AZ

Bakı Aİ nin təzyiqlərinə humanist addımla cavab verdi  ŞƏRH

ain.az bildirir, Sherg.az portalına istinadən.

“Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələri nəticəsiz qalıb”

Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamə qərəzli yanaşmanın, ikili standartların və regional reallıqlara selektiv münasibətin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Sözügedən sənəd nə obyektiv fakta, nə beynəlxalq hüququn prinsiplərinə, nə də bölgədə formalaşmış yeni geosiyasi reallıqlara əsaslanır. Ermənistanın uzun illər ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə salınması faktına Avropa Parlamenti tərəfindən ya səthi, ya da tamamilə laqeyd yanaşılması açıq ikili standart nümunəsidir. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqların qəbul edilməməsi və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan legitim addımlarının təhrif olunması Avropa Parlamentinin vasitəçi yox, siyasi təzyiq aləti kimi çıxış etdiyini göstərir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa edib. Avropa Parlamentinin bu hüquqi əsasları görməzdən gəlməsi beynəlxalq hüquqa selektiv yanaşmanın bariz nümunəsidir. Əgər beynəlxalq hüquq prinsipləri universaldırsa, onlar bütün dövlətlər üçün eyni şəkildə tətbiq olunmalıdır. Qətnamədə yer alan ittihamlar hüquqi sübutlara deyil, siyasi sifarişlərə və birtərəfli məlumat mənbələrinə əsaslanır ki, bu da sənədin etibarlılığını ciddi şəkildə sual altına alır. 

Millət vəkili Tural Gəncəliyev Sherg.az-a açıqlamasında deyib ki, Avropa İttifaqında Azərbaycanın xeyrinə heç bir qətnamə, qərar qəbul olunmayıb. Deputatın sözlərinə görə, bizim milli maraqlarımıza uyğun sənədlər əsasən BMT-nin Baş Assambleyasında və qurumun Təhlükəsizlik Şurasında qəbul edilib: "2008-ci ildən üzü bəri BMT sənədində "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlanan bir bənd var idi. Hər il BMT Baş Assambleyasının sessiyalarında məhz həmin bəndi əsas götürərək öz maraqlarımıza uyğun sənədlərin qəbul olunmasına nail olurduq. Səs çoxluğu ilə sənədlər qəbul olunsa da, çox təəssüflər ki, əleyhinə çıxanlar daha çox Avropa İttifaqını təmsil edən dövlətlər olurdu. Avropa Parlamentində, AŞPA-da bəzi deputatlar öz qeyri-obyektiv siyasətlərini BMT müstəvisinə də daşımağa cəhd edirdilər. Amma unudurdular ki, BMT təkcə Avropa deyil, orada Afrika, ABŞ, Latın Amerikası, Böyük Avrasiya var. Ona görə də öz çirkin siyasətlərini BMT-yə sirayət etdirə bilmirdilər. Ancaq bununla belə ədalətsiz mövqe və yanaşma hər zaman mümkün olub. Bununla belə ədalətsiz yanaşma hər zaman mövcud olub. Avropa institutlarının indiki mövqeyinə geosiyasi kontekstdən yanaşdıqda hər şeyi anlayırıq. Çünki Avropa İttifaqı müflisləşmiş bir güc mərkəzi çıxış edir. Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsindən və Cənubi Qafqazda gedən proseslərdən kənarda qalıb. Avropa Parlamentinə seçilən deputatlara diqqət yetirək. Öz milli parlamentlərinə seçilə bilməyən uğursuzlar, keçmiş məmurlar, rüşvəti yaxşı bilənlər, daha çox populizmlə məşğul olan siyasilər seçilirlər. Məsələn, 2024-cü il Avropa Parlamentinə keçirilən seçkilərdə tarixdə ilk dəfə olaraq üçüncü ən çox səs qazanan partiya ultra-sağ təmayüllü ideyaları özündə ehtiva edən, islamafob mövqe tutan, miqrantlara qarşı olan bir siyasi təşkilat oldu. Bu siyasi qrupun başında da fransız Jordan Bardella durur. O, Fransanın "jirinovski"sidir və daha çox anti-Azərbaycan mövqeyi ilə tanınan bir şəxsdir. Populizm olmazsa, Avropa Parlamentinə seçilmək, orada karyera qurmaq şansı sıfırdır. Hətta AP-yə konstruktiv ideyalarla gedən siyasətçi məcburdur ki, orada təmsil olunan 8 partiyanın siyasi ideologiyası istiqamətində fəaliyyət göstərsin".

Parlament üzvü vurğulayıb ki, Avropa Parlamentindəki korrupsiya və rüşvət halları ilə bağlı skandallar bizə məlumdur: "Yeri gəlmişkən, Avropa Parlamenti Avropa Komissiyasının və Avropa İttifaqı Şurasının işi ilə bağlı da fikir müxtəlifliyinə səbəb olur. Çünki Avropa Komissiyasının prezidenti Ursula von der Lyayenlə, Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas arasında müəyyən intriqaların olduğu görünür. Bunun səbəbi həm də ayrı-ayrı mərkəzlərdən diktə alınmasıdır. Avropa Parlamenti təkcə Fransanın hegemonluğu demək deyil. Almaniya faktorunu da nəzərə almaq lazımdır. Avropa Parlamentinin ən böyük fraksiyası "Avropa Xalq Fraksiyası"nda 188 üzv var. Onun rəhbəri Almaniyanın məşhur siyasətçisi Manfred Veberdir. Bu partiya heç də hər zaman Fransanın maraqlarına xidmət etmir. İkinci böyük partiya isə ispaniyalı xanım Qarsiya tərəfindən rəhbərlik edilən "Sosialistlərin və Demokratların Tərəqqipərvər Alyansı"dır. Hazırda Avropa Parlamenti öz uğursuzluğunu, düşdüyü çıxılmaz vəziyyəti ört-basdır etmək üçün Azərbaycan kimi ölkələrə qarşı qarayaxma kampaniyası aparır. Bəlkə hesab ediblər ki, siyasi təzyiqləri olacaq. Amma Azərbaycan əleyhinə qəbul edilmiş 10 qətnamənin heç biri nəticə verməyib.

Əksinə, Azərbaycan bəzi Avropa ölkələri ilə daha sıx əməkdaşlıq etməyə başlayıb. Avropa Parlamentinin deputatları ABŞ-dən şikayətlənirlər ki, Tramp administrasiyası Aİ-ni tərk edib, onlara dəstək vermir və s. Bəs bu cür qərəzli qətnamələrin qarşılığında nə gözləyirlər? Aİ-nin qərəzli qətnaməsinə, onların aqressiv siyasətinə Azərbaycan humanist addımı ilə cavab verdi, Ermənistana neft göndərdi. Onlara ən gözəl cavab budur. Ona görə də Avropa Parlamentinin qətnamələri heç bir əhəmiyyət daşımır və populistlərin imza atdığı bir sənəddir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
sherg.az

1Mənbələr