AZ

2026-cı ilin dövlət büdcəsi Azərbaycanın inkişafına, rifahına və təhlükəsizliyinə xidmət edəcək

Dövlət suverenliyimizin iqtisadi əsaslarının möhkəmləndirilməsi yeni büdcə zərfinin prioritet hədəfidir

Fiskal dayanıqlığa hədəflənən proaktiv büdcə zərfi

Büdcə dayanıqlığına fokuslanma yeni büdcə zərfinin həm hədəfi, həm prinsipi, həm də başlıca xüsusiyyətidir. Bu o deməkdir ki, dövlət xərcləri uzunmüddətli gəlir bazası ilə uyğunlaşsın, gəlirlər konyuktur amillərdən asılı olmasın, büdcə kəsiri idarəolunan səviyyədə saxlanılsın, dövlət borcu əlavə öhdəliklər yaradaraq büdcənin yükünü artırmasın. Başqa sözlə desək, dayanıqlı büdcə mahiyyətcə dayanıqlı gəlirlərə əsaslanan büdcədir. 

Makroiqtisadi sabitliyi qorumaq, o cümlədən antiinflyasiya siyasətini dəstəkləmək, maliyyə sabitliyinə xələl gətirməmək büdcə zərfinin missiyası olmaqla bərabər həm də fundamental özəlliyidir. Nəzərdə tutulan makro-fiskal çərçivədə büdcə siyasəti ilə pul siyasətinin uzlaşdırılması inflyasiyanı cilovlamağa imkan verəcəkdir. 

Təqdim edilmiş büdcə zərfi xüsusiyyətinə görə proaktiv və ölçülü, başqa sözlə, önləyici və tədbirli fiskal siyasət mesajı verir. İqtisadi artım meyilləri xərcləmələrin konservativ artımı ilə müşayiət edilirsə, deməli, hökumət qabaqlayıcı və məsuliyyətli büdcə siyasəti həyata keçirir. Bu gələcəkdə müəyyən "ehtiyatlar" formalaşdırmaqla büdcə üçün manevr imkanları da yaradır. 

 

2026-cı ilin dövlət büdcəsi: kəmiyyət dəyişikliklərindən - keyfiyyət dəyişikliklərinə

Büdcə zərfinin başlıca xüsusiyyətlərindən biri kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçilməsi, başqa sözlə, keyfiyyət parametrlərinin və meyarlarının əsas götürülməsidir. Bu o deməkdir ki, büdcə zərfi sadəcə artım faizləri ilə deyil, dayanıqlıq və fiskal risklərdən sığortalanma qabiliyyəti ilə dəyərləndirilir. 

Növbəti ilin dövlət büdcəsinin mühüm xüsusiyyətlərindən biri iqtisadiyyatımızda və sənayedə müşahidə edilən struktur dəyişikliklərinin dövlət gəlirlərində əks olunması və büdcəyə ciddi keyfiyyət məzmunu verməsidir. 

Belə ki, 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 43 faizi və ya 16,4 mlrd. manatı neft, 57 faizi və ya 22,2 mlrd. manatı isə qeyri-neft iqtisadiyyatının payına düşür. 

2025-ci ilin proqnozu ilə müqayisədə neft-qaz gəlirləri 1,9 mlrd. manat və ya 10,2 faiz azaldığı halda, qeyri-neft-qaz iqtisadiyyatının gəlirləri 2,1 mlrd. manat və ya 10,6 faiz çox nəzərdə tutulur. 

Bu tendensiyanın nəticəsi olaraq, cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülməsi 2025-ci il üçün 81 faiz proqnozlaşdırıldığı halda 2026-cı ildə onun 88 faizə, 2029-cu ildə 100 faizə çatdırılması nəzərdə tutulur. Etibarlı büdcə dayanıqlığı üçün bu nisbəti arifmetik deyil, məhz real əsaslarla, eyni zamanda fiskal dayanıqlıqla fiskal yük arasında optimal tarazlığı gözləməklə təmin edilməlidir. 

