AZ

Gənc qalmaq istəyirsinizsə, bu qidadan çox yeməyin

Cənubi Kaliforniya Universitetində uzunömürlülük üzrə araşdırmaları ilə tanınan alim Dr. Valter Longo sağlam qocalmanın əsas şərtlərindən birinin qidaların miqdarına nəzarət olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, faydalı hesab edilən bəzi qidalar belə normadan artıq istehlak edildikdə sağlamlıq üçün risk yarada bilər. Bu qidalardan biri də balıqdır.

Cənubi Kaliforniya Universitetinin Uzunömürlülük İnstitutunun direktoru olan Dr. Longo qeyd edir ki, müasir dünyada orta ömür uzunluğu təxminən 80 ildir və bu müddəti uzatmaq düzgün həyat tərzi ilə mümkündür. Daimi fiziki aktivlik və balanslı qidalanma vacib olsa da, bəzi qidaların miqdarı onların tərkibi qədər önəmlidir. Longo balığın pəhrizdən tam çıxarılmasını tövsiyə etmir, lakin həftədə iki və ya üç porsiya ilə kifayətlənməyi məsləhət görür.

Onun uzunömürlülük yanaşması əsasən bitki mənşəli qidalanmaya söykənir və az miqdarda balıqla tamamlanır. Bu modelə görə, həddindən artıq balıq istehlakı faydadan çox zərər verə bilər.

Dr. Longo omeqa-3 və omeqa-6 yağ turşuları, eləcə də B12 vitamini baxımından zəngin olan balıq növlərinə üstünlük verilməsini tövsiyə edir. Qızılbalıq, sardina, hamsi, alabalıq və treska kimi növlər faydalı hesab edilsə də, balıq seçərkən civə səviyyəsi aşağı olan növlərə diqqət yetirilməlidir.

Elmi tədqiqatlar omeqa-3 ilə zəngin balıqların beyin fəaliyyətini dəstəklədiyini və ürək-damar xəstəlikləri riskini azaltdığını göstərir. Bununla yanaşı, mütəxəssislər balığın həddindən artıq istehlakının da təhlükəli ola biləcəyini vurğulayırlar.

Britaniya Milli Səhiyyə Sistemi bildirir ki, bəzi balıq növləri civə kimi zərərli maddələr ehtiva edə bilər. Civənin yüksək miqdarda qəbulu yaddaş problemləri, nevroloji pozuntular və digər ciddi sağlamlıq riskləri yarada bilər. Bu səbəbdən xüsusilə hamilə qadınlara, hamiləlik planlayanlara və ana südü verən analara yağlı balıqları həftədə iki porsiyadan artıq yeməmək tövsiyə olunur.

Mütəxəssislər balığın faydalı olduğunu, lakin porsiya nəzarətinin vacib şərt olduğunu bildirirlər. Sağlam və gənc qalmağın sirri tək bir qidada deyil, balanslı və ölçülü qidalanmadadır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
17
e-saglam.az

1Mənbələr