AZ

Üstün zəkanın qüdrəti

Xalqları tarix boyu düşdükləri ağır şəraitlərdən üstün zəkaya, strateji düşüncəyə, yenilməz iradəyə və qətiyyətə malik olan liderləri çıxararaq talelərini dəyişiblər. Dünya dövlətçilik tarixinin təcrübəsi göstərir ki, bəzi şəxslər yüksək vətənpərvər, yaxşı siyasi təşkilat rəhbəri olsalar da, işi bacara bilmədiklərindən söylədikləri yalnız söz olaraq qalıb, milləti hədəflərinə çatdıra bilməyərək geri addım atıblar. Azərbaycanda bunun 1988-1993-cü illərə aid acı təcrübəsi vardır. Yalnız vətənpərvərliklə, verilən emosional vədlərlə millətin qarşısında dayanan vəzifələri həll etmək mümkün deyildir. İşləri bacarmaq lazımdır. Azərbaycan tarixinin ən böyük strateqi, yenilməz sərkərdəsi və mahir diplomatı Prezident İlham Əliyevin liderliyində 44 günlük Vətən müharibəsində ərazilər işğaldan azad edildikdən, lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılığın kökü tamamilə kəsildikdən və dövlət suverenliyi tam bərqərar edildikdən sonra qarşıda dayanan başlıca vəzifələrdən yalnız bir neçəsinin Konstitusiyamızın 30, dövlət suverenliyinin tam bərqərar edilməsinin 5-ci ildönümündə necə yerinə yetirilməsini qısa təhlil etmək yuxarıda deyilənləri  sübut edir.  

Döyüş meydanında qazandığı sülhü masada qəbul etdirən böyük lider

Müharibələrin tarixi göstərir ki, masa arxasında, diplomatik danışıqlarda əldə edilən sülh  həmişə güzəştlərə, kompromislərə əsaslanıb. Dahi sərkərdələr isə sülhü döyüş meydanında qazanıb və masada qəbul etdiriblər. Prezident İlham Əliyev də heç bir yarımçıq qərarın qəbuluna razı olmayan, sülhü işğalçı Ermənistanı və onun tərəfdarlarını döyüş meydanında tam və qəti qələbə ilə əzərək qazanmış yenilməz sərkərdə, heç bir güzəşt olmadan masada qəbul etdirmiş  böyük diplomatdır.  

Müharibə başa çatdıqdan sonra qarşıda dayanan vəzifələrdən biri döyüş meydanında qazanılan qələbənin siyasi, diplomatik sahədə qəbul etdirilməsi idi. Bəzən deyiblər ki,  türklər döyüş meydanında qazandıqları qələbəni masada qəbul etdirə bilmirlər. Bu fikirlərin yanlış olduğunu XX əsrdə Mustafa Kamal Paşa, XXI əsrdə isə Prezident İlham Əliyev sübut etdi. Ötən əsrin 20-ci illərinin başlanğıcında işğalçı dövlətlər türk ərazilərini boşaltmaq istəmədikdə "bu məsələ qılıncla həll ediləcəkdir" deyən türk milləti Mustafa Kamal Paşanın rəhbərliyi altında istiqlal savaşında hərb meydanında qazandığı qələbəni Lozan konfransında qəbul etdirdi. Az sonra Türkiyə Cümhuriyyəti quruldu. 

XXI əsrdə şəraitin ozamankından daha ağır olmasına baxmayaraq,  "işğalçı ölkə ərazilərimizdən çıxmasa, silah gücünə torpaqlarımızı azad edəcəyik" deyən Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövləti və milləti xarakterinə görə ədalətli, azadlıq müharibəsində, döyüş meydanında məqsədinə çatdı. Azərbaycan tarixinin bu ən böyük zəfəri ABŞ Prezidenti Donald Trampın dərin zəkalı, çevik dövlət adamı olaraq qiymətləndirdiyi Prezident İlham Əliyevin irəli sürdüyü şərtlərin əsasında dünyanın fövqəldövlətinin şahidliyi ilə avqustun 8-də Vaşinqtonda Ağ Evdə siyasi, diplomatik sahədə, masada qəbul etdirildi. Bununla Prezident İlham Əliyev yüz illiklər boyu millətimizə sırıdılmış planları darmadağın etdi, taleyini, tarixinin gedişini dəyişdirdi, yolunu açdı, başını dik tutaraq yaşamağın düsturunu verdi, bəlli problemlərdən əziyyət çəkən millətlərə nümunə oldu.  

Səfər etdiyi hər bir ölkənin baş evində olduğu kimi, Ağ Evdə də Prezident İlham Əliyevin qarşılanma mərasimindən tutmuş yola salınmasınadək hər şey qürurverici idi. Sülhə və əməkdaşlığa çalışan dövlət başçımızın bilavasitə gərgin səylərinin nəticəsi olaraq Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli Bəyannaməni imzalaması ilə öz maraqları naminə Cənubi Qafqazda iki yüz il ərzində "parçala, hökm sür" siyasətini yeridərək xalqları bir-birinə vurub qan çanağına çevirməyin sonu gəldi, Azərbaycan və Ermənistan arasında normallaşmanın, əməkdaşlığın əsası qoyuldu. Döyüş meydanında qazandığı qələbənin və sülhün memarı olan Prezident İlham Əliyev Vaşinqton Zirvə görüşünün nəticələri ilə dünyaya bir daha göstərdi ki, Azərbaycanla düşmənçilik etmək olmaz.                  

Səfərlə ABŞ ilə ikitərəfli münasibətlərdə yeni səhifə açıldı. "Azadlığa dəstək aktı"na 1992-ci ildə edilmiş ədalətsiz 907-ci düzəlişin fəaliyyətinin dayandırılması ilə strateji tərəfdaşlıq, müdafiə, təhlükəsizlik və başqa istiqamətlərdə əməkdaşlığın əsası qoyuldu. Bu, münasibətlərdə yeni keyfiyyət mərhələsinin başlanmasıdır.

D.Trampın Ağ Evin qızıl açarını Prezident İlham Əliyev bağışlaması, birlikdə çəkdirdikləri fotoşəklin üstünə "İlham, Siz böyük lidersiniz!" yazmaqla hədiyyə etməsi sıradan bir məsələ deyildir.  Ağ Evin qızıl açarı hər bir dövlət rəhbərinə təqdim edilmir, ona böyük lider deyilmir. Ağ Evin açarının verildiyi belə şəxsləri barmaqla saymaq olar. ABŞ Prezidenti nədən Ağ Evin qızıl açarını hədiyyə etdi və fotoşəklin üstünə bu sözləri yazdı? İlk növbədə, bu evin açarı ancaq güvənilən, etibar edilən şəxsə verilir. Məşhur ispan səyyahı Xristofer Kolumb 1492-ci ildə kəşf etdiyi Amerika qitəsini "yeni dünya" adlandırmışdı. Ən yeni dünyanın qurucularından biri olan Prezident İlham Əliyev Azərbaycan Respublikasını  yeni dünya liderinin hədiyyə etdiyi qızıl açarı ağ atın üstündə əlində oynadan ölkəyə çevirdi. Bu o deməkdir ki, hər iki dövlət bərabər hərəkət edəcək, beynəlxalq işlərdə Azərbaycanın rolu artacaq və yeri möhkəmlənəcəkdir. Həlli qeyri-mümkün hesab edilən böyük işləri isə böyük liderlərlə görərlər. 

Vaşinqton Zirvəsinin uğurla nəticələrindən biri həm Orta dəhliz, həm də "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizidir. Bununla uzun illər ərzində regionda münaqişələr yaradıb qan tökənlərin arzuları ürəklərində qaldı. İndi Azərbaycan dünyanın vacib nəqliyyat-kommunikasiya, logistika mərkəzlərindən birinə çevrilir. 

Böyük lider və "Asiyanın yatmış aslanı" - Çinin əziz dostu birləşdirici güc rolunda

ABŞ-yə səfərindən sonra Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin dəvəti ilə "Şanxay Əməkdaşlıq Təşkilatı +" toplantısının sentyabr ayında Tiencin şəhərində keçirilən iclasında iştirakı və nitqi müasir Azərbaycan siyasi tarixinin parlaq səhifələrindən biridir. Çini "Asiyanın yatmış aslanı" adlandıran Fransa imperatoru I Napoleon deyirdi ki, bu aslan oyandıqda dünyada hər şey dəyişəcəkdir. Artıq "yatmış aslan" oyanıb və dünya da dəyişir. 

Çin rəhbəri Prezident İlham Əliyevi "mənim əziz dostum" deyərək qarşıladı. Bəs aralarında dərin ziddiyyətlərin olduğu, ticarət müharibəsinin getdiyi Birləşmiş Ştatlar rəhbərinin böyük lider adlandırdığı Prezident İlham Əliyevin  Çində  "mənim əziz dostum" deyərək qarşılanmasının mənası nədir?  Bu sadəcə protokol qaydası olmayıb, dərin məzmun kəsb edirdi. Ancaq etibar edilən, güvənilən, dürüst, səmimi olan şəxsə əziz dostum deyərək arxalanar, kürəyi söykəyərlər. 

Regionda Çinin etibarlı tərəfdaşı olan, sülhün, təhlükəsizliyin qorunmasına töhfə verən, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələrini həyata keçirən Azərbaycan dövləti Çinin bir sıra, o cümlədən "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyir, layihələri reallaşdırır. Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri olan, beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirən, müasir infrastruktur yaradan Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri ilə yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Orta dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Çinin "bir kəmər-bir yol layihəsi"ni və Zəngəzur dəhlizi çərçivəsində Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikasına gedən Beynəlxalq sülh və rifah naminə Tramp marşrutunu (TRIPP -  Trump Route for International Peace and Prosperity (TRIPP)) iki nəhəng ölkə arasında birləşdirici güc olan Prezident İlham Əliyev böyük ustalıqla Azərbaycanın maraqları ilə inanılmaz ustalıqla uzlaşdıraraq həyata keçirir. Zəngəzur dəhlizi həm Orta dəhlizi, həm də "Şimal-Cənub" dəhlizi zəncirində növbəti vacib halqaya çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşulara da fayda gətirəcəkdir. Dövlətlər heç bir zaman faydalarından imtina etməzlər. Bu, Prezident İlham Əliyevin dünyada qarşılıqlı faydalı əməkdaşlığa verdiyi böyük töhfədir, iki güc arasında birləşdirici və yumşaldıcı rolunun göstəricidir.

Dövlət başçımız bütün fəaliyyəti ilə göstərdi ki, bir dövlətin dünya siyasətində tutduğu yer, təsir gücü ərazisinin böyüklüyü, kiçikliyi, əhalisinin sayının çoxluğu, azlığı, təbii sərvətləri ilə deyil, qarşılıqlı faydalı əməkdaşlıq etməsi, birləşdirici güc rolunu oynaması, beynəlxalq hüquq normalarına ciddi riayət etməsi, haqq-ədaləti qoruması, etibarlılığı, dürüstlüyü, sözü və işinin bir olması və sairə ilə ölçülür. Bunlara isə ölkə rəhbərimiz dünya işlərini mükəmməl bilməsi, zəkası, iş üslubu, bacarığı, tükənməz enerjisi, qətiyyəti və yüksək mədəniyyəti ilə nail olunub.  

Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr edilmiş Pekində keçirilən paradda iştirakı da millətimizə qürur verdi. Müharibədə Avropada faşist Almaniyası və Uzaq Şərqdə militarist Yaponiyası üzərində qələbənin qazanılmasında antihitlerçi koalisiyanın tərkibində Azərbaycan xalqı da müstəsna rol oynayıb. Dünya müharibəsində azərbaycanlıların iştirakı və qəhrəmanlığı aşağıdakı bir neçə sahədə olub: sovet ordusu sıralarında ön cəbhədə vuruşublar; arxa cəbhədə əmək şücaəti göstəriblər; müharibə motorlar müharibəsi olduğundan Azərbaycan cəbhəni yanacaqla təchiz edib; azərbaycanlılar cəbhəni isti paltar və ərzaqla təmin ediblər; işğal altındakı ölkələrdə partizan hərəkatında iştirak ediblər; antifaşist müqavimət hərəkatında igidliklər göstəriblər; SSRİ-nin xarici aləmə çıxışı Bakıdan keçərək olub, Azərbaycan nəfəslik rolunu oynayıb, Moskva - Bakı - Tehran hava yolu və  Moskva - Bakı - Tehran dəmir yolu xətti işləyib; SSRİ-nin Birləşmiş Ştatlarının tətbiq etdiyi lend-liz sistemi ilə aldığı hərbi ləvazimat Azərbaycan ərazisindən keçərək cəbhəyə aparılıb; legioner dəstələrində Hitler Almaniyasına qarşı təxribatçılıq fəaliyyətləri aparılıb, aerodromların tikintisi, texnikanın təmiri yubadılıb və sairə. 

Paradda iştirak tariximizin bu səhifəsinə hörmət və ehtiramın nümunəsidir. Həm də tarixdən düzgün nəticə çıxarmaqda bəzi təkəbbürlü, imperiya təfəkkürlü şəxslərə dərs verir.

"Bir millət, iki dövlət''in yeni örnəyi: Kahramanmaraşda "Azərbaycan" məhəlləsi

Hansı sistemdə və ideologiyada yaşamasından asılı olmayaraq, Azərbaycan xalqının qəlbi Türkiyə, türk xalqının da ürəyi Azərbaycanla döyünüb. Buna dair uzaq və yaxın tarixdən çoxlu nümunələri gətirmək olar. Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycan və Türkiyə arasındakı münasibətləri "bir millət, iki dövlət" kimi qiymətləndirərək tarixə həkk etmişdisə, Prezident İlham Əliyev onu daha da genişləndirib "türk dünyası bizim ailəmizdir" deyərək bu ideyasını həyata keçirməkdən ötrü geniş fəaliyyət göstərmişdir.

Qardaşlığımızın sırasına bu il iyunun 19-da  Kahramanmaraşda prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birlikdə "Azərbaycan" məhəlləsini açmaları daxil oldu. Bu, sıradan bir məsələ deyildi. Çünki təkbaşına, heç bir xarici yardım olmadan ərazilərini işğaldan azad, böyük məsrəflər tələb edən tikinti-quruculuq işlərini həyata keçirməklə, keçmiş məcburi köçkünləri ata-baba torpaqlarına qaytarmaqla paralel olaraq Azərbaycan 2023-cü ilin fevralında qardaş Türkiyədə Kahramanmaraşda zəlzələnin nəticələrini aradan qaldırmağa gedən ilk ölkə olmuşdu. Bu hadisəni Azərbaycan milləti öz faciəsi kimi qəbul edərək bütün şəhər və rayonlarda insani yardım göstərmək üçün məntəqələrə gəlib qardaşlıq borcunu yerinə yetirmişdi. Zəlzələdən iki il keçməsinə baxmayaraq, Azərbaycanın inşa etdiyi 90-dan çox binadakı 1200 mənzildə yaşayacaq türk bacı-qardaşlarımız sevinc içərisində idi. Uşaqların və məktəblərin də qayğıları həll edilmişdi. Məhəllənin tikilməsi təkcə dövlətimizin maliyyə-iqtisadi qüdrətini deyil, eyni zamanda çətin şəraitdə qardaşın yanında olduğunu və ürək genişliyini göstərdi.  

İnsanlara daim sevinc bəxş edən, qayğılarını unutduran, qəlblərində ümid çırağı yandıran, ayağı dəyən yerləri gülüstana çevirən Prezident İlham Əliyevin Kahramanmaraşdakı bacı-qardaşlarımıza mənzillərin açarlarını təqdim etməsi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarındakı mənzərəni xatırlatdı. Açılış mərasimindəki nitqində dövlət başçımız Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi baxımından bir sıra vacib məsələləri söylədi. "Azərbaycan" məhəlləsinin açılışı iki qardaş ölkənin və millətin birliyinin, dostluğunun daha bir təzahürü oldu. Yaxşı və ağır günlərdə də daim bir-birinin yanında olmaları Azərbaycan və Türkiyənin gücünü artırır. 

Türk ailəsinin yeni hədəfi: ortaq hərbi güc 

Tarix boyu dədə-babalarımızın arzusu türk birliyinin - Turanın qurulması olub. Birlik isə özü-özündən yaranmır, onu dövlət rəhbərləri qərarları ilə addım-addım gerçəkləşdirirlər. Həmin yolda atılan vacib addımlardan biri Qəbələdə oktyabrın 7-də keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü oldu. Toplantıda etdiyi nitqində Prezident İlham Əliyev türk dünyasının bu günü və gələcəyinə dair zəruri məsələləri diqqətə çatdırdı. Təşkilat təkcə əməkdaşlıq platforması deyil, eyni zamanda ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır, beynəlxalq nüfuzu artır, üzv ölkələrdəki daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, demoqrafik inkişaf, gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii ehtiyatlar, hərbi və hərbi-texniki sahədə artan potensialı olan təşkilatın beynəlxalq aləmdə rolunu gücləndirir. Ortaq tarixi, etnomədəni kökləri və milli-mənəvi dəyərləri olan türk dünyası bir ailədir. İnkişaf üçün əsas amillərdən biri sülh və təhlükəsizlik olduğundan təşkilatın üzvü olan ölkələr də xalqlarının xarakterindən irəli gələn sülhə çalışırlar. Lakin sülhü və təhlükəsizliyi bəyanatlarla qorumaq mümkün deyildir. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu indiki şəraitdə təhlükəsizlik təmin edilmədən davamlı inkişaf, inkişaf da olmadan etibarlı təhlükəsizlik olmadığından qardaş ölkələrin arasında çoxtərəfli formada hərbi və hərbi-texniki əməkdaşlıq zəruridir. Bu baxımdan, dövlət başçımızın hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsinə dair təklifinin gerçəkləşdirilməsi münasibətləri tamamilə yeni keyfiyyət səviyyəsinə çıxaracaqdır. Hərbi güc olmadan dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq mümkün deyildir. 

Nəqliyyat-kommunikasiya əlaqələri də təşkilat çərçivəsində strateji əhəmiyyət daşıyır. Azərbaycan Türkiyə ilə Türküstan arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Artıq Çindən Avropaya daşınan yüklər Azərbaycan ərazisindən keçərək təkcə Gürcüstandan gedən Bakı - Tbilisi - Kars deyil, Bakı - İran ərazisi - Naxçıvan - İğdır dəmir yolu ilə, Ermənistan ərazisindən keçərək bir neçə yolla qardaş Türkiyəyə göndəriləcəkdir. Qardaş Türkiyə də yükləri yalnız Bakı-Tbilisi-Kars dəmir yolu ilə deyil, Bakı-İran ərazisi - Naxçıvan-İğdır dəmir yolu,  Ermənistan ərazisindən keçib Naxçıvana qədər gələn, oradan İğdıra gedən yolla və bərpa olunan Gümrü-Kars dəmir yolu ilə qəbul edəcəkdir. Bu, əhəmiyyətinin miqyasına görə geosiyasi və geoiqtisadi inqilab, böyük türk dünyasının zəfəridir! Azərbaycan, Türkiyə və bütövlükdə Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq etmədən bu işləri gerçəkləşdirmək mümkün deyildir. Dünyanın ürəyi olan Avrasiyaya və geriyə, Şərqdən Qərbə, Qərbdən Şərqə tək rahat, təhlükəsiz və sərfəli yol Azərbaycandan keçir.

Prezident İlham Əliyevin 1926-cı ildə Bakıda təşkil edilmiş I Türkoloji Qurultayın 100 illik yubileyinin TDT çərçivəsində 2026-cı ildə keçirilməsinə dair təklif verməsi təkcə tarixi köklərə ehtiramın ifadəsi deyil, eyni zamanda türk millətlərini birləşdirən sarsılmaz həmin tarixi zəmindən güc alaraq daha da irəli getməkdir. 

Dövlət başçımızın özbək, qazax və qırğız qardaşlarımızın hədiyyəsi olaraq Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin fəaliyyət göstərmələrini, macar qardaşlarımızın hədiyyəsi olaraq Cəbrayılda məktəbin tikintisinin davam etdirilməsini, türkmən qardaşlarımızın ərməğanı kimi Füzuli məscidinin təməlinin qoyulmasını deməsi təkcə təşəkkür etmək deyil, belə fəaliyyətlərlə daha da möhkəmləndirilən türk birliyinin vacibliyinin gələcək nəsillərə yol göstərilməsidir. Məktəb və məscidlərin tikintisi öz gücünü elm və təhsilindən, mənəvi-ruhani köklərindən alan türk millətlərinin onları qoruyaraq irəli gedəcəklərindən, bir yerdə olduqca həmişə zəfər qazanacaqlarından xəbər verir.

Zəfərin 5-ci ildönümündə möhtəşəm hərbi parad:  bir ürəkdə üç qardaş

 

Tariximizin ən böyük hərbi, siyasi, diplomatik, iqtisadi, ideoloji, milli-mənəvi, informasiya qələbəsinin nəticəsində separatizmin kökünün tamamilə kəsilməsi ilə dövlət suverenliyimizin tam bərqərar edilməsinin 5 illiyinin coşqu ilə bayram edilməsi millətimizə ruh verdi. Qələbəni Azərbaycan təkbaşına, öz gücü hesabına Prezident İlham Əliyevin rəhbərliyi altında qazansa da, təkcə ölkəmizin deyil, bütün türk dünyasının, haqsızlığa uğramış xalqların mübarizə əzmini artıran 8 Noyabr Zəfərinin beşinci ilində hərbi paradın keçirilməsi dostlara sevinc bəxş etdi, bədxahları isə qəm dəryasına boğdu. Qardaş Türkiyənin və Pakistanın hərbçilərinin də paraddan keçməsi, rəhbərlərinin sülh çağırışları ilə dolu nitqləri üç dövlətin bir ürəkdə birləşdiyini göstərdi. Qüdrətli Silahlı Qüvvələrimizin hissələrinin keçidi, müdafiə sənayemizin yeni silahlarının nümayişi qürur verdi. Bir vaxtlar patron istehsal edə bilmirdik. Azərbaycan haradan haraya gəldi!  Bu, eyni zamanda tarixdə şəxsiyyət amilinin nə qədər böyük rol oynadığını sübut etdi.

Daşkənd səfərinin böyük  zəfəri

Diplomatiya tarixinin təcrübəsi göstərir ki, maddi təməlləri və qarşılıqlı asılılığı möhkəm olmayan ittifaqlar müəyyən şəraitlərdə dağılıb, iştirakçı dövlətləri və xalqları düşmənə çevrilərək üzücü müharibəyə cəlb ediblər. Günümüzdə də bunun nümunələri vardır. Prezident İlham Əliyevin tarixi xidmətlərindən biri dünya siyasətində və dövlətlərarası münasibətlərdə Azərbaycanın rolunu qarşılıqlı əməkdaşlıqla və maddi təməllərini möhkəmləndirməklə artırmasıdır. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə bunun şahidi olduq. Toplantının gedişi və yekunu iki böyük məsələ ilə diplomatiya tarixinə keçdi. Birincisi, Azərbaycan Respublikasının Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın qurduğu Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına bərabərhüquqlu iştirakçı kimi qəbul edilməsi qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq xarakteri daşıdığını, vahid tarixi, mədəni və geosiyasi məkan olduğunu bir daha təsdiqləməklə ümumi maraqlara əsaslanan birliyin maddi təməllərinin möhkəmləndirilməsidir. Artıq dünya nəhəngi və ya nəhəngləri beş deyil, əlverişli coğrafi-siyasi mövqeləri, zəngin təbii sərvətləri, çalışqan, gənc və artan demoqrafik göstəriciləri, əhalisinin ümumi sayı təxminən 100 milyon nəfərə yaxın, ərazisi isə təxminən 4,09 milyon km2 olan altı dövlətlə bir masa arxasında oturub müzakirə aparmalı olacaqlar. 

İkincisi, Prezident İlham Əliyevin həcmcə kiçik olsa da, məzmunca geniş, mahiyyətcə dərin olan nitqində həm ikitərəfli Azərbaycan - Özbəkistan münasibətlərinə qiymət verməsi, həm islam dini dəyərlərinin əleyhinə olan fəaliyyətlərə qəti mövqeyini bildirməsi, həm də Azərbaycan - Mərkəzi Asiya dövlətlərinin münasibətlərini təhlil edərək gələcək əməkdaşlığın perspektivlərini və görüləcək işləri vurğulaması çox əhəmiyyətli idi. Bu ölkələrdən birinin uğuru hamısının ümumi nailiyyətidir. Qardaş ölkə rəhbərinin təşəbbüsü ilə Daşkənddə İslam Sivilizasiyası Mərkəzinin qurulmasını zəngin mədəni irsə sadiqliyin daha bir nümunəsi kimi qeyd etməsi Prezident İlham Əliyevin bütün beynəlxalq görüşlərdə mənəvi-ruhani köklərimizə, dəyərlərimizə sıx bağlılığını və dərin ehtiramını göstərir. Dövlət başçımızın dünyada islam dininin əleyhinə olan meyillərə cavab olaraq dediyi "İslam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir. İsam aləminin görkəmli nümayəndələri dünya elminə, mədəniyyətinə böyük töhfə veriblər və İslam Sivilizasiyası Mərkəzi bunu əyani şəkildə nümayiş etdirir. Əminəm ki, möhtəşəm və nadir ekspozisiyaları olan Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bütün islam dünyası üçün qürur mənbəyinə çevriləcək" fikirləri həm həmin qüvvələrə tutarlı bir cavabdır, həm də bütün müsəlman xalqlarına elm, təhsil və mədəniyyətin inkişafı istiqamətində zamanla ayaqlaşmaqda tövsiyədir.

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin xüsusi xarakter daşıdığının, çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəyliyin birləşdiyinin, bu əlaqələrin qorunub saxlandığının, onlara müttəfiqlik, strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika verilməsinin deyilməsi indiyədək yürüdülən siyasətin uğurlu nəticəsinin bəyan edilməsidir. Xəzər dənizi ilə ayrılıb, birləşsələr də, fərqli coğrafiyalarda yerləşsələr də, qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya dövlətləri və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiona çevriliblər. 

Dövlət başçımızın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərinin dirçəldilməsində Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyinə dair konkret faktları bir daha söyləyərək yüksək qiymətləndirməsi təkcə minnətdarlıq hissi deyil, eyni zamanda qardaşlığın və həmrəyliyin nümunəsi kimi gələcək nəsillərə də örnəkdir. Qardaşların sevinci də, kədəri də, taleyi də ortaqdır.

Azərbaycanın və Mərkəzi Asiyanın Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd, qovşaq və körpü olduğunun vurğulanması həm tarixin ənginliklərindən keçib gələn hadisə və proseslərdə qardaş, dost ölkələrin mühüm rol oynadığını göstərir, həm də indi və bundan sonra həmin dövlətlərə və millətlərə başqa cür baxmaq xəyalında olanlara bir işarədir. Ölkə rəhbərinin Orta dəhlizin inkişafının Mərkəzi Asiya dövlətləri üçün strateji əhəmiyyət kəsb etdiyini deməsi konkret hədəfin bəyan olunması idi. Bu, həmin ölkələrin təkcə yüklərinin etibarlı beynəlxalq nəqliyyat qovşağına çevrilən Azərbaycandan təhlükəsiz keçərək ticarət-iqtisadi maraqlarının rahat təmin edilməsi, münasibətlərinin maddi təməllərinin möhkəmləndirilməsi deyil, eyni zamanda bəlli tərəfdən və ya tərəflərdən edilən təzyiqlərin azaldılması, dövlət müstəqilliklərinin möhkəmləndirilməsinə, sarsılmaz və əbədi olmasına kömək deməkdir. Zəngəzur dəhlizi Orta dəhlizin əsas arteriyasına çevrilərək Mərkəzi Asiya dövlətlərini Avropaya bağlayacaq, Naxçıvan isə dünyanın vacib nəqliyyat qovşağına çevriləcəkdir. Birləşdirici rol oynayan və bir sıra dövlətlərin ehtiyac duyduğu güc olan Azərbaycan qüdrətinin yeni mərhələsindədir.  

Prezident İlham Əliyev tarixi təkrar etmir, millətimizin gözlərinin qarşısında onu kökündən dəyişərək yenisini yaradır. Bir neçə hadisənin qısa təhlili milli dövlətçilik tariximizdə şəxsiyyət amilinin nə qədər böyük rol oynadığını sübut etməklə yanaşı, millətimizi arzularına çatdıran bu siyasətin davam etdirilməsinin zəruriliyini aşılayır...

Musa QASIMLI,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Seçilən
45
azerbaijan-news.az

1Mənbələr