Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən F.Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin daha əvvəlki qərarı ilə Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə əlaqədar həbs qətimkan tədbiri seçilməsi nəzərə alınıb. Bu iş üzrə barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri isə ləğv olunub.
İttiham aktına əsasən, F.Məmmədov 01 oktyabr 2024-cü il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində, Xırdalan dairəsinin yaxınlığında yerləşən “Göytəpə” adlı servis obyektinin qarşısında xuliqanlıq hərəkətləri törədib.
Belə ki, zərərçəkmiş Sarvan Məlikli (soyadı şərtidir) ilə təqsirləndirilən şəxs arasında sonuncunun qohumu İbrahim adlı şəxsin 2024-cü ilin sentyabr ayında F.Məmmədovun ünvanına nalayiq ifadələr işlətməsi zəminində mübahisə yaranıb. Mübahisə zamanı F.Məmmədov ictimai yerdə, insanların gözü qarşısında cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud şəkildə pozan və zor tətbiqi ilə müşayiət olunan hərəkətlər edib.
Hadisə zamanı təqsirləndirilən şəxs üzərindəki bıçaqla Sarvanın sol bud nahiyəsinə bir dəfə qəsdən zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sol bud–çanaq oynağı nahiyəsində deşilmiş-kəsilmiş yara yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.
Məhkəmə iclasında F.Məmmədov ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxsin qohumu İbrahimlə əvvəllər aralarında mübahisə olduğunu, hadisənin də məhz bu mübahisə zəminində baş verdiyini söyləyib. Təqsirləndirilən şəxs xuliqanlıq niyyətinin olmadığını, hadisənin qarşılıqlı mübahisə zamanı baş verdiyini, zərərçəkmiş şəxslə barışdığını qeyd edərək əməlinin daha yüngül maddə ilə tövsif olunmasını və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edib.
Qeyd: Rəsmi məlumata görə, 2006-cı il təvəllüdlü F.Məmmədov bu il oktyabrın 15-i saat 03 radələrində Abşeron rayonu ərazisində həmyaşıdı E.Bədirova bıçaqla ağır xəsarət yetirib. Yaralı həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölüb. Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü F.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Kamal Məmmədov