“İrsin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətimizin və milli kimliyimizin ən fundamental prioritetlərindən biridir. Birmənalı şəkildə demək olar ki, müasir Azərbaycanda dövlət-din münasibətlərinin sivil, dünyəvi və milli dəyərlərə əsaslanan konseptual təməli Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır".
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.
Komitə sədri bildirib ki, Ulu Öndər Heydər Əliyev dövlət idarəçiliyinin ən mürəkkəb mərhələlərində böyük siyasi uzaqgörənliklə müəyyən etmişdi ki, müstəqilliyini bərpa etmiş xalqın birliyini təmin edən əsas amillərdən biri milli-mənəvi dəyərlərə və tarixi köklərə qayıdışdır: “Bu yanaşma konyuktur xarakter daşımır, hüquqi əsaslara söykənən, ardıcıl və prinsipial bir siyasətdir. Din azadlığı Konstitusiyada yalnız formal hüquq kimi deyil, real və təminatlı bir dəyər kimi təsbit olunub".
Ramin Məmmədov vurğulayıb ki, Azərbaycanda din dövlət idarəçiliyinin alətinə çevrilmir, eyni zamanda dövlət də dinə qarşı laqeyd mövqe tutmur: “Bütün dini konfessiyalar qanun qarşısında bərabər hüquqlara və imkanlara malikdir. Bu prinsip dövlətimizin vicdan azadlığına verdiyi ali dəyərin bariz ifadəsidir".
O qeyd edib ki, Ulu Öndərin siyasi dühası sayəsində dünyəvi dövlət quruluşu ilə mənəvi dəyərlər arasında balanslı və üzvi vəhdət yaradılıb: “Bu modeldə din dövlətdən ayrı olsa da, cəmiyyətin mənəvi sağlamlığının və ictimai harmoniyanın ayrılmaz tərkib hissəsi kimi qəbul olunur. Hər bir vətəndaşın dini etiqad azadlığı Konstitusiya səviyyəsində qorunur və tolerantlıq mühitinin möhkəm təməli formalaşdırılıb".
Komitə sədri əlavə edib ki, Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə daha da zənginləşdirilib: “Bu gün Azərbaycan dünya miqyasında multikulturalizm mərkəzi və sivilizasiyalararası dialoq platforması kimi tanınır. Dini abidələrin bərpası və inşası dövlətimizin öz keçmişinə və gələcəyinə sadiqliyinin parlaq nümunəsidir".
Ramin Məmmədov bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunu da vurğulayıb: “Fondun xətti ilə ölkə daxilində və beynəlxalq miqyasda onlarla tarixi-dini abidə bərpa edilib, yeniləri inşa olunub. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscid və məbədlərin bərpası mənəvi bütövlüyümüzün sarsılmazlığını bir daha təsdiqləyir”.
O bildirib ki, Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsləri, o cümlədən “Mənəvi dəyərlər” həftəsi gənclərin milli kimlik və tarixi irsə bağlılığının gücləndirilməsinə xidmət edir: “Alban-Udi xristian icmasının üzvlərinin azad edilmiş ərazilərdəki qədim ibadətgahlara səfərləri də göstərir ki, Azərbaycan dövləti bu torpaqlardakı bütün dini irsi eyni dərəcədə doğma hesab edir".
Komitə sədri Prezidentin ötənilki müraciətində din xadimlərinə ünvanlanan mesajlara da toxunaraq bildirib ki, din xadimləri cəmiyyətdə yalnız ibadət rəhbərləri deyil, eyni zamanda mənəvi dəyərlərin daşıyıcılarıdır: “Mənəvi-əxlaqi tərbiyənin gücləndirilməsi çağırışı qloballaşma və dəyər aşınması fonunda xüsusi əhəmiyyət kəsb edir və bu, dünyəvi dövlətçilik prinsipləri ilə tam uzlaşır".
Ramin Məmmədov çıxışının sonunda qeyd edib ki, yüzlərlə dini qurumun və müxtəlif konfessiyaların bərabər şəraitdə fəaliyyəti Azərbaycanın tolerant və demokratik imicini beynəlxalq aləmdə möhkəmləndirir: “Azərbaycanın dövlət-din münasibətləri modeli bu gün beynəlxalq müstəvidə sülh və qarşılıqlı hörmət nümunəsi kimi təqdim olunur və bu istiqamətdə nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq davam etdirilir".