Gəlirlər üzrə başqa bir keyfiyyət parametri ötən ilin məlumatlarına əsasən, qeyri-neft qaz vergi daxilolmalarında özəl bölmənin payının 76 faizi keçməsidir. Bu yeniləşən milli iqtisadiyyatın və büdcənin həm struktur, həm də institusional göstəricisidir. 

Dövlət Neft Fondunun büdcəyə transfertinin azaldılması keyfiyyət və dayanıqlıq göstəricisi kimi

Gələn ilin büdcə zərfini fərqləndirən daha bir mühüm cəhət Dövlət Neft Fondundan transfertin cari illə müqayisədə 1646 mln. manat və ya 11,4 faiz azaldılaraq 12,8 mlrd. manat nəzərdə tutulmasıdır. Belə bir yanaşma bir tərəfdən fondun 70 milyard dolları keçən aktivlərinin qorunmasına, digər tərəfdən də dövlət büdcəsinin neft gəlirlərindən asılılığının daha da azalmasına şərait yaradır. Belə ki, transfertin dövlət büdcəsi gəlirlərindəki payı 2020-ci ildəki 49 faizdən, 2025-ci ilin sonuna 38 faizə, 2026-cı ildə 33 faizə enəcəkdir. 

Orta müddətdəki dövrdə hər iki göstəricinin - həm fonddan büdcəyə transfertin məbləğinin, həm də büdcə gəlirlərində transfertin payının azaldılması planlaşdırılır. Bu, hökumət tərəfindən qarşıdakı 3 il ərzində büdcə qaydasına uyğun olaraq, icmal büdcənin qeyri-neft baza kəsirinin aşağı həddə saxlanılması hədəfi ilə bağlıdır. 

Müsbət haldır ki, Dövlət Neft Fondunun hətta transfertləri nəzərə alınmasa belə, büdcə gəlirlərimiz artım dinamikasına malikdir. Belə ki, transfertsiz büdcə gəlirləri 2023-cü ildə 23,5 mlrd. manat təşkil etdiyi halda, cari ilin sonuna 24,7 mlrd. manat, 2026-cı ildə isə 25,8 mlrd. manat gözlənilir. Rəqəmlərdən göründüyü kimi, 2026-cı ildə büdcə gəlirlərinin 0,7 faiz artımı fonunda transfertsiz gəlirlərimiz 4,5 faiz artacaqdır. 

Büdcənin konservativ artımı onun zəif bəndidir, yoxsa güclü tərəfidir?

Dövlətin gəlir və xərclərinin konservativ artımı növbəti ildə nəzərdə tutulan büdcə siyasətinin mahiyyətindən və fəlsəfəsindən irəli gəlir. Bu məsələnin üzərində xüsusi olaraq dayanmaq istərdim. Belə ki, ictimai müzakirələrin gedişində aşağı artım tempini büdcə zərfinin zəif bəndi kimi təqdim edənlər də oldu, az qala maliyyə böhranı kimi xarakterizə edənlər də. Bu fikirlər mövcud reallıqları doğru-düzgün əks etdirmir və dövlətin iqtisadi siyasətini təhrif edir. 

2026-cı ildə gəlirlərin 253 milyon manat, xərclərin isə 296 milyon manat olmaqla 0,7 faizlik mühafizəkar artımı dövlət büdcəsinin zəif deyil, biz hesab edirik ki, məhz güclü tərəfidir. Neft Fondundan büdcəyə transfert azalmasaydı, həm gəlir, həm də xərclər 5 faizə kimi arta bilərdi. Lakin bu cür artımlar dayanıqlı büdcə prinsipi ilə uzlaşmır, orta və uzunmüddətli dövrdə ciddi fiskal risklər yarada bilər.

Ümumiyyətlə, iqtisadi siyasəti, o cümlədən büdcə zərfini dəyərləndirərkən onun parametrlərinə qısamüddətli rakursda deyil, orta və uzunmüddətli perspektivdə baxmalıyıq. Belə ki, bəzi göstəricilər qısamüddətli dövrdə zəif bənd təəssüratı yaratsa da, perspektiv dövrdə o güclü bənd kimi çıxış edir. 

Dünyanın heç bir ölkəsində büdcənin aşağı rəqəmli artımı patologiya kimi qəbul edilmir. Çünki büdcənin qiymətləndirmə meyarı onun artım dinamikası deyil, dayanıqlı olması, maliyyə resurslarının ünvanlı bölgüsü və səmərəli istifadəsidir. 

Büdcənin dinamikası iqtisadı artımla, inflyasiya səviyyəsi ilə uzlaşdırılmalıdır. İqtisadi artım tempini və inflyasiyanın səviyyəsini qabaqlayan xərc artımları birmənalı olaraq makroiqtisadi sabitliyi pozur. Xərclərin daha az artımı maliyyə-büdcə problemini deyil, hökumət tərəfindən xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi təşəbbüslərini göstərir. 

Bir çox ölkənin təcrübəsinə əsasən qeyd edə bilərik ki, daha çox xərcləmək heç də həmişə inkişaf və rifah gətirmir. Əksinə, nə qədər təzadlı görünsə də, bir çox hallarda makroiqtisadi və sosial baxımdan fəsadlar doğura bilir. 

Vergi təşviqləri ilə dəstəklənən dövlət büdcəsi

Büdcə zərfi ilə bağlı səslənən fikirlərdən biri bundan ibarətdir ki, guya hökumət vergiləri artırmaqla büdcə gəlirlərini təmin etmək niyyətindədir. Bu fikirlər də reallığı əks etdirmir. Büdcə daxilolmaları vergi yükünü artırmaq hesabına təmin edilsəydi, nə üçün cəmi 0,7 faiz artırdı? Məqsəd vergi yükünü artırmaqdırsa da, nə üçün dövlət tərəfindən növbəti ildə büdcə gəlirlərinin 17 faizi həddində, yəni 6,6 milyard manatlıq vergi-gömrük güzəşt və azadolmaları tətbiq edilir? 

2026-cı ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə dəyişikliklər edilmişdir. Bu dəyişikliklər biznes və vətəndaşlar üçün nə vergi yükünü artırır, nə "qeyri-stabillik yaradır", nə də "biznesin planlaşdırılmasını çətinləşdirir". Əksinə, yeni sahələr üzrə təşviqlərin verilməsini, vergi yığımı bazasının genişləndirilməsini, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərinin gücləndirilməsini, daxili bazarın qorunmasını, idxaldan asılılığın azaldılmasını, vergi inzibatçılığının təkmilləşdirilməsini nəzərdə tutur.

Vergi Məcəlləsinə dəyişikliklər, ilk növbədə, qeyri-neft özəl sektorda əməkhaqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır. 

2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və əməkhaqqının əhəmiyyətli leqallaşması olmuşdur. 

İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayında 2 dəfəyədək, əməkhaqqı fondunda 2 dəfədən çox artımlar əldə edilmişdir. 

2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14 faiz, 2500 manatdan artıq gəlirlər üzrə isə 25 faiz tətbiq olunmalıdır. Ancaq Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəcələrinin olduğu kimi yenidən bərpasını deyil, yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur. Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14 faiz əvəzinə 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz dərəcə ilə tətbiq ediləcək. Bu addım sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək. 

Həmçinin işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş vergitutma rejiminin eynilə Naxçıvan Muxtar Respublikasına da şamil edilməsi nəzərdə tutulur. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadetmə tətbiq ediləcək. Bu dəyişikliyin məqsədi muxtar respublikada iqtisadi fəallığın artırılması, investisiyaların cəlbi, məşğulluq səviyyəsinin və rifahın yüksəldilməsidir.

Dəyişikliyə əsasən, həm də muxtar respublikada sığortaedənlər tərəfindən işçilərə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması təklif edilir. 

Vergi Məcəlləsinə edilən dəyişikliklər həmçinin nağdsız əməliyyatların təşviq edilməsini, qanunsuz sahibkarlıqla mübarizəni, kənd təsərrüfatına dəstəyin artırılmasını, balıqçılığın inkişafını, fərdi sahibkarların sosial sığorta yükünün optimallaşdırılmasını, yerli avtomobil istehsalına dəstəyin genişləndirilməsini, dövlət-özəl tərəfdaşlığı layihələrinin stimullaşdırılmasını, media fəaliyyətinə dəstəyin davam etdirilməsini, aksizli malların siyahısının genişləndirilməsini, bir sıra mallara tətbiq edilən aksiz dərəcələrinin mərhələli artırılmasını və sairəni əhatə edir.

Proqnoz göstəricilərdən real xəzinəyə

Nəzərə almalıyıq ki, büdcə zərfi mühüm strateji sənəd olmaqla yanaşı, mahiyyətcə, dövlətin gəlir və xərcləri üzrə qanunla təsdiq edilən proqnoz rəqəmlərdir. Bu proqnoz göstəricilərin real xəzinəyə - dövlət xərcləmələrinə çevrilməsi vergi daxilolmaları hesabına büdcə gəlirlərinin formalaşdırılmasından asılıdır. Bunun üçün milli iqtisadiyyatımızın gəlir yaratmaq qabiliyyəti gücləndirilməli, iqtisadi imkanlarımız səfərbər olunmalı, sahibkarlıq potensialı tam hərəkətə gətirilməlidir.

Özəl sektorun ÜDM-də 81 faiz, tikintidə 89, məşğulluqda 79, xidmət sektorunda 72 faiz paya malik olması Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyinin nəticəsidir. Bu göstəricilər eyni zamanda sahibkarların iqtisadi quruculuq prosesində fəal iştirakını təsdiq edir. Ölkəmizin bugünkü inkişaf mərhələsində artıq özəl şirkətlər, hətta hərbi sənaye quruculuğuna cəlb edilir. Bu həm də dövlətimizin özəl sektora etibarı və etimadıdır. Sahibkarlıq potensialından nə qədər səmərəli istifadə edilərsə, onun iqtisadi artıma və rifaha da bir o qədər ciddi töhfəsi olacaqdır. 

Büdcə konsolidasiyasının iqtisadi artım tempini qısamüddətli dövrdə zəiflədə biləcəyini nəzərə alaraq, stimullaşdırıcı tədbirlərin dairəsini genişləndirməliyik. Nəzərə alınmalıdır ki, makroiqtisadi stabilliyin bir sütunu büdcə dayanıqlığı və maliyyə sabitliyidirsə də, digər sütunu davamlı iqtisadi artımdır. Bu baxımdan, fiskal, monetar, sənaye-investisiya, başqa sözlə, artım siyasətlərinin bir-biri ilə uzlaşdırılaraq vahid iqtisadi siyasətdə optimal bir şəkildə birləşdirilməsini vacib hesab edirik. 

Büdcə xərclərinin optimallaşdırılması çərçivəsində səmərəsiz xərclərin müəyyən edilməsi üçün konkret qiymətləndirmə meyarları tətbiq edilə bilər.

Büdcə zərfi mahiyyətcə maliyyə təhlükəsizliyi tədbirlərindən ibarətdir. Dövrün reallıqlarını və çağırışlarını nəzərə almaqla sosial, iqtisadi, maliyyə, enerji, ərzaq, su təhlükəsizliyi sahəsində tədbirləri əhatə edən Vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının işlənib hazırlanmasını təklif edirik. 

Həmçinin büdcə reqlamentinin təkmilləşdirilməsini, qeyri-neft gəlirlərinin və cari xərclərin hesablanması metodologiyasına, icmal büdcənin struktur komponentlərinə yenidən baxılmasını da vacib hesab edirik. 

Azərbaycan Cənubi Qafqazda möhkəmlənən regional güc kimi

Prezident İlham Əliyev qeyd etmişdir ki, "Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək".

Heç şübhəsiz, Azərbaycan regionda dünən də güclü idi, bu gün də güclüdür və müəyyən edilmiş hədəfə doğru irəliləyərək sabah daha da güclü olacaq, daha böyük coğrafiyada, o cümlədən böyük türk dünyasında regional güc mərkəzi olaraq rolu daha da artacaqdır. Cənubi Qafqaz üzrə regional iqtisadiyyatın yarıdan çoxu Azərbaycanın payına düşür. Təkcə qeyri-neft sektorunun həcmi region üzrə iki qonşu ölkənin ayrı-ayrılıqda ÜDM-dən xeyli çoxdur. Dövlət büdcəmizin qeyri-neft gəlirləri də hər iki ölkənin büdcə gəlirlərini üstələyir.

Sülh gündəliyinin de-fakto reallaşdırılmasından sonra yeni bir tarixi mərhələyə qədəm qoyuruq. Dövlətimiz döyüş meydanında qətiyyətlə və ləyaqətlə döyüşdüyü kimi, əməkdaşlıq müstəvisində də dostluğu və tərəfdaşlığı səmimiyyətlə və ləyaqətlə edir. 

Azərbaycan söz sahibi olan regional güc kimi qonşularının da iqtisadi inkişafında maraqlıdır. Biz iqtisadi problemlərimizi bildiyimiz qədər, iqtisadiyyatımızın gücünü və qüdrətini, inkişaf potensialını və imkanlarını, istifadə edilməmiş resurslarını və perspektivlərini də çox yaxşı bilirik. 

Azərbaycan Cənubi Qafqazda iqtisadi arxitekturanı müəyyənləşdirən lider dövlətdir. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına töhfə verməyə hazırdır. Lakin, nəzərə alınmalıdır ki, regionun dayanıqlı iqtisadi inkişafı, iqtisadi inteqrasiya perspektivləri yalnız və yalnız sülh gündəliyinə əməl etməkdən keçir. 

Dövlətimizin gücü təkcə onun büdcəsi ilə deyil, həm də artan beynəlxalq nüfuzu ilə müəyyənləşir

Bu gün dövlətimizin gücü təkcə onun büdcəsi, valyuta ehtiyatları ilə müəyyən olunmur. Bu güc hər şeydən əvvəl Azərbaycanın beynəlxalq nüfuzu, öz lideri ətrafında birləşmiş müdrik xalqın dəstəyi, ölkənin əmin-amanlığı, təhlükəsizliyi və sabitliyi ilə, ən başlıcası isə Prezident İlham Əliyevin strateji idarəçilik məharəti ilə ölçülür. 

Xatırlatmaq istərdim ki, ölkəmizdə ÜDM-in və büdcə gəlirlərinin 30-35 faiz artım nümayiş etdirdiyi illər olub. Lakin həqiqət bundan ibarətdir ki, indi iqtisadi artımın 2,9 faiz, büdcə artımının 0,7 faiz təşkil etdiyi bugünkü Azərbaycan həmin illərdən dəfələrlə həm güclüdür, qüdrətlidir, həm də daha artıq dərəcədə nüfuzludur. Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. 

Milli iqtisadiyyatımız orta və uzunmüddətli dövrdə ciddi inkişaf perspektivlərinə malikdir. Dövlət investisiyalarının yönəldiyi sahələrin yaxın gələcəkdə tam dövriyyəyə cəlb olunması, iqtisadi fəallığı artırmaqla yanaşı, yeni əlavə dəyər yaradacaqdır. 

Qarşıdakı dövr sahibkarlıq potensialının tam reallaşdırılması, özəl sərmayələrin, o cümlədən xarici investisiyaların milli iqtisadiyyatımıza daha geniş cəlb edilməsi ilə səciyyələnəcəkdir. Bu isə həm dayanıqlı büdcənin, həm də davamlı iqtisadi artımın əsas şərtlərindən biridir. 

Biz torpaqlarımızı azad etdik, indi isə iqtisadi və siyasi müstəvidə suverenliyimizi möhkəmləndiririk. Yeni mərhələdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımıza söykənən prinsipial dövlət siyasətinin həyata keçirilməsini davam etdiririk. Əminik ki, 2026-cı ilin dövlət büdcəsi qarşıdakı dövrdə çox mühüm, taleyüklü strateji vəzifələrin icrası, xüsusilə də dövlət suverenliyimizin möhkəmlənməsi üçün etibarlı maliyyə əsasları yaradacaqdır. 

Eyni zamanda əsas hədəfi dayanıqlılıq, səmərəlilik və keyfiyyət dəyişiklikləri olan dövlət büdcəmiz sosial rifah, iqtisadi inkişaf, təhlükəsizlik büdcəsi kimi səmərəli icra olunacaq və növbəti ildə öz missiyasını uğurla başa vuracaqdır. 

Azər ƏMİRASLANOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr