Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib ki, 1905-1907 və 1918-1920-ci illərdəki soyqırımlarla azərbaycanlıların Qərbi Azərbaycandakı məskunlaşmasını tam aradan qaldıra bilməyən ermənilər, 1947-ci ildə növbəti dəfə çirkin məqsədlərinə nail oldular.
QHT.az-a xəbər verir ki, onun sözlərinə görə, 23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Soveti "Azərbaycanlı kolxozçuların və digərlərinin Ermənistan SSRİ-dən Azərbaycan SSRİ-yə köçürülməsi haqqında" 4062 nömrəli qərar qəbul etdi:
"I. 1948-1950-ci illərdə əvvəlcə könüllü şəkildə Ermənistann SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına 100 min azərbaycanlı kolxozçu və digər əhali köçürülsün. Onlardan : 10 mini 1948-ci ildə, 40 mini 1949-cu ildə, 50 mini isə 1950-ci ildə köçürülsün.
2. Ermənistan SSRİ-nin Nazirlər Sovetinə Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülmüş azərbaycanlı əhalinin boş qalmış evlərinə Ermənistan SSRİ-yə başqa ölkələrdən köçürülmüş ermənilərin yerləşdirilməsinə icazə verilsin.
Hər nə qədər məkirli niyyətlərini kənd təsərrüfatının inkişaf etdirilməsi adı altında pərdələməyə çalışsalar da bu qərar əslində Ermənistanda yaşayan türk, müsəlman əhalinin tarixi torpaqlarından zorla və kütləvi deportasiyasının rəsmiləşdirilməsi idi. Deportasiya - dövləti cinayət əməli nəticəsində Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sayı xeyli azaldıldı, milli toponimlərimiz erməniləşdirildi, köç zamanı və ondan sonra əlverişsiz iqlim və yaşayış yeri səbəbindən minlərlə soydaşımız vəfat etdi".