Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İsrafil Əsədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttiham aktına əsasən, İsrafil Əsədov Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində, “Piano” restoranının arxa hissəsində zərərçəkmiş Uğur Kərimlini (adı, soyadı şərtidir) qəsdən xəsarət yetirib.
Belə ki, tərəflər arasında zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin başına qoyduğu ağ rəngli yeni kepka papağı ilə bağlı etdiyi zarafat səbəbindən şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı İsrafil Uğurun sağ göz nahiyəsinə yumruqla bir dəfə zərbə endirib.
Nəticədə zərərçəkmiş şəxsə sağ göz orbitasının hematoması və gözün ağlı qişasında qansızma ilə müşayiət olunan xəsarətlər yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.
Məhkəmə istintaqı zamanı İsrafil Əsədov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxsi əvvəldən tanıdığını, aralarında normal münasibətlərin olduğunu deyib. Təqsirləndirilən şəxs hadisə zamanı əsəbiləşdiyini, anidən zərbə endirdiyini, sonradan törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını məhkəmənin diqqətinə çatdırıb.
Hadisənin qısa müddət ərzində, kənar şəxslər olmadan baş verdiyi müəyyən edilib.
Kamal Məmmədov