AZ

Ramin Məmmədov: “Ölkəmizdə din siyasəti beynəlxalq normalara əsaslanır”

“Bugünkü tədbirimiz 2024-cü ildə təməli qoyulmuş mühüm bir ənənənin məntiqi davamı olmaqla yanaşı, dövlət-din münasibətlərinin sağlam və davamlı inkişaf xəttinin bariz göstəricisidir”.

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunun açılış mərasimində deyib.

O bildirib ki, geridə qalan dövr aydın şəkildə göstərdi ki, cənab Prezident tərəfindən vurğulanan hədəflər sistemli və davamlı fəaliyyət üçün mükəmməl yol xəritəsidir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ötən il keçirilmiş Forumun iştirakçılarına müraciəti ideoloji məzmun və konseptual mahiyyətinə görə bir neçə vacib istiqaməti əhatə edirdi.
 

Məhz həmin müraciətdə ifadə olunan strateji hədəflər ötən bir il ərzindəki fəaliyyətimizə istiqamət vermiş və bizi bugünkü Forumu təşkil etməyə ilhamlandırmaqla yanaşı, onun gündəliyini də müəyyənləşdirmişdir. Geridə qalan dövr aydın şəkildə göstərdi ki, cənab Prezident tərəfindən vurğulanan hədəflər sistemli və davamlı fəaliyyət üçün mükəmməl yol xəritəsidir və bundan sonra da atacağımız addımlarda əsas istinad nöqtəsi olmalıdır.


Müraciətin verdiyi əsas mesajlardan biri bundan ibarət idi ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini fərqliliklərə hörmətlə yanaşan ölkədir. Bizim Vətənimiz tarixən müxtəlif sivilizasiyaların qovuşduğu, fərqli etnosların və dinlərin bir ailə kimi, qarşılıqlı hörmət və sevgi şəraitində yaşadığı nadir mənəviyyat mərkəzlərindən biri olub”.

O qeyd edib ki, bu coğrafiyada tolerantlıq hər bir azərbaycanlının mənəvi dünyasına həkk olunmuş həyat tərzidir:

“Qədim Qafqaz Albaniyasından bizə miras qalan məbədlər, İslamın gəlişi ilə mənəvi dünyamızın formalaşmasına güclü təsir göstərən əzəmətli minarələr, sinaqoqlar və kilsələr vahid, bölünməz və zəngin mənəvi irsimizin əsas dayaqlarıdır. İkinci vacib mesaj bundan ibarət idi ki, ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara əsaslanır.
 

Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi nailiyyətlərlə deyil, eyni zamanda sarsılmaz mənəvi dayaqlara, inanc və vicdan azadlığına hörmət və sadiqlik prinsiplərinə söykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir. Sahib olduğumuz dövlət-din münasibətləri modeli hüquqi müstəvidə tənzimlənən sistem olmaqla yanaşı, xalqımızın min illər ərzində formalaşan, tarixin ən çətin sınaqlarından keçərək cilalanan yüksək mədəniyyətinin, dözümlülüyünün və humanist dünyagörüşünün əyani təzahürüdür.


Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətimizin və milli kimliyimizin ən fundamental prioritetlərindən biridir”.

Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
33
bizim.media

1Mənbələr