AZ

“Avro ilə əməliyyatlar risklidir”

““Möhürlü dollar” məsələsindən sonra insanların davranışı daha çox psixoloji və riskdən yayınma ilə bağlıdır. Dolların nağd dövriyyəsi, banklarda qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı yaranan qeyri-müəyyənlik insanlarda “tək valyutaya bağlı qalmaq təhlükəlidir” düşüncəsini gücləndirdi. Bu səbəbdən bir qisim insan manatı dollara yox, avroya çevirməyi daha təhlükəsiz variant kimi görməyə başladı. Burada əsas motiv qazancdan çox riski bölüşdürməkdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib.

Ziya

Onun sözlərinə görə, avro ilə bağlı marağın artmasının bir səbəbi də onun dollar qarşısında dövri olaraq möhkəmlənməsidir: “Avro-dollar məzənnəsi qlobal bazarda daim dəyişir və müəyyən dövrlərdə avro dolları üstələyə bilir. Bu zaman manatla avro alan şəxs sonradan avronu dollara çevirəndə və ya manat qarşısında saxlayanda əlavə qazanc əldə edə bilər. Amma bu qazanc avtomatik və zəmanətli deyil, çünki eyni şəkildə dolların yenidən güclənməsi də mümkündür. Avro saxlamağın üstünlüyü ondadır ki, insan yalnız dollar riskinə bağlı qalmır. Valyuta portfeli daha balanslı olur və dolların zəiflədiyi mərhələlərdə avro müəyyən qoruyucu rol oynaya bilər. Digər tərəfdən, Avrozonada iqtisadi və siyasi risklər, faiz qərarları və böhran ehtimalları avronun dəyərinə ciddi təsir göstərə bilər. Yəni avro da “təhlükəsiz liman” deyil, sadəcə alternativdir”.

 

A.Nəsirli onu da əlavə edib ki, Azərbaycan manatının dollara bağlılığı səbəbindən daxili bazarda əsas sabitlik dollar üzərində qurulub: “Manatın dollar qarşısında kəskin dəyişməsi gözlənilmir, amma manatın avroya qarşı dəyəri birbaşa dünya bazarındakı avro/dollar nisbətindən asılıdır. Buna görə də avro ilə əməliyyatlar daha dəyişkən və risklidir. Bu gedişatı ümumilikdə normal bazar reaksiyası kimi qiymətləndirmək olar. İnsanlar qeyri-müəyyənlik artanda valyutalarını bölüşdürməyə çalışırlar. Avroya keçid daha çox qorunma və ehtiyat davranışıdır, sürətli və zəmanətli qazanc strategiyası deyil. Qısa müddətdə bəzi insanlar qazana bilər, digərləri isə itki ilə üzləşə bilər. Uzunmüddətli baxışda isə əsas məsələ tək bir valyutaya kor-koranə bağlanmamaq və riskləri düzgün qiymətləndirməkdir”.

 

Şəhanə Quliyeva

Tarix: 24 Dekabr 2025, 08:10   
Seçilən
24
pravda.az

1Mənbələr