AZ

Narahatlıq “Qarabağ”ı qorxudan senari

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Qarabağ”ın futbolçularına təkliflər var. Yarımmüdafiə xəttinin əsas üzvləri Pedro Bikalyo və Marko Yankoviç qış transfer dönəmində klubu tərk edə bilərlər. Xüsusilə, Bikalyonun adı artıq bir aya yaxındır, Braziliyanın “Botafoqo” klubu ilə hallanır. A Seriyası təmsilçisinin iki rəsmi təklifi Azərbaycan klubu tərəfindən rədd edilib.

Premyer Liqada fasiləyə ikinci sırada yollanan “Qarabağ” Çempionlar Liqasında şanslarını qoruyur. Yanvarda Frankfurt “Ayntraxt”ı və İngiltərə “Liverpul”u ilə qarşılaşacaq “atlılar”ın riyazi olaraq pley-off mərhələsinə yüksəlmək ehtimalı var. Çətindir, amma mümkünsüz deyil.

Belə bir dönəmdə yarımmüdafiə xəttinin aparıcı oyunçularının ayrılığı kluba ciddi təsir göstərə bilər. Ümumiyyətlə, qış fasiləsi demək olar, hər mövsüm transfer baxımından “Qarabağ” üçün çətin keçib. Əvvəlki dönəmlərdə Kadi Borges, Juninyo məhz yanvarda klubdan ayrılmış, bundan sonra komandada həmin mövqelərdə müəyyən sıxıntılar yaşanmışdı.

Komandanın baş məşqçisi Qurban Qurbanov da bundan narahatdır. “Qəbələ” isə XVI tur matçından sonra narahatlığını dilə gətirən mütəxəssis belə ərəfələrdə heyətin qorunmasını arzulayır. Lakin onun da qeyd etdiyi kimi, heyəti qorumaq çətin məsələyə çevrilib.

“Qarabağ”ın futbolçularına təkliflərin olması klub adına ümumi baxanda müsbət haldır. Dünya futbolunda artıq adından söz etdirən “atlılar”a maraq var. Bu ilin yanvarında 5 milyon avroya “Flamenqo”ya keçən Juninyo kluba yaxşı məbləğ qazandırıb. Öncəsində Kadi Borgesin satışından müəyyən gəlir əldə edilib. Lakin onların yerini doldurmaq asan olmayıb. İndiki məqamda Yankoviç və Bikalyonun da gedişi Çempionlar Liqası ərəfəsində komanda üçün ciddi zərbə ola bilər.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
futbolpress.az

1Mənbələr