AZ

Restoranda musiqi sifarişi üstündə qadını döyən şəxsə cəza verildi

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Ömər Çolaqovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 4 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.


İstintaq və məhkəmə materiallarına görə, Ömər Çolaqov 7 dekabr 2023-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Duz Gölü” restoranında sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub.


Belə ki, o, restoranda vətəndaşların gur toplaşdığı bir vaxtda zərərçəkmiş Fəridə Məmmədzadənin (adı, soyadı şərtidir) sifariş verdiyi musiqinin dəyişdirilməsini bəhanə edərək ucadan küçə söyüşləri söyüb, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib. Daha sonra Ömər zərərçəkmiş şəxsi yerə yıxaraq əli ilə bədəninin müxtəlif nahiyələrinə dəfələrlə zərbə endirib.


Nəticədə Fəridəyə sol bazunun və dirsək nahiyəsinin dərialtı hematomaları, alın və ənsə nahiyələrinin hematomaları, bel, bud və said nahiyələrinin qançırları, eləcə də müxtəlif sıyrıqlar yetirilib. Alınmış xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi qiymətləndirilib. Təqsirləndirilən şəxsin bu hərəkətləri təxminən 10 dəqiqə davam edib, nəticədə kafenin normal fəaliyyəti və orada istirahət edən şəxslərin dincliyi pozulub.


Məhkəmə baxışı zamanı Ömər Çolaqov ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxs isə ifadəsində deyib ki, musiqi sifarişi verdikdən sonra tanımadığı şəxs ona yaxınlaşaraq təhqiramiz ifadələr işlədib, daha sonra isə onu yerə yıxaraq döyüb.


Qeyd: Ömər Çolaqov daha əvvəl Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək 4 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Kamal Məmmədov 

Tarix: 24 Dekabr 2025, 09:50   
Seçilən
91
50
pravda.az

10Mənbələr