Lider, Güclü Gənclik: İlham Əliyev və Azərbaycanın Zəfər Tarixi” layihəsi çərçivəsində Ağstafada ilk maarifləndirici görüş keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən icra olunan “Qalib Lider, Güclü Gənclik: İlham Əliyev və Azərbaycanın Zəfər Tarixi” layihəsi çərçivəsində Qazax və Ağstafa rayonlarında silsilə maarifləndirici tədbirlərin keçirilməsi davam edir.

Bu məqsədlə layihə çərçivəsində ilk maarifləndirici görüş 23 dekabr 2025-ci il tarixində Ağstafa rayonunun Vurğun qəsəbəsində gənclərlə təşkil edilmişdir. Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihənin məqsədləri, əhəmiyyəti və donor qurum – Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi barədə iştirakçılara ətraflı məlumat vermişdir. O, layihənin əsas hədəfinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderlik fəaliyyətinin gənclər arasında təbliği, milli ruhun və vətənpərvərlik hissinin gücləndirilməsi olduğunu vurğulamışdır.

Daha sonra Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa filialının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Mirzahid Hacıyev çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Azərbaycan Ordusunun gücündən və milli birliyin əhəmiyyətindən danışmış, gəncləri vətənə sədaqət və dövlətçilik dəyərlərinə bağlılıq ruhunda səsləndirmişdir.

Tədbirdə iştirak edən Ağstafa Rayon Gənclər və İdman Sektorunun müdiri Turan Hüseynov şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələrinin gənclər üçün hər zaman örnək olduğunu qeyd etmiş, onların xatirəsinin daim uca tutulmasının vacibliyini diqqətə çatdırmışdır.

Maarifləndirici görüş interaktiv diskussiya formatında davam etmiş, gənclərin sualları cavablandırılmış və mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşmışdır.

Seçilən
17
qht.az

1Mənbələr