AZ

Qızıl tarixi rekordu təzələdi

Qiymətli metalın bir unsiyası 4500 dolları ötüb

Son bir ayda qlobal bazarlarda səhm və virtual pul alətlərinin, eləcə də qiymətli metalların dəyərlərində baş verən ucuzlaşmalar yenidən əks istiqamətdə davam etməyə başlayıb. Əgər noyabrın sonlarında və dekabrın birinci ongünlüyündə beynəlxalq birjalarda səhm və qiymətli kağızların, kriptovalyutaların dəyərində ucuzlaşmalar müşayiət olunurdusa, dekabrın ikinci ongünlüyündə həmin aktivlərin hər birində bahalaşmalar qeydə alınmaqdadır. Belə ki, 10 gün əvvəl qızılın bir troya unsiyasının qiyməti 4080 dollara düşmüşdüsə, dünən birja dəyəri tarixində ilk dəfə sarı metalın bir unsiyası 4500 dollara çatıb. Bu, qızılın birja satışlarındakı rekordu təzələməsidir. Nyu-York Əmtəə Birjasında qiymətli metalın yeni fyuçers qiyməti hətta 4 511,65  dollar səviyyəsinə yüksəlib. “Bloomberg” tədqiqat institunun hesablamalarına görə, 2025-ci ilin əvvəlindən etibarən qızılın birja qiymətləri 60 faizdən çox artıb.

FES-in uçot dərəcəsini endirməsi birjalarda durğunluğu aradan qaldırıb

Qızıl riskdən qorunma aləti və qiyməti dollarla ifadə olunduğu üçün bu valyutanın dəyərinin dəyişməsinə həssas reaksiya verir. Dolların alıcılıq qabiliyyətinin və bazar indeksinin güclənməsi qızıl üçün mənfi amil olmaqla sarı metala yatırımlara xərclərin dəyərini artırır. Qızıl dividend verən istiqrazların gəlirliliyi ilə də bağlıdır. Qızıl dividend vermədiyi halda və digər aktivlər daha əlverişli olduqda investorlar xərcləri həmin istiqamətə yönəldir və qızılın dəyəri düşür. Bu baxımdan beynəlxalq alıcıların qızıl yatırımlarına xərcləri artdığından alış imkanları da çətinləşir. Dolların dəyər itirməsi və pul-kredit siyasətində yumşalmalar isə yuxarıdakı proseslərin əksinə baş verməsinə səbəb olur. “Bloomberg”in qənaətinə görə, son 10 gündə bazar fraqmentasiyalarındakı dəyişikliklər qızılın satış templərlərindəki müsbət dinamikanı təmin edib və mərkəzi bankların və investorların yenidən aktiv şəkildə alışlara sərmayə qoyması dayanıqlı xarakter almaqdadır. Eyni zamanda, investorların istiqraz, səhm və virtual pul valyutalarına marağı yüksəlib.

Qızın dəyəri ilə bağlı baş verən dinamikanın arxasında isə Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FES) dekabrın 10-da uçot faiz dərəcəsini illik 3,5-3,75 faiz aralığına endirməsi əsas amil kimi dayanır. FES-in faiz dərəcəsini 0,25 faiz-bənd endirməsi pul siyasətinin liberallaşmasını sürətləndirməklə, valyuta bazarında dolların ucuzlaşmasına səbəb olmaqdadır. ABŞ pulu son 10 gündə digər aparıcı valyutalar qarşısında ucuzlaşmaqdadır. İngiltərə  funtu ABŞ dolları qarşısında kəskin şəkildə bahalaşmaqda davam edir, GBP-USD cütlüyü 1.3339 həddindən 1.3445 həddinə kimi yüksəlib. Eləcə də avro-dollar mübadiləsi 1.703 səviyyəsindən 1.1726 səviyyəsinədək yüksəlib. Habelə dollar-yapon yeni üzrə mübadilə 154.58 səviyyəsindən 161.08 səviyyəsinədək geriləyib.

2026-cı ildə qızılın dəyərinin 4550 dolları ötəcəyi fərz edilir

Qızılla bağlı gözləntilər daha nikbindir, bir unsiyanın 4550 dollara qalxacağı istisna edilmir. Məlumdur ki, ABŞ-da Tramp administrasiyasının iqtisadi baxışı və maliyyə siyasəti  ucuz dollar, bahalı qızıl və səhmlər, rəqəmsal valyuta çərçivəsinə əsaslanır. Çünki dolların ucuzlaşması  istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Çünki dolların ucuzlaşması  istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır. Bu baxımdan Federal Ehtiyat Sisteminin yumşaq pul siyasəti Amerika valyutasını ucuzlaşdırmaqla, rəqəmsal valyuta və qızıl birjalarını daha da canlandırır.

Qlobal bazar analitiklərinin fikrincə, ABŞ Federal Ehtiyatlar Sisteminin 2026-cı ilin ilk ayında pul-kredit siyasətini yumşaldacağı istisna deyil. FES-dəki bəzi ekspertlərin səsləndirdikləri fikirlər də ona dəlalət edir ki, yanvarda uçot dərəcəsi yenidən 0,25 faiz- bənd azaldılacaq. Bu proqnozlar isə investorlarda yeni motivasiyaları gücləndirir və bu ssenarilər fonunda qızıla “güvənli liman” maliyyə aləti kimi tələb artır. Bu səbəbdən sarı metalın dəyərinin ən azı 2-3 ay artmqada davam edəcəyi fərz olunur. Böyük Britaniyanın ən böyük bankı “HSBC”nin proqnozuna əsasən, 2026-cı ildə qızılın unsiya qiymətinin 5000 dollar olacağı ehtimal edilir. Qızılın dəyərinin artacağı ilə bağlı mühakimə yürüdən digər institutların ekspertləri isə bu qənaətdədirlər ki, 2026-cı ildə qiymətlərin yenidən yüksəlmə ehtimalı ən azı 5-10 faiz həddində olacaq.

E.CƏFƏRLİ

Seçilən
16
1
yeniazerbaycan.com

2Mənbələr