AZ

Məhkəmə Nyu-Yorkda miqrantlara nəzarətin sərtləşdirilməsini rədd edib

Federal hakim ştat qanunlarının Konstitusiyaya zidd olmadığını bildirib...

Poliqon xəbər verir ki, Nyu-York ştatının Olbani şəhərində fəaliyyət göstərən federal hakim Enn Nardaççi ABŞ prezidenti Donald Tramp administrasiyasının ştat qanunvericiliyinin immiqrasiya nəzarətinə mane olduğu barədə arqumentləri ilə razılaşmayıb. Reuters agentliyinin məlumatına görə, hakim ABŞ Ədliyyə Nazirliyinin 2019-cu ildə qəbul edilmiş Sürücülük vəsiqələrinə çıxış və şəxsi həyatın toxunulmazlığı haqqında qanunun bloklanması ilə bağlı iddiasını rədd edib. Sözügedən sənəd ictimaiyyətdə “Yaşıl işıq qanunu” kimi tanınır.

Bu qanun ABŞ-də qanunsuz yaşayan miqrantlara sürücülük vəsiqəsi almağa imkan verir. Eyni zamanda, demokratların nəzarətində olan Nyu-York Ştatının Nəqliyyat Vasitələri Departamentinə avtomobillər və ünvanlar barədə məlumatları federal immiqrasiya orqanları ilə bölüşməyi qadağan edir. İddiaçılar bu müddəaların ABŞ-nin Konstitusiyasını pozduğunu irəli sürsələr də, cavabdeh qismində çıxış edən ştat qubernatoru Keti Hokul və baş prokuror Letisiya Ceyms iddianı əsassız adlandırıblar.

Reuters qeyd edir ki, hakim Enn Nardaççi vaxtilə prezident Co Bayden tərəfindən vəzifəyə təyin edilib. O, qərarında Tramp administrasiyasının qanunun Konstitusiyaya zidd olduğunu inandırıcı şəkildə sübut edə bilmədiyini vurğulayıb. Hakim, həmçinin federal səviyyədə ştatların standart sürücülük vəsiqəsi üçün müraciət edən şəxslər barədə məlumatları immiqrasiya qurumlarına ötürməsini tələb edən ayrıca bir qanunun mövcud olmadığını bildirib.

Qeyd edək ki, ABŞ baş prokuroru Pəm Bondi bu iddianın qaldırıldığını hələ fevral ayında elan etmişdi. Sözügedən məhkəmə iddiası Respublikaçı prezident administrasiyasının demokratların idarə etdiyi və “sığınacaq yurisdiksiyaları” adlandırılan bölgələrə qarşı apardığı hüquqi kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr