“The Wall Street Journal” qəzetinin 23 dekabr tarixli məlumatına görə, ABŞ bu həftə Karib dənizinə çoxlu sayda Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat təyyarəsi, qoşunu və texnikası yerləşdirib.
QHT.az xəbər verir ki, dekabrın 22-də bölgəyə ən azı 10 V-22 Osprey tiltrotor təyyarəsi və C-17 yük təyyarəsi gəlib, təyyarələrdə hərbi personal və avadanlıq olub. Hansı növ qoşun və avadanlıq daşıdığı barədə ətraflı məlumat verilmir. ABŞ Cənub Komandanlığının sözçüsü qeyd edib ki, hərbi obyektlərdə avadanlıq və personalın müntəzəm rotasiyası standart təcrübədir. Ağ Ev və Pentaqon isə şərh sorğularına cavab verməyib.
Bölgədə Venesuela ilə gərginliyin artması fonunda ABŞ Karib dənizində qoşun toplayır. Donanmaya daxil olan hərbi gəmilər arasında təyyarədaşıyan gəmi Gerald Ford, beş esmines, zərbə qrupu, qırıcı təyyarələr və xilasetmə helikopterləri var. ABŞ həmçinin Venesuela ilə əməkdaşlıq edən neft tankerlərini ələ keçirib və prezident Donald Tramp ABŞ-ın Venesuela ərazisinə zərbələr endirə biləcəyini bildirib.
R.İmanov