Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Zəmanəmizin əbədiyaşar dahisi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəni ziddiyyətlər burulğanından xilas etdi, Azərbaycanda yeni iqtisadi strategiyanın əsası qoyuldu.
Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamız bütün sahələrdə özünün dinamik inkişafı ilə dünya birliyinin diqqət mərkəzində olmuş və bu şərəfli tarixin hər gün yeni, daha parlaq səhifələri yazılır. Bu illər ərzində iqtisadi baxımından Azərbaycan qədər sürətlə inkişaf edən az ölkələr olmuşdur.
Ötən illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafelərini özündə əks etdirməsi dövlət başçısı İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirdi. Ümumilikdə geridə qalan 22 il Azərbaycan dövlətinin yüksəlişi və öz hədəflərinə yetişməsi üçün formalaşdırdığı böyük potensialın bütün əzəməti ilə reallığa çevrildiyi əlamətdar mərhələdir. Müdrik xalqımızın 22 il öncə inanıb taleyini etibar etdiyi İlham Əliyev həyata keçirdiyi qlobal layihələrlə Ümummilli Liderin zəngin dövlətçilik işində müəyyən olunmuş böyük amalları həyat gerçəklərinə çevirən qüdrətli siyasi xadim olduğunu təsdiqləmişdir. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə əsaslanması bir sıra strateji sahələrdə əldə olunmuş uğurlar fonunda aydın görünür.
Hazırda Azərbaycan dövlətinin çoxəsrlik şanlı tarixinin ən parlaq intibah dövrünü yaşadığını qürurla söyləyə bilərik. Azərbaycanın müstəqillik dövrünün yarıdan çoxu Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi illərinə təsadüf edir. Bu gün dünya dövlətləri arasında ləyaqətlə ucalaraq sahibləndiyimiz mövqe hər bir azərbaycanlının qürur mənbəyidir.
Prezident İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətində saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Ölkə Prezidentinin xalqın mənafeyini daim uca tutmaqla həyata keçirdiyi iqtisadi siyasət strategiyasının uğurları, ilk növbədə makroiqtisadi göstəricilərdə öz əksini tapır.
Ötən dövr də Azərbaycanın iqtisadi inkişafında mühüm dövr kimi dəyərləndirilməlidir. Qazanılan iqtisadi uğurlar, əldə edilən nailiyyətlər hesabına ölkəmiz bütün sahələrdə inkişaf yolunu tutub.
2024-cü il prezident seçkilərində dövlət başçısı qarşıda dayanan vəzifələri, milli prioritetləri elan etdi. Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı respublikamızın gələcəyinə olan konseptual baxış idi. O, çıxışında qeyd etdi ki, "Hər birimiz öz fəaliyyət sferamızda fəal olmalı, əməllərimizlə ölkədə həyata keçirilən siyasi kursa layiqli töhfələr verməliyik".
Uğurların əsası, əlbəttə ki, Azərbaycan iqtisadiyyatıdır.
Cari ilin iqtisadi göstəriciləri də iqtisadiyyatın sürətli inkişaf tempini bir daha təsdiq edir. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, cari ilin yanvar-noyabr aylarında ölkədə 116 milyard 320,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, əlavə dəyər iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,2 faiz artmış, əhalinin hər nəfərinə düşən ÜDM 10,4 min manata bərabər olmuşdur. Ümumilikdə 2025-ci ilin 11 ayında sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 4,8 faiz artmışdır ki, bu da ölkəmizdə sahibkarlığın sürətli inkişafının əyani göstəricisidir. Bu dövrdə ölkə üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin eyni dövrünə nisbətən 9,4 faiz artaraq 1086 manata, əhalinin ümumi gəlirləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 73,7 milyard manata çatmışdır.
Məlum olduğu kimi, 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümüdür. Respublikamızın ali Qanununun müddəaları dövlətimizin müstəqilliyinin əsaslarını və xalqımızın iradəsini əks etdirərək ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsi üçün zəmindir.
Konstitusiyamızda vətəndaşların əsas vəzifələrinə aid edilmiş mühüm müddəalardan biri olan "Azad sahibkarlıq hüququ" onun 59-cü maddəsində əks olunub: "Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir". Konstitusiyamızda azad sahibkarlığa dair müəyyən edilmiş bu müddəa ölkəmizin iqtisadi inkişafı yolunda möhkəm təməl yaradır. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir.
Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qarşıya qoyulan nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir.
Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində ölkəmizdə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin, buna uyğun şəkildə yeni iş yerlərinin artımı ilə müşayiət olunur.
İqtisadi artım işgüzar aktivliyin və sahibkarların sayının ildən-ilə artması ilə nəticələnir. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2019-cu il yanvarın 1-i ilə müqayisədə 2025-ci il noyabrın 1-i tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 min nəfərdən çox olmuşdur. İndiyədək iqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin 54,8 min investisiya layihəsinin maliyyələşdirilməsinə 3,4 milyard manat güzəştli kreditlər verilmişdir. Fond tərəfindən 2025-ci ilin on ayı ərzində müvəkkil kredit təşkilatları vasitəsilə 5355 layihənin maliyyələşdirilməsinə 290.4 milyon manat, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə məbləğ hesabı ilə 54 faiz çox güzəştli kredit verilmişdir ki, maliyyələşdirilmiş layihələr hesabına 4 minə yaxın yeni iş yerinin açılması imkanı yaranmışdır.
Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Regionların yeni siyasi-iqtisadi reallığından söz açarkən ilk növbədə 2004-cü ildən bu günədək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası yada düşür. Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastruktur layihələri uğurla gerçəkləşib, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülmüş və hazırda inkişafa hesablanmış belə layihələrin miqyası genişləndirilməkdədir.
Azərbaycanda gedən sürətli iqtisadi inkişaf dünya reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Belə ki, cari ildə "Moody's Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqini "Ba1" səviyyəsindən "Baa3" səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu "müsbət" saxlayıb. Aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan "Moody's Ratings" agentliyinin yaydığı məlumatda qeyd olunur ki, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir.
Cari ilin iyul ayında Xankəndi və Şuşa şəhərlərində keçirilmiş III Şuşa Qlobal Media Forumu 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi. Forum Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və strateji mövqeyinin əyani göstəricisidir. Dünya mediasının yaxından izlədiyi, böyük diqqətlə yanaşdığı və geniş yayımladığı III Şuşa Qlobal Media Forumu Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin simasında ədalətin təntənəsi, haqqımızın səsidir.
Qarabağın işğaldan azad olunmasından sonra aparılan infrastruktur quruculuğu layihələrindən olan hava limanları nəinki iqtisadi nöqteyi-nəzərdən, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artırıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yaranmış yeni reallıqlara uyğun əməkdaşlıq təkliflərinə hər zaman açıq ölkə olduğunu təsdiqləmişdir.
Bu il aprelin 23-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalanmışdır ki, bu bəyanatda iki ölkə arasında ticarət, investisiyalar, "yaşıl enerji" və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə investisiya əməkdaşlığı üzrə işçi qrupun yaradılması barədə qərar qəbul olunması nəzərdə tutulmuşdur.
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə Prezidentinin rəhbərliyi ilə imzalanmış bu bəyanatın müddəalarını əsas götürərək son dövrlərdə sahibkarlığın inkişafı üçün Çin Xalq Respublikasında olan həmkarları ilə birgə bir sıra əhəmiyyətli tədbirlərin görülməsini planlaşdırır.
Cari il noyabrın 15-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfəri zamanı həmin ölkənin Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə bir daha qeyd etdi ki, Azərbaycan və Özbəkistan qarşılıqlı əlaqəni genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində fəaliyyət göstərir.
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır.
Ümumiyyətlə, iki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişafı üçün bu günədək etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanmışdır. Azərbaycan Sahibkarlar Konfederasiyası üzv təşkilatları ilə birlikdə Azərbaycan-Özbəkistan Regional forumlarında yaxından iştirak edərək, qarşılıqlı faydalı əməkdaşlıq şəraitində bir sıra əhəmiyyətli müqavilələrə imza atmışlar.
Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləmiş, Qarabağın bərpasına verdiyi töhfə - azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi iki ölkə arasında olan sarsılmaz qardaşlığın təzahürüdür.
Son illər Azərbaycanda bütün addımlar post-müharibə dövrünün yeni reallıqlarına uyğun atıldı. Vətən müharibəsindəki böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi, yenidənqurma, tikinti-quruculuq işlərinin başlanması qarşıda duran ən prioritet məsələlər idi. Azərbaycan heç kimdən yardım almadan bu missiyanı da uğurla icra etməyə başladı. Belə ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına inteqrasiyası uğurla həyata keçirilir. Bölgənin bərpa-quruculuq işlərinə infrastruktur layihələrindən başlanılıb və bu, təsadüfi deyil. Çünki mükəmməl infrastruktur yaratmadan iqtisadiyyatın bərpası və insanların məskunlaşması mümkün deyil. Odur ki, indiyədək yüz kilometrlərlə avtomobil yolunun çəkilməsi istiqamətində xeyli iş görülüb. Tarixi "Zəfər" yolunun çəkilməsi təkcə infrastruktur layihəsi deyil, şanlı qələbəmizə qoyulan abidədir.
Ölkə Prezidenti və Birinci vitse-prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət edir, müxtəlif yeni obyektlərin təməlini qoyur, hazır olan infrastruktur obyektlərinin açılışını edir. Prezident işğaldan azad olunmuş rayonlara səfəri zamanı öz çıxışlarında iş adamlarına müraciət edərək onları bu ərazilərə sərmayə qoymağa çağırır. Çıxışlarının birində qeyd etdi ki, "Mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar".
Azərbaycan Sahibkarlar Konfederasiyası Prezident İlham Əliyevin bu çağırışını dəstəkləyir və ona görə də iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük qayıdışın həyata keçirilməsinə öz töhfəsini verir.
Azərbaycan sahibkarları əmindirlər ki, birgə səylərimiz nəticəsində tez bir zamanda Qarabağımızı yenidən dirçəldəcək. İnsanların öz doğma yurdlarına dönməsinə nail olunacaq. Bu sahədə dövlətlə özəl sektor arasında dialoqun, əməkdaşlığın olması da xüsusi əhəmiyyət kəsb edir. Beş il ərzində icra olunan layihələrə diqqət yetirdikdə əminliklə deyə bilərik ki, Qarabağ tezliklə Azərbaycanın deyil, dünyanın ən gözəl guşələrindən biri olacaq. Ona görə ki, burada bərpa-quruculuq işləri müasir dünya standartlarına uyğun icra edilir. Məsələn, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri insanların ətraf mühitə ziyan vurmadan yaşamasına hesablanmışdır.
Son illərdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.
Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət ölkədə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirdi. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.
Təsadüfi deyil ki, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın keyfiyyətcə növbəti mərhələyə yüksəldilməsi və risklərin, məsuliyyətin dövlət və özəl sektor arasında optimal paylaşdırılması müasir dünyanın ən mühüm çağırışlarından biridir. Bu, dayanıqlı inkişaf üçün mühüm alətlərdən hesab olunur və əsas məqsədi müvafiq investisiya mühitinin təkmilləşdirilməsi yolu ilə bu sahədə beynəlxalq investisiyaların ölkəmizə axınının stimullaşdırılmasından ibarətdir.
Bu hədəflərə nail olunmasında isə özəl sektorun üzərinə böyük məsuliyyət və öhdəliklər düşür. Azərbaycan Sahibkarlar Konfederasiyası bu missiyanı uğurla icra etməkdə biznesə dəstək verməyə hazırdır. Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir sahibkar olaraq bu işdə yaxından yardımçı olmalıdırlar. Bütün müharibə dövründə ölkə başçısının ətrafında sıx birləşərək "dəmir yumruğ"un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəlməsi naminə səylərini daha da gücləndirirlər.
Azərbaycan sahibkarları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sahibkarlığın inkişafına verdiyi töhfəni yüksək dəyərləndirirlər. Belə ki, son illərdə ölkədə qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır ki, bu işdə Mehriban xanımın rolu danılmazdır. Ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu artırmaqla sahibkarlığın inkişafına güclü təkan verir.
Konfederasiya tərəfindən mütəmadi olaraq "yaşıl iqtisadiyyat"a keçid zamanı iş yerlərinin ədalətli şəkildə bölüşdürülməsi, "yaşıl bacarıq"ların inkişaf etdirilməsi, bu sahədə işəgötürənlərin məsuliyyəti mövzularında müzakirələr aparılaraq, gələcəkdə görüləcək işlərlə bağlı təkliflər hazırlanmışdır.
Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür. Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və digər xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir. Bununla bağlı, Azərbaycan Sahibkarlar Konfederasiyası İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan qurumlarla əməkdaşlıq edərək, son illər bir sıra yerli və beynəlxalq tədbirlərin təşkilində yaxından iştirak etmişdir. Həmin tədbirlərdə yerli və xarici şirkətlərin nümayəndələri iştirak etmişlər ki, bu da özəl sektorda sağlam qüvvələrin birləşməsinə əsaslı zəmin yaradır.
Konfederasiya İqtisadiyyat Nazirliyi ilə birlikdə sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməklə günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquqlarının qorunması istiqamətində mütəmadi olaraq iş apararaq, bu sahədə öz qüvvə və imkanlarını səfərbər etmişdir.
Azərbaycan Sahibkarlar Konfederasiyası Azərbaycan hökuməti və Azərbaycan Həmkarlar Konfederasiyası ilə birlikdə sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.
Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır. 2026-2028-ci illər üzrə Baş Kollektiv Sazişin imzalanması da nəzərdə tutulur. Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.
Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları, eləcə də digər beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya imkanlarını araşdırmaqda köməklik göstərir. Bu istiqamətdə Konfederasiyanın İtaliya, Çin, Türkiyə, Özbəkistandakı tərəfdaşları ilə birlikdə fəaliyyəti xüsusilə seçilir. Türkiyənin ən nüfuzlu sənayeçilərinin birləşdiyi İstanbul Sənaye Palatası ilə birlikdə Bakıda keçirilən B2B görüşlər ilin ən böyük tədbirlərindən biri olmaqla Azərbaycanda sənayenin inkişafı baxımından investisiya imkanlarına yeni bir baxış sərgiləmişdir.
Azərbaycan Respublikasının İqtisadi Şurasının Sahibkarlıq fəaliyyətinə mane və çətinliklərin aradan qaldırılması, habelə Biznes mühitinin yaxşılaşdırılması üzrə İşçi Qrupunun üzvü kimi Azərbaycan Sahibkarlar Konfederasiyası səmərəli fəaliyyət göstərir, ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə müxtəlif sektorlar üzrə təkliflər paketinin hazırlanmasında yaxından iştirak edir. Həmçinin müvafiq dövlət strukturları ilə birlikdə yaradılmış ikitərəfli Əməkdaşlıq Şuralarında sahibkarlığa aid məsələlərin çevik həll yollarının tapılması üçün faydalı dialoq platformasını həyata keçirir. Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi ilə baş tutan görüşlər dövlət-özəl dialoqunun ən yaxşı nümunələrindəndir.
Qeyd etmək istərdik ki, üzümüzə gələn 2026-cı ildə də Konfederasiya tərəfindən bir sıra vacib tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bütün dünyada iqtisadi inkişafın zəifləməsinə baxmayaraq, Azərbaycan rəhbərliyi 2026-cı il üçün iqtisadi inkişaf hədəflərini açıqlamış və gələcəkdə ölkə iqtisadiyyatını inkişaf etdirməklə, Qarabağ və Şərqi Zəngəzur torpaqlarını yenidən dirçəltmək kimi məqsədlərin dayandığını bildirmişdir. Azərbaycan sahibkarları işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəlməsi naminə səylərini daha da gücləndirirlər. Bu məqsədlə Azərbaycan Sahibkarlar Konfederasiyası da öz növbəsində üzv olduğu beynəlxalq təşkilatlar, xaricdə yaşayan azərbaycanlı iş adamları, eləcə də milli sahibkarlarımızın potensial imkanlarından istifadə etmək məqsədilə mütəmadi olaraq iş aparır.
Son illərin reallıqları təsdiqləyir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün gücünü bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi Liderdir.
Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimlisi olmaq, onun hörmət və ehtiramını qazanmaq daha böyük bəxtəvərlikdir. İlham Əliyev xoşbəxt insandır ki, Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib-tükənmək bilməyən qürur və iftixarıdır.
Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